KİMSƏN, NƏSƏN…

Düşünürəm…
hər gün düşünürəm.
Kiməm, nəyəm, nəçiyəm
kim dostum, kim düşmənim
mən kimin düşməniyəm.
düşüncələr uzun-uzun
sonu görünməz olub
bir şey anlaya bilmirəm
nə həyatdan, nə səndən.
Amma yenə düşünürəm tək səni
çünki sənsiz həyatım da gərəksiz
təkrar-təkrar yaşayıram çarəsiz.
Heç səni də düz-əməlli bilmirəm
bilmirəm insansan, yoxsa ki nəsən.
Bəlkə gözəl qızsan, sevgi payımsan
bəlkə də heç insan deyilmişsən sən.
Bilmirəm sən nəsən, bəlkə var-dövlət,
bəlkə vəzifəsən, uğur payımsan.
bəlkə oğul-uşaq, möhkəm ailə,
bəlkə də sarsılmaz həyat dostumsan.
Bilməsəm, görməsəm, tanımasam da,
tək onu bilirəm, yoxsan yanımda,
yoxsan həