“Son 20 ildə hər şey dəyişib”

Əhməd Şahidov: “Kimin Harvardda, kiminsə Bakıda oxumasından asılı olmayaraq, hər bir şəxs etdiyi əmələ görə, cavab verməlidir”
Müsahibimiz Rusiya Prezidenti yanında Dövlət İdarəçiliyi Akademiyasının tələbəsi, filologiya üzrə fəlsəfə doktoru, millət vəkili köməkçisi Əhməd Şahidovdur
– Gələcəyimiz adlandırılan gənclər ölkəmizin inkişafı naminə hər hansı bir xeyirli iş görə bilirmi?
Hər bir ölkənin gələcəyi onun gəncləridir. Ölkənin qüdrəti, iqtisadi, siyasi və hərbi potensialı gənclərin mənəvi əxlaqının, intellektual səviyyəsinin və vətənpərvərlik ruhunun göstəricisindən birbaşa asılıdır. Təbii ki, bugün Azərbaycanın nəinki regionun, habelə bütün dünyanın inkişaf etməkdə olan ölkəsinə çevrilməsinin bir səbəbi də onun savadlı, istedadlı və vətənpərvər gənclərə malik olmasıdır. Və bu gənclərə İlham Əliyev kimi gənc və uzaqgörən bir siyasətçinin rəhbərlik etməsi ölkəmizin daha mətin addımlarla inkişaf etməsini şərtləndirir.

Konkret olaraq, onu deyə bilərəm ki, bugün ölkəmizdə onlarla gənclər təşkilatları, cəmiyyətlər, ayrı-ayrı fəal gənclərimiz var ki, onlar gündəlik həyatlarında Azərbaycanın milli maraqları naminə çalışır, beynəlxalq aləmdə ölkəmizin haqq səsinin ucalması istiqamətində çiddi işlər aparırlar. Bugün siyasətlə məşğul olan gənclərimiz, millət vəkili olan gənclərimiz var ki, onların gördüyü işlərin məğzi elə Azərbaycanın bugünkü inkişafına birbaşa xidmət etməkdir.

– Ölkəmizdə gənclər siyasətinin inkişaf etdiyi dövrdə bəzi gənclərimizin mənfi qüvvələrin təsiri altına düşməməsi üçün sizcə hansı işlər görülməlidir?

Çox ağrılı məqama toxundunuz. Təəssüflər olsun ki, bugün Azərbaycan gəncliyi bir yumruq ola bilməmişdir. Bir qisim gənclərimiz xarici dövlətlərin, xüsusən də İran, ABŞ və Avropanın təsiri altına düşüblər. Konkret olaraq, dindar gənclərimiz sırf dinlə deyil, din pərdəsi altında İranın siyasətini, ələxsus da bölücü siyasətini Azərbaycanda yeridirlər. Digər bir qisim isə ABŞ və Avropadan əsən küləyin bir parçası kimi ölkədə milli-mənəvi dəyərlərə zidd bir həyat tərzi təbliğ edir və buna da “demokratiya” damğası qoyurlar. Üçüncü, dördüncü qisim gənclərimiz var ki, onlar da hansısa cılız ideologiyaların əsirinə çevriliblər. Və bundan nəinki Azərbaycana, heç özlərinə də bir xeyir gəlmir və gələ də bilməz.

Bəs bütün bunlara qarşı mübarizə aparmaq üçün hansı işlər görülməlidir sualına cavab olaraq, bildirim ki, ilk növbədə gənclərlə bağlı siyasətin əhatəsi daha da genişləndirilməli və bu siyasət siyasi, dini baxışlarından asılı olmayaraq, bütün gənclərə şamil olunmalıdır. Azərbaycanda heç bir gənc özünün bu və ya digər formada diskriminasiya olunmasını hiss etməməlidir və çoxluqdan küsüb hansısa zərərli cərəyanlara və düşərgələrə qoşulmamalıdır. İkincisi, cəmiyyətdə bütöv bir “Azərbaycançılıq” təbliğatı gücləndirilməlidir. Əsası mərhum prezidentimiz Heydər Əliyev tərəfindən qoyulmuş bu ideologiyanın var gücü ilə hərtərəfli reallaşması üçün bütün resurslar səfərbər edilməlidir. Orta məktəblərdə, universitetlərdə, mədəniyyət mərkəzlərində bütün təbliğat bu istiqamətdə aparılmalıdır. Sıravi Azərbaycan vətəndaşı özünü bu torpağın tamhüquqlu vətəndaşı kimi hiss etməlidir. Hansısa narazıçılıq olanda başqa dövlətlərə, xarici səfirlik və ya beynəlxalq təşkilatlara deyil, elə özümüzə müraciət etməlidir. Burada milli şüurun da formalaşması böyük əhəmiyyət kəsb edir. Vətəndaşlarımız özünüdərk etməlidirlər.

