“ELMİMİZ DÜNYANIN NƏBZİNİ TUTMALIDIR”

Filologiya üzrə fəlsəfə doktoru Əhməd Şahidov: “Vətənə xidmət etmək təkcə əldə silah səngərdə dayanmaqla bitmir”
Elmin inkişafı yolunda bir çox addımların atıldığını deyirlər. Elmin İnkişafı Fondunun yaradılması da bu addımlardan biri hesab olunur. Siz necə hesab edirsiniz, bu fondun yaradılması elmin inkişafına töhfə verə bilirmi?
– Bildiyiniz kimi ölkə başçısı cənab İlham Əliyevin 21 Oktyabr 2009-cu il tarixli 526 saylı əmri ilə Azərbaycan Respublikası Prezidenti yanında Elmin İnkişafı Fondu yaradılmışdır. Bu fondun yaradılmasına qədər ölkəmizdə elm sahəsində bir sıra dövlət qurumları fəaliyyət göstərirdi, lakin müəyyən təşkilatsızlıq və paralel fəaliyyət tendensiyaları hiss olunmaqda idi. Bir alim öz elmi əsərini çap etmək və ya hər hansı ixtirasını həyata keçirmək üçün bir-neçə distansiyalara müraciət etmək məcburiyyətində qalırdı ki, bu da son anda həm vaxt itkisinə, həm də enerji itkisinə gətirib çıxardırdı. Lakin Elmin İnkişafı Fondunun yaradılmasından sonra bütün fəaliyyətlərin bir mərkəzdə cəmləşməsinə nail olundu. Artıq bu fond tərəfindən onlarla layihələr maliyyələşdirilir, alimlərimizin beynəlxalq konfrans və seminarlarda iştirakı üçün maliyyə ayrılır, onların elmi əsərləri çap olunur. Bu, artıq elmə diqqət və qayğı deməkdir. Biz alimlərə də məhz bu lazım idi.

Bir necə gün öncə BDU-nun rektoru elm və təhsilin birləşdirilməsi zərurətindən danışmışdı. Sizin bu məsələ ilə bağlı mövqeyiniz necədir?

– Hörmətli rektorumuz, millət vəkili Abel Məhərrəmovun bu açıqlaması ilə tanışam. Abel müəllim Təhsil Nazirliyinin adının Elm və Təhsil Nazirliyinə dəyişdirilməsinə tərəfdardır. Fikrini də onunla əsaslandırır ki, təhsil sistemində 1200-dən çox elmlər doktoru və professor var, onları kənarda qoymaq olmaz, ölkədə Elm və Təhsil Nazirliyi olmalıdır. Abel müəllimin fikirlərinə hörmətlə yanaşıram, lakin indiki şəraitdə bunun hansı məqsədlər üçün edildiyini və hansı müsbət nəticələr verəcəyini başa düşə bilmirəm. Nə fərqi var, iki qurum ayrı-ayrılıqda fəaliyyət göstərdi, yoxsa birləşib bir qurum adı altında çalışdı?! Onsuz da Azərbaycamda təhsil və elm müəssisələri bir-birilə sıx əməkdaşlıq şəraitində çalışırlar. Hər hansı universitetdə çalışan bir müəllim elmi fəaliyyətlə məşğul olmaq istədikdə, elm müəssisəsinə üz tutur, daha sonra təhsil müəssisəsində müzakirələrdən keçir, müdafiə edir və sairə. Elm və Təhsil Nazirliyi adlı qurum yaradıldıqda hansı fərqli mexanizm olacaq ki?! Yenə də eyni qaydalar tətbiq ediləcək. Məncə, bu təklif heç bir əsasa və arqumentə söykənmir. Əsas olan təhsilin və elmin keyfiyyətini artırmaq, dünya səviyyəsində qəbul edilən azərbaycanlı alimlər yetişdirməkdir.

Magistraturaya qəbul məqsədilə gənclərə hərbi xidmətdən möhlət hüququ verilməsi ilə bağlı müzakirələr gedir. Necə hesab edirsiniz, möhlət hüququnun verilməsi məqsədəuyğundurmu?

