Hər şeydən əvvəl Bakının “xeyir-duasını” almalıdır
“Türk iş adamlarının ermənilərlə biznes əlaqələri “iqtisadi möcüzə” vəd etmir”
Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası (BAXCP) İdarə Heyətinin 8 avqust 2011-ci il tarixli iclasının qərarına əsasən partiya növbəti müraciətini qardaş Türkiyə Cümhuriyyətinin vətəndaşlarına ünvanlayıb.
BAXCP-nin Türkiyə vətəndaşlarına ünvanladığı müraciətdə vurğulanır ki, müsəlman dövlətlərinin, əsasən də qardaş Türkiyənin və İranın Ermənistanla bütün ticari-iqtisadi əlaqələrə son qoyması işğalçı ölkənin sıxışdırılmasında önəmli rol oynaya bilər: “Bu gün kimsəyə sirr deyil ki, Ermənistanın ayaq üstə dayanmasının və işğala davam etməsinin əsas səbəblərindən biri də məhz bu ticari-iqtisadi əlaqələrin mövcudluğudur. Biz qardaş Türkiyənin və soydaşlarımızın ünvanına ittihamlar səsləndirməkdən çox uzağıq, ancaq hazırda Ermənistanda satılan sənaye və yeyinti məhsullarının məhz Türkiyə istehsalı olduğu da faktdır. Bu məhsullar Türkiyədən onminlərlə TIR-lar vasitəsilə Gürcüstan üzərindən birbaşa Ermənistana daşınır”.
Məktubda o da vurğulanır ki, bu gün onminlərlə Ermənistan vətəndaşı hava və quru nəqliyyatından istifadə etməklə, sərbəst şəkildə Türkiyə ərazisinə gəlir, burada qanunsuz əmək fəaliyyətilə məşğul olur və əldə etdikləri vəsaitləri öz ölkələrinə göndərirlər. Onların qanunsuz əmək fəaliyyətilə məşğul olmasına isə bəlli olmayan səbəblərdən göz yumulur. Müraciətdə deyilir ki, Türkiyə Ermənistanla sərhədlərini məhz Qarabağın işğalına görə bağlayıb. Lakin Türkiyə ilə Ermənistan arasında mövcud olan bu əlaqələr sərhədlərin bağlı qalmasının doğurduğu nəticələrin təsirini gündən-günə azaltmaqdadır.
BAXCP Türkiyə-Ermənistan ticari-iqtisadi əlaqələrinin hansı səviyyədə və müstəvidə, hansı dövlətin ərazisi vasitəsilə həyata keçirilməsindən asılı olmayaraq, buna son qoyulmasını istəyir və bəyanlayır ki, bunu istəmək və hətta tələb etmək bir qardaş kimi bizim haqqımızdır: “Sizlərdən yeganə umacağımız Ermənistanla bütün səviyyələrdə olan ticari-iqtisadi əlaqələrə son qoyulması üçün əlinizdən gələni əsirgəməməyinizdir. Sizi işğalçı Ermənistanla olan bütün əlaqələrə son qoyulması üçün öz səsinizi ucaltmağa çağırırıq!”.
BAXCP-nin Türkiyə vətəndaşlarına ünvanladığı müraciətə münasibət bildirən politoloq Xəqani Səfəroğlunun sözlərinə görə, Türkiyə ilə Ermənistan arasında ticarət əlaqələri hər zaman Azərbaycanın yanaşdığı həssas məqamlardan olub. Rəsmi olaraq Ankara İrəvanla heç bir iqtisadi münasibətlər saxlamır. Bunu Ərdoğan hakimiyyəti dəfələrlə vurğulayıb. Amma Türkiyənin daxilində mənfəət üçün çalışan biznes dairələri daima Ermənistanın boş bazarlarına nüfuz etmək üçün cəhdlər göstəriblər. Bu cəhdlər bəzən hətta siyasi qalmaqallara da səbəb olub. Biznesmenlər üçün pul qazanmaq həmişə siyasi qərarlardan üstün olub. Lakin bu heç də o demək deyil ki, “maraqlar xətti”i pozulmalıdır. Türkiyə Ermənistanla münasibətlərində daha çox siyasi faktorlara üstünlük verməlidir. Çünki ermənilərə münasibətdə məsələ təkcə Azərbaycanla bağlı olan məqamlardan qaynaqlanmır. Bu Ankaranın bölgədə güc mərkəzi kimi təsir imkanlarını saxlamaq və proseslərə təsir etmək imkanı baxımından Ərdoğan üçün vacibdir. Ermənistanın Türkiyəyə konkret ərazi iddiaları var və Sərkisyan Ağrıdağla bağlı son bəyanatı ilə bunu bir daha təsdiq edib. Ermənistan Azərbaycanın 20 faiz torpaqlarını işğal edib. Türkiyə isə Azərbaycanın strateji müttəfiqidir. Odur ki, İrəvan Ankara ilə yaxınlaşmaq istəyirsə, hər şeydən əvvəl Bakının “xeyir-duasını” almalıdır. Bu isə Qarabağ faktorunun ədalətli müzakirəsini qaçılmaz edir”. Xəqani Səfəroğlunun sözlərinə görə, ermənilər ciddi-cəhdlə Türkiyə ilə olan münasibətlərini iqtisadi faktorlar üzərinə yönəltməklə özünəməxsus gediş edirlər: “İqtisadi məsələləri prioritet seçməklə onlar siyasi məsələlərin arxa plana keçməsini təmin etməyə çalışır və əslində Azərbaycanla Türkiyə arasında vahid platformanı bu yolla dağıda biləcəklərinə ümid edirlər. Bu baxımdan ermənilər türk cəmiyyətində Ermənistanla biznes münasibətlərinin saxlanması tərəfdarlarını dəstək siyasətini yürüdürlər. Siyasi məsələləri “tarixin işi” sayan biznes dairələri ermənilər üçün “Axilles dabanıdır”… Odur ki, ermənilərlə türk iş adamlarının biznes əlaqələri heç də “iqtisadi möcüzə” vəd etmir, əksinə, Azərbaycanla Türkiyə arasında siyasi münasibətlərə xələl gətirir. Belə biznes maraqları yalnız siyasi problemlərin həllindən sonra cazibədar görünə bilər. Türkiyə cəmiyyəti bunu nəzərə almalıdır. Bütün bunları nəzərə alaraq, sözügedən müraciətin edilməsini normal qiymətləndirirəm”.
