Yaxın Şərqdə, xüsusilə İranda baş verən müharibə beynəlxalq gündəliyin əsas mövzularından birinə çevrilib. Bu fonunda Ukrayna və Rusiya arasında ABŞ-ın vasitəçiliyi ilə aparılan sülh danışıqları da diqqət mərkəzindən kənarda qalmağa başlayıb. Son aylarda Əbu-Dabi və Cenevrədə bir neçə raund danışıqlar keçirilsə də, növbəti həftə Əbu-Dabidə planlaşdırılan görüşün taleyi hazırkı geosiyasi vəziyyət fonunda qeyri-müəyyən görünür.
Siyasi şərhçi Əhməd Şahidov ARB24 Televiziyasına açıqlamasında bildirib ki, Yaxın Şərqdə genişlənən müharibə ABŞ-ın diqqətini Ukrayna-Rusiya münaqişəsindən yayındırır: “Hazırda Vaşinqtonun bütün diqqəti və resursları İrandakı müharibəyə yönəlib. Bu səbəbdən ABŞ-ın Ukrayna və Rusiya arasında vasitəçilik missiyası faktiki olaraq passiv mərhələyə keçib və danışıqlar prosesi əvvəlki dinamizmini itirib”.
Əhməd Şahidovun sözlərinə görə, beynəlxalq gündəmdə prioritetlərin dəyişməsi Ukrayna-Rusiya müharibəsinin diplomatik həll prosesinə də təsir göstərir: “Yaxın Şərqdəki gərginlik və mümkün genişmiqyaslı müharibə ssenariləri Qərb paytaxtlarının diqqətini tamamilə həmin regiona yönəldib. Bu isə Ukrayna-Rusiya müharibəsinin müzakirəsini və sülh danışıqlarını müvəqqəti olaraq ikinci plana keçirir”.