– Çox ağrılı və mübahisə doğuran məqama toxundunuz. Əlbəttə, məqsədəuyğundur. Düzdür, Azərbaycan hamımızın Vətənidir, onu qorumaq lazımdır. Amma hamı əsgər olacaq deyə, elmimizi axsada bilmərik axı. Həyatını elmə həsr etmək istəyən gənclərimiz, oğlanlar həqiqi hərbi xidmətdən azad olunmalıdırlar. Məncə, Vətənə xidmət etmək təkcə əldə silah səngərdə dayanmaqla bitmir. Alim də öz elmi kəşfləri, əsərləri ilə mənsub olduğu xalqa, bu Vətənə xidmət etmiş olur. O da həqiqətdir ki, hər hansı bir gənc hərbi xidmətə yollandıqdan sonra onun elmə və təhsilə marağı bir qədər azalır. Həmin marağı bərpa etmək üçün bir-neçə il lazım olur. Çünki, əsgərdən qayıdan bir oğlan hələ 5-6 ay əsgərlik xatirələrinin təsirindən çıxa bilmir. Yenidən həmin gənci universitet ab-havasına qaytarmaq üçün xeyli vaxt sərf olunur. Xanımlarımız isə elmə çox da maraq göstərmirlər. Əksəriyyət ailə qurduqdan sonra elmi fəaliyyətini dondurur. Bütün bu reallıqları nəzərə almaq lazımdır.

Azərbaycan Milli Elmlər Akademiyasının ləğvi ilə bağlı təkliflər səslənir. Bunu necə qiymətləndirirsiniz?

– Əvvəlki sualınızda qeyd etdiyim kimi, hər hansı qurumu ləğv etmək və ya birləşdirmək çıxış yolu sayıla bilməz. Əsas əldə olunan nəticələrdir. Adını nə istəyirsən, qoy, təki nəticə etibarilə yüksək göstərici əldə olunsun. Milli Elmlər Akademiyası uzun illər fəaliyyət göstərmiş və xeyli professor, akademik yetişdirmiş, Azərbaycan elminin nüvəsinə çevrilmiş bir qurumdur. İndi AMEA-nı ləğv etmək kimə və nəyə lazımdır?! Məncə, əhəmiyyətsiz bir fikirdir.

Azərbaycan elmin daha hansı sahələrinə diqqət yetirməlidir ki, faydası bizim üçün daha çox olsun?

– Məncə, Azərbaycan elmi müasir dünyanın tələbləri ilə ayaqlaşmalıdır, elmimiz dünyanın nəbzini tutmalıdır. İlk növbədə, kibernetika, kosmos və nüvə texnologiyalarına daha çox diqqət yetirilməlidir. Təəssüf hissi ilə qeyd etməliyəm ki, bugün AMEA-nın Kibernetika İnstitutunda kibernetikanı peşəkar səviyyədə bilən tək-tük şəxslər var. Əksəriyyət əvvəllər riyaziyyat və fizika müəllimi olmuş insanlardır. Bir şeyi başa düşməliyik ki, rizayiyyat kibernetika sayıla bilməz. Kibernetika daim inkişaf edən bir sahədir. Bugün istehsal edilən bir kompüter 6 aydan sonra artıq köhnəlir, əvəzinə ən yeni modellər satışa çıxarılır. Təsəvvür edin ki, Apple şirkəti Ipad planşeti istehsal edir, üstündən 1-2 il keçməmiş artıq Ipad 2 versiyalı planşetlər satışa çıxarılır. Bu, dünyanın tələbatı deməkdir. Və biz də bu tələbata uyğun elmimizi inkişaf etdirməliyik.

Azərbaycan bugün kosmos sahəsində dünya miqyaslı uğurlara imza atmaq iddiasındadır. Məncə, humanitar sahələrə ayrılan diqqətin bir qismi də məhz bu sahələrə ayrılmalıdır. İndiki şəraitdə sözə, sənətə, idmana xeyli qayğı göstərilir. Bir idmançı beynəlxalq yarışda qələbə qazandıqda onu qəhrəman kimi qarşılayırlar və ya muğam ifaçıları sənətkar kimi dəyərləndirilir və böyük hörmətlə qarşılanırlar. Bunlar çox gözəldir. Amma bu qayğı, diqqət və hörmətdən elm adamları da lazımınca təmin olunmalıdırlar. Məncə, belə olsa, Azərbaycan nəinki idman, musiqi və neft mərkəzi, habelə elm və təhsil paytaxtı kimi də tanınar.

Qaynar.info