– Gənclərin fəallığı sosial şəbəkələrdə daha çox görünür. Bu virtual fəallıq sizcə gəncliyə nə verir?

Bilirsiniz, sosial şəbəkələr Azərbaycanda populyarlaşdıqca, cəmiyyətdə olan mənfiliklər, iyrəncliklər ortaya çıxır. Sosial şəbəkələrdəki insanların sayca çoxluğu əslində ilk baxışdan belə görünür. Misal üçün, Facebook rəhbərliyinin rəsmi açıqlamalarına görə, Azərbaycanda 500 mindən çox Facebook istifadəçisi var, amma mən bu rəqəmi təxminən 3 dəfə azalda bilərəm. Çünki, hamımız yaxşı bilirik ki, əksər şəxslərin Facebookda 2 və ya 3 səhifəsi var. Heç bir məşğuliyyəti olmayan, cəmiyyətdə heç bir çəkisi və hörməti olmayan avara gənclərimiz isə nəinki öz adlarına, hətta saxta adlarla qeydiyyatdan keçərək, onlarla Facebook səhifəsi işlədirlər. Bundan isə müxtəlif müzakirələr düşəndə, siyasi polemikalar zamanı gen-bol istifadə olunur və yalançı kütləvilik təsəvvürü yaradılır. Bu, saxtakarlıqdan başqa bir şey deyil. Bu metoddan əsasən müxalifət yönümlü gənclər istifadə edirlər. Özlərinin  pafoslu ideyalarını təbliğ edərkən guya “yüzlərlə gənc bizi dəstəkləyir, xalq bizimlədir” təsəvvürü yaratmaq üçün bucür cılız vasitələrdən istifadə olunur. Əslində isə həmin qüvvələrin arxasında heç yüz nəfər də insan potensialı dayanmır. Buna sübut olaraq, Facebookda yaradılmış hansısa tədbirə dəvət səhifələrini misal göstərmək olar. Həmin səhifəyə minlərlə insan üzv olur və tədbirə qatılacaqlarını bildirirlər. Tədbir vaxtı isə görürsən ki, 20-30 nəfər iştirak edir. Bu da sizin sualınıza mükəmməl cavab!

– İnternet insanlarda hansı dəyişikliklərə səbəb olub?

İnternet bəşəriyyətin ən mükəmməl kəşflərindən sayılır. İnsanlar həyatlarının bütün sahələrində rahatlığa və keyfiyyətə nail olublar. İnsanlar arasında ünsiyyətin asanlaşmasına, istənilən informasiyaların rahatlıqla tapılmasına, bu və ya digər xəbəri qısa zaman ərzində geniş auditoriyaya çatdırmaqda internetin rolu əvəzsizdir. Bugün internet bir çox insanların, o cümlədən mənim həyatımın mənasına çevrilmişdir. Açığını desəm, mən internetsiz yaşaya bilmərəm. Amma unutmaq olmaz ki, internetin zərərli tərəfləri də var ki, bunlardan da çalışdığımız qədər uzaq durmağımız məsləhətdir.

– Doğrudanmı yazışmaqla ünsiyyətdə olmaq, özünü ifadə etmək gənclər üçün daha asandır?

İnternetdə təkcə yazışmaq yox, həm də səsli və görüntülü ünsiyyət qurmaq mümkündür. İnternet ünsiyyət və özünü ifadəni çox asanlaşdırıb. Təsəvvür edin ki, mən bir yazı yazıram, şəxsi saytıma yerləşdirirəm, sosial şəbəkədəki səhifəmdə paylaşıram, üstündən 1 saat keçdikdən sonra Türkiyədən və Rusiyadan dostlarım, qohumlarım zəng edir və məqaləmə münasibətlərini bildirirlər. İnterneti kəşf etməmişdən bunu bacara bilərdimmi?! Əlbəttə ki, yox.

– Müstəqilliyi gənc olan bu ölkənin gəncləri üçün son 20 ildə nə dəyişdi?