axar.az saytının baş redaktoru Taleh Şahsuvarlı da BAXCP-nin bu müraciətini əsaslı sayır: “Heç bir dövlət xalqdan gizli hər hansı bir addım atmamalıdır. Odur ki, Türkiyə xalqının Ermənistanla əlaqələr barədə hökumətdən hesabat tələb etməyə ixtiyarı var. Bu baxımdan BAXCP-nin qardaş xalqa müraciəti təqdir olunan haldır. Çalışmaq lazımdır ki bu müraciət türk mediasının da gündəminə gəlsin”.
“Türküstan” qəzetinin baş redaktoru Aqil Camal xatırlatdı ki, zaman-zaman Türkiyə ilə Ermənistan arasında əlaqələrin qurulmasına cəhdlər haqda xəbərlər yayılır: “Əsasən erməni mətbuatına istinadən yayılan bu tipli xəbərlər az sonra Türkiyə tərəfindən təkzib edilir. Biz Türkiyənin baş naziri Ərdoğanın sonuncu Bakı səfəri zamanı bir daha qardaş ölkənin mövqeyini dinlədik. Həmin ərəfədə Serj Sarkisyanın Ağrıdağla bağlı söylədikləri fikirlər də buna möhür vurdu. Mən BAXCP-nin narahatlıqlarını və müraciətini anlamaqla bərabər inanıram ki, Türkiyə Azərbaycanın maraqlarına zidd addım atmayıb və bundan sonra da atmayacaq. Əgər üçüncü ölkənin üzərindən ticarət yapılırsa, bunun qarşısını almaq Türkiyə üçün də çətindir. Məsələn, kimsə gedib Gürcüstandan türk malı gətirib satırsa bunu necə əngəlləmək olar? Ancaq birbaşa ticarət varsa, qarşısı alınmalıdır”.
Rusiya Federasiyası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının doktorantı, fəlsəfə doktoru Əhməd Şahidov da BAXCP-nin Türkiyə ictimaiyyətinə müraciətini əhəmiyyətli sayır: “Qüdrət bəyin Azərbaycanın milli məsələlərində təşəbbüsçü kimi çıxışı təqdirəlayiq haldır. Doğrudan da, bu gün Türkiyə Ermənistanla rəsmi münasibətlər qurmasa da, iki ölkə arasında müəyyən gediş-gəliş və ticari münasibətlərin olduğu danılmaz faktdır. Düzdür, bütün münasibətlərin kəsilməsi bir az inandırıcı görsənmir, amma Türkiyənin rəhbər şəxsləri, konkret olaraq, baş naziri Rəcəb Tayyib Ərdoğan dəfələrlə bu mövzuda konkret mövqe nümayiş etdirərək bildirib ki, rəsmi Ankara Azərbaycanın ərazi bütövlüyü bərpa olunmayana qədər Ermənistanla heç bir rəsmi münasibətlər qurmayacaq. Bu, artıq Türkiyənin Azərbaycana qardaş mövqeyidir”. BAXCP-nin Türkiyənin Ermənistanla əlaqələrindən narahatlıq ifadə edən müraciətinin normal olduğunu vurğulayan Əhməd Şahidov düşünür ki, təkcə qardaş ölkədən deyil, bütün dünya dövlətlərindən işğalçı ölkəyə qarşı sanksiyalar tələb olunmalıdır: “Mən də bir azərbaycanlı kimi nəinki Türkiyənin, habelə digər ölkələrin də Ermənistanla isti münasibətlər qurmasının əleyhinəyəm. Mən də istəmirəm ki, ərazilərimizin 20 faizini işğal etmiş və bir milyondan artıq insanımızı qaçqın etmiş bir işğalçı rejimə yardım edilsin və həmin ölkə ilə hansısa münasibət qurulsun. Məncə, Ermənistan kimi ölkələr beynəlxalq səviyyədə sanksiyalarla qarşılaşmalı və onlar cəzalandırılmalıdır. Əgər bu gün ABŞ və Qərb dünyası Suriyaya qarşı sanksiyalar tətbiq olunmasını tələb edirsə, nədən bu sanksiyalar Ermənistana qarşı da olmasın?! Əlbəttə, olmalıdır”.
Səlcuq
“Xalq Cəbhəsi” qəzeti