ABŞ Prezidenti Donald Trampın İranla mümkün razılaşmanın yaxın olduğu barədə ardıcıl açıqlamalarına və BMT-nin Yaxın Şərqdə gərginliyin azaldılması ilə bağlı çağırışlarına baxmayaraq, Vaşinqton və Tehran arasında yekun razılığın əldə olunması hələ də sual altındadır. Tərəflər arasında danışıqlar davam etsə də, əsas məsələlər üzrə fikir ayrılıqları qalmaqdadır.
Əhməd Şahidov bildirib ki, hazırkı mərhələdə ABŞ və İran arasında aparılan danışıqlar faktiki olaraq dalana dirənib: “Donald Tramp dəfələrlə razılaşmanın yaxın olduğunu bəyan etsə də, prosesin nəticələrinə baxdıqda bunun daha çox siyasi optimizm olduğu görünür. Tərəflər nüvə proqramı, sanksiyalar və regional təhlükəsizlik məsələlərində ortaq mövqeyə gələ bilmirlər. Bu səbəbdən yaxın perspektivdə hər hansı ciddi razılaşmanın əldə olunacağı inandırıcı görünmür.”
Əhməd Şahidov qeyd edib ki, regionda müşahidə olunan hərbi-siyasi gərginlik də diplomatik səylərin uğur qazanmasını çətinləşdirir: “BMT-nin son çağırışları vəziyyətin nə qədər həssas olduğunu göstərir. Hazırda tərəflər arasında etimad böhranı mövcuddur və bu amil danışıqların irəliləməsinə mane olur. Mövcud reallıq onu göstərir ki, yaxın dövrdə ABŞ və İran arasında sülh razılaşması və ya hərtərəfli anlaşma perspektivi görünmür.”