Son 20 ildə hər şey dəyişib, ölkəmiz inkişaf edib, şəhərlərimiz gözəlləşib, yeni-yeni tikililər inşa edilib. Həyat səviyyəmiz daha da yüksəlib, yaşayış səviyyəmiz çox rahatlaşıb, gənclərimiz indi azad, müstəqil və demokratik bir cəmiyyətdə yaşayırlar. Savadlı, intellektual və istedadlı gənclərimizin qarşısında geniş perspektivlər açılıb. İndi dünyanın bütün ölkə və şəhərlərində azərbaycanlılara, xüsusən də gənc həmyerlilərimizə rast gəlmək mümkündür. İndi gənclərimizin xaricdə təhsil alması üçün geniş imkanlar var, dövlət bu istiqamətdə ciddi işlər görür.

– Azərbaycan gəncliyi ölkənin ictimai-siyasi həyatında, vətəndaş cəmiyyəti və dövlət quruculuğu prosesində nə dərəcədə fəal iştirak edir?

Əvvəla onu qeyd edim ki, ölkə başçısının hələ gənc yaşlarında aktiv siyasətə qoşulması məndə Azərbaycanın gələcəyi barədə xoş ümidlər yaratmışdı. Əmin idim ki, bu ölkənin sükanında məhz gənclər olacaq. Bu əminlik indi də məni tərk etməyib. Lakin bu, uzun sürən bir proses olduğundan bir qədər vaxt aparmaqdadır. Buna baxmayaraq, bir sıra məmurlarımız, millət vəkillərimiz, dövlət qulluğunda çalışan şəxslər məhz gənclərdən ibarətdir. Mən özüm Milli Məclisdə çalışıram və oradakı işçilərin əksəriyyətinin gənclərdən ibarət olması məni çox sevindirir. Həqiqətən də Azərbaycanın çox istedadlı, intellektual gəncləri var.

– Gənclər arasında vətənpərvərlik təbliğatını necə qiymətləndirirsiz?  Sizcə, bu təbliğat qaneedici səviyyədədirmi?

Bilirsiniz ki, Azərbaycan müharibə şəraitindədir. Azərbaycan silahlı qüvvələrinin bugünkü gücü də heç kimə sirr deyil. Düşmən də etiraf edir ki, Azərbaycan ordusu güclüdür. Bu, gənclərimizin vətənpərvərlik ruhunun yüksək səviyyədə olmasından xəbər verir. Amma nəzərə almalıyıq ki, Azərbaycanın xarici siyasətində digər prioritet sahələr də mövcuddur. Biz iqtisadiyyatımızı da inkişaf etdirməliyik və təbliğatımızın bir hissəsi olaraq Azərbaycanın iqtisadi cəhətdən etibarlı ölkə olduğunu bəyan etməliyik. Biz Eurovision kimi nüfuzlu mahnı yarışmasına ev sahibliyi edirik və təbliğatımızda Azərbaycanın ictimai-siyasi cəhətdən sabit ölkə kimi təbliğ olunmasına da çalışmalıyıq. Odur ki, bütün sahələrdə təbliğat aparılır və düşünürəm ki, bu təbliğatın içində vətənpərvərlik ruhu də kifayət qədər aşılanır.

– Etiraf etmək lazımdır ki, hələ də gənclər bir sıra problemlərlə üzləşirlər və həmin problemlərin həllini arzulayırlar. Siz bir gənc kimi gənclərlə tez-tez ünsiyyətdə olursunuz. Bugünkü gəncliyin əsasən hansı problemləri ön plandadır?

