Hörmüz boğazı ətrafında davam edən gərginlik və beynəlxalq gəmiçiliyin təhlükəsizliyi ilə bağlı narahatlıqlar qlobal enerji bazarlarında ciddi risklər yaradır. NATO Hərbi Komitəsinin rəhbəri Cüzeppe Kavo Draqonenin alyans ölkələrinin qüvvələrini bölgəyə yaxınlaşdırması ilə bağlı açıqlaması Yaxın Şərqdəki vəziyyətin yeni mərhələyə keçə biləcəyi ehtimallarını gündəmə gətirib.
ARB24 Televiziyasının “Gündəm” verilişinin qonağı olan siyasi şərhçi Əhməd Şahidov bildirib ki, Hörmüz boğazı ətrafında yaranmış vəziyyət artıq yeni beynəlxalq gücləri də prosesə müdaxilə etməyə vadar edir: “ABŞ Prezidenti Donald Trump müharibənin ilk günlərində NATO ölkələrinə çağırış etsə də, alyans üzvləri Yaxın Şərqdəki münaqişənin NATO-nun məsuliyyət zonasına aid olmadığını bildirirdilər. Lakin zaman keçdikcə Hörmüz boğazının bağlı qalması dünya enerji bazarına mənfi təsir göstərməyə başlayıb. Beynəlxalq yük daşımaları, enerji təminatı və Körfəz ölkələrindəki kritik vəziyyət Avropanın və bütövlükdə Qərbin enerji təhlükəsizliyini risk altına salır. Bu səbəbdən NATO üzvü olan dövlətlər artıq mümkün hərbi toqquşma ssenarilərinə hazırlaşırlar”.
Əhməd Şahidovun sözlərinə görə, İran son həftələr havadan müdafiə sistemlərində ciddi texnoloji yeniliklər tətbiq edir: “ABŞ-a məxsus F-15 qırıcı təyyarəsinin İran səması üzərində vurulması göstərir ki, Tehran öz havadan müdafiə imkanlarını əhəmiyyətli dərəcədə gücləndirib. Bu prosesdə Çin istehsalı olan müasir müdafiə sistemlərinin rol oynadığı barədə qiymətləndirmələr mövcuddur. Bu isə Çinin dolayısı ilə İran ətrafında baş verən proseslərdə Tehrana dəstək verməsi ilə bağlı fikirləri gücləndirir. Belə bir vəziyyətdə NATO ölkələrinin hərbi əməliyyatlara qoşulması riski daha genişmiqyaslı qarşıdurmaya səbəb ola və böyük güclər arasında rəqabəti yeni mərhələyə keçirə bilər”.
Əhməd Şahidov əlavə edib ki, əgər İran tərəfindən hər hansı NATO üzvü ölkəyə raket hücumu həyata keçirilsə və ya NATO ölkələrinin bayrağı altında üzən gəmilər Hörmüz boğazında hücuma məruz qalsa, bu, alyansın İrana qarşı hərbi əməliyyatlara başlaması üçün əsas kimi istifadə oluna bilər: “Hazırda belə bir risk açıq şəkildə görünmür, çünki danışıqlar davam edir. Pakistanın vasitəçiliyi ilə ABŞ və İran arasında təmaslar sürür. Tərəflərin mövqeləri hələlik kifayət qədər sərtdir, lakin dialoqun davam etməsi müəyyən ortaq məxrəcə gəlmək imkanını saxlayır. Bununla yanaşı, hərbi əməliyyat planları da gündəmdə qalır və vəziyyət istənilən an yenidən gərginləşə bilər”.






