AŞPA`nın yaz sessiyası qlobal böhranların müzakirəsi ilə yekunlaşdı – hüquq müdafiəçisi Əhməd Şahidov şərh edib


Fransanın Strasburq şəhərində keçirilən Avropa Şurası Parlament Assambleyasının yaz sessiyası aprelin 24-də başa çatıb. Sessiya çərçivəsində Avropa deputatları bir sıra mühüm beynəlxalq məsələləri müzakirə ediblər. Həftə ərzində Yaxın Şərqdə vəziyyət, İran ətrafında artan gərginlik, İsrailin Qəzza zolağında törətdiyi hərəkətlər, eləcə də davam edən Rusiya–Ukrayna müharibəsi əsas mövzular olub. Bundan əlavə, beynəlxalq terrorizm, insan haqları, demokratik proseslər və qlobal təhlükəsizlik çağırışları da gündəmdə yer alıb.

Sessiyanın nəticələrini şərh edən Əhməd Şahidov bildirib ki, Strasburqda aparılan müzakirələr beynəlxalq hüququn zəifləməsi və güc siyasətinin ön plana çıxması ilə bağlı narahatlıqları bir daha ortaya qoydu. O qeyd edib ki, bir çox Avropa deputatları bu tendensiyanı açıq şəkildə etiraf edir və bunun həm Avropa, həm də qlobal nizam üçün ciddi təhlükə yaratdığını vurğulayırlar. Onun sözlərinə görə, belə platformalarda səsləndirilən fikirlər yalnız bəyanat səviyyəsində qalmamalı, real siyasi addımlarla müşayiət olunmalıdır.

Əhməd Şahidov həmçinin Azərbaycanın son illərdə AŞPA sessiyalarında iştirak etməməsi məsələsinə də toxunaraq mövcud vəziyyətlə bağlı təəssüfünü ifadə edib. O bildirib ki, Azərbaycana qarşı irəli sürülən bəzi tələblər ədalətsiz və beynəlxalq hüquqa ziddir, lakin insan haqları və demokratiya sahəsində müəyyən irəliləyişlərə ehtiyac var. Şahidov vurğulayıb ki, konstruktiv dialoq və qarşılıqlı əməkdaşlıq Azərbaycanın AŞPA`da iştirakının bərpasına şərait yarada bilər.