Əvvəla onu deyim ki, bugün Azərbaycan gəncləri iki hissəyə bölünüb: mübariz, çalışqan və istedadlı gənclər bir düşərgədə, təhsilsiz, savadsız, dar düşüncəli gənclər isə başqa bir düşərgədədir. Hər iki gəncliyin özünəməxsus problemləri mövcuddur. Savadlı və istedadlı gənclərimiz cəmiyyətdə kifayət qədər özlərinə yer tuta biliblər. Bugün ən strateji yerlərdə xaricdə təhsil almış gənclərimiz təmsil olunurlar. Onlar üçün bütün şərait yaradılmaqdadır. Amma yenə problemlər olmamış deyil. İlk öncə, gənclərimizin mənzil problemidir ki, dövlətimiz də İpoteka Fondu vasitəsilə bu məsələni həll etməyə çalışır. Gənclərimizin yüksək vəzifələrdə daha çox təmsil olunmasıyla bağlı bir qədər çətinliklər mövcuddur. Düşünürəm ki, bu, zamanla öz həllini tapacaq. Bucür gənclər üçün başqa bir ciddi problem və ya baryer görmürəm. O ki qaldı, savadsız, təhsilsiz və qaragüruhçu gənclərimizə, onların ən böyük problemi elə özləri ilə bağlıdır. Əsasən müxalifət düşərgəsində təmsil olunan bu gənclər həyatda nail ola bilmədiklərinin, reallaşmayan arzularının qisasını cəmiyyətdən, konkret olaraq, həmyaşıdları olan istedadlı gənclərdən çıxmağa çalışırlar. Amma yenə düşünürəm ki, dövlətimiz həmin gənclərə də şərait yaratmalıdır ki, onlar özlərini realizə edə bilsinlər. Əks halda, həmin gənclər xarici qüvvələrin təsiri altına düşür, zərərli cərəyanlara qoşulur və ölkəmizin milli təhlükəsizliyi üçün ciddi təhlükəyə çevrilirlər.

– Heç bir siyasi görüşə bağlı olmayan, müstəqil mövqeyə malik bir gənc kimi bu gün sözdə “siyasi fəaliyytinə” görə həbsdə olan gənclik haqında nə düşünürsünüz? Yəni, doğrudanmı, onlar qəhrəmandılar?

Bu sual məni hər zaman düşündürür. Bayaq qeyd etdiyim ki, bəzi gənclərimiz zamanında təhsilə maraq göstərməmiş, ixtisas seçimində başısoyuqluq etmiş, valideyn himayəsindən kənarda qalmışlar və bunun bir növ intiqamını cəmiyyətdən çıxmağa çalışırlar. Nəticədə həmin gənclər istənilən təklifə, şirnikləndirici yola üz tutmaq məcburiyyətində qalırlar.

Təəssüflə qeyd etmək istəyirəm ki, bu gün Azərbaycanın gənc nəslinin əxlaq və dəyərlər sistemi müxtəlif dövlətlərin ideologiyaları tərəfindən işğal olunur. Hər il addım-addım gənc beyinlərin işğal faktını görür və izləyirik.

Təmiz, gənc beyinlər artıq 18 yaşa kimi zəbt olunur, işğala uğrayır. Dövlətimiz uşaqlarımızı gözəl məktəblərdə oxudur, yedizdirir, geyindirir, idmançı, rəssam, hüquqşünas, həkim kimi yetişməsi üçün milyonlarla vəsait xərcləyir. Lakin dövlətin vəsaiti ilə xaricə oxumağa göndərilən, mitinqlərə çıxaraq, polisə yumurta, daş atan, mənasını anlamadıqları “Azadlıq”, “Demokratiya” qışqıran uşaqlarımızı görəndə təəccüblənirsən. Bu uşaqlar Vətəninin nankor övladlarımıdır?! Məncə, xeyr! Bu məqamda hörmətli millət vəkilimiz Gülər Əhmədovanın bir sözü yadıma düşür. Gülər xanım Facebook sosial şəbəkəsində yazmışdı ki, “ərəb inqilabları bir daha sübut etdi ki, beyni, ürəyi boş, qarnıtox gənclər və uşaqlar hər bir dövlət üçün təhlükəlidir. Və eyni zamanda dövlətin düşmənləri üçün əla hədəf və ovdur.”

Bu mövqedən çıxış edərək bildirməliyəm ki, bugün bütün dünyaya “siyasi məhbus” kimi təqdim edilən gənclərin əksəriyyəti konkret olaraq, Azərbaycan qanunvericiliyini pozmuş şəxslərdir. Nəzərə alsaq ki, qanun qarşısında hamı bərabərdir, onda kimin Harvardda, kiminsə Bakıda oxumasından asılı olmayaraq, hər bir şəxs etdiyi əmələ görə, cavab verməlidir. Ortada konkret qanun pozuntusu varsa, bunu şişirtmək və ətrafında siyasi şou yaratmağa ehtiyac yoxdur. Lakin siyasi müxalifət başqa cür düşünür. Onlar düşünürlər ki, hər vəchlə rəqiblərinə şər, böhtan yaxmalı, özlərini daha mübariz, ədalətli və haqlı tərəf kimi təqdim etməlidirlər. Lakin zaman ən böyük ədalətdir. Və zaman öz sözünü həmişə deyir!

Müsahibəni götürdü Oqtay Hacımusalı

Bu yazını Facebookda şərh et