28 fevral 2026-cı ildən etibarən İran ətrafında baş verən hadisələr artıq açıq müharibə xarakteri alıb. Son həftələrdə ölkə daxilində yüksək rütbəli hərbçilərin və generalların ard-arda öldürülməsi, paralel olaraq geniş casus şəbəkəsinin aşkar edilməsi ilə bağlı xəbərlər yayılır. Eyni zamanda İranın İsrailə və regiondakı ABŞ hərbi obyektlərinə zərbələri davam edir və qarşılıqlı hücumlar getdikcə daha intensiv xarakter alır.
ARB24 Televiziyasına danışan siyasi şərhçi Əhməd Şahidov bildirib ki, baş verənlər İran daxilində ciddi təhlükəsizlik böhranının göstəricisidir: “Bir tərəfdən ölkə daxilində casus şəbəkəsinin ifşası, digər tərəfdən isə generalların hədəf alınması göstərir ki, İran bu müharibədə yalnız xarici cəbhədə deyil, daxildə də ciddi təzyiq altındadır. Bu, klassik müharibədən daha çox çoxşaxəli və mürəkkəb bir qarşıdurmadır.”
Əhməd Şahidov bildirib ki, proseslərin qısa müddətdə dayanacağı gözlənilmir: “Hazırkı mərhələdə tərəflər daha sərt addımlar atır və müharibənin miqyası genişlənir. İranın hücumlarının davam etməsi və regiondakı gərginliyin artması onu deməyə əsas verir ki, bu müharibə yaxın dövrdə bitməyəcək və Yaxın Şərq üçün daha ciddi nəticələr doğura bilər.”

