Fransanın Strasburq şəhərində keçirilən Avropa Şurası Parlament Assambleyasının Yaz Sessiyası başa çatıb. Ötən həftə keçirilən iclaslarda Avropanın təhlükəsizlik gündəliyində mühüm yer tutan məsələlər, o cümlədən Yaxın Şərqdə vəziyyət və İranla bağlı müzakirələr diqqət mərkəzində olub. Sessiya çərçivəsində aparılan debatlar regionda artan gərginlik fonunda Avropanın yanaşmasını bir daha gündəmə gətirib.
Siyasi şərhçi Əhməd Şahidov ARB24 Televiziyasına açıqlamasında bildirib ki, AŞPA-da keçirilən müzakirələr zamanı İran məsələsi ətrafında fərqli və ziddiyyətli mövqelər səslənib: “Bir qrup deputat İranı Yaxın Şərqdə gərginliyin əsas səbəblərindən biri kimi təqdim edir və Tehrana qarşı daha sərt yanaşmanın tərəfdarıdır. Digər tərəf isə hesab edir ki, İranla dialoq saxlanılmalı və xüsusilə təhlükəsizlik məsələlərində əməkdaşlıq imkanları qorunmalıdır.”
Əhməd Şahidovun sözlərinə görə, bu debatlar yalnız AŞPA daxilində deyil, ümumilikdə Avropa siyasi məkanında da vahid mövqenin formalaşmadığını göstərir: “Bu gün Avropada Yaxın Şərq və İran siyasəti ilə bağlı ortaq strategiya yoxdur. Bu isə həm qəbul olunan qərarların effektivliyini azaldır, həm də regiondakı proseslərə təsir imkanlarını məhdudlaşdırır.”




