Azov dənizində Türkiyədən Rostov-na-Donu istiqamətində hərəkət edən iki yük gəmisinə pilotsuz uçuş aparatları ilə edilən hücum nəticəsində beş Azərbaycan vətəndaşı həlak olub. Xarici bayraqlar altında fəaliyyət göstərən gəmilərdə çalışan azərbaycanlı dənizçilərin ölümü ölkə ictimaiyyətində ciddi narahatlıq doğurub. Hadisə ilə bağlı araşdırmalar davam edir.
Siyasi şərhçi Əhməd Şahidov ARB24 Televiziyasına açıqlamasında bildirib ki, Azərbaycan vətəndaşlarının xarici münaqişə zonalarında həyatını itirməsi ölkəmiz üçün arzuolunmaz haldır: “Bu faciə bir daha göstərir ki, beynəlxalq münaqişələr və müharibələr təkcə həmin ölkələrin deyil, müxtəlif dövlətlərin vətəndaşlarının da həyatına təhlükə yaradır. Azərbaycan vətəndaşlarının bu cür riskli bölgələrdən mümkün qədər uzaq durması vacibdir”.
Əhməd Şahidov qeyd edib ki, Azərbaycan vətəndaşları beynəlxalq münaqişələrdə və hərbi qarşıdurmalarda heç bir ölkənin tərəfində iştirak etməməlidirlər: “Bizim hamımızın bir vətəni var – Azərbaycan Respublikası. Dövlət qurumları profilaktik tədbirləri daha da gücləndirməli, vətəndaşlarla və onların ailələri ilə maarifləndirici iş aparmalıdır. Məqsəd ondan ibarət olmalıdır ki, Azərbaycan vətəndaşları aktiv hərbi əməliyyatların getdiyi bölgələrdən uzaq dursun, xarici münaqişələrə cəlb olunmasın və öz təhlükəsizliklərini risk altına atmasınlar”.


