Rusiya Ermənistanda seçki sonrası hibrid destabilizasiya yaratmağa çalışır – Əhməd Şahidov ARB24 Televiziyasına danışıb

Ermənistanda 7 iyun parlament seçkilərindən sonra ölkədaxili siyasi proseslər və xarici təsir amilləri diqqət mərkəzindədir. Nikol Paşinyanın rəhbərlik etdiyi siyasi qüvvənin seçkilərdə qələbə qazanmasına baxmayaraq, Ermənistanın gələcək siyasi kursu, Rusiya ilə münasibətləri və Azərbaycan-Ermənistan sülh prosesinin perspektivləri ətrafında müzakirələr davam edir.

Siyasi şərhçi Əhməd Şahidov ARB24 Televiziyasına açıqlamasında bildirib ki, seçkilərin nəticələri Ermənistan cəmiyyətində Qərbə inteqrasiya meyllərinin gücləndiyini göstərsə də, Moskva bu prosesləri narahatlıqla izləyir: “Rusiya Cənubi Qafqazda mövqelərinin zəifləməsini qəbul etmək istəmir. Bu səbəbdən Ermənistanda müxtəlif siyasi, informasiya və iqtisadi təsir mexanizmləri vasitəsilə təzyiq siyasəti həyata keçirilir. Hazırda Rusiyanın əsas məqsədi ölkədə hibrid destabilizasiya mühiti formalaşdırmaq və Paşinyan hakimiyyətinin manevr imkanlarını məhdudlaşdırmaqdır”.

Siyasi şərhçi Əhməd Şahidovun sözlərinə görə, qarşıdakı dövrdə Ermənistanın daxili sabitliyi Azərbaycan-Ermənistan münasibətlərinə də birbaşa təsir göstərəcək: “Paşinyan hökumətinin qarşısında konstitusiya islahatları, sülh müqaviləsinin perspektivləri və yeni geosiyasi reallıqlara uyğunlaşmaq kimi mürəkkəb vəzifələr dayanır. Əgər Ermənistan daxilində siyasi qarşıdurma dərinləşərsə, bu, sülh prosesinin ləngiməsinə səbəb ola bilər. Buna baxmayaraq, regionda davamlı sabitliyin təmin olunması üçün dialoq və qarşılıqlı anlaşma xəttinin qorunması vacibdir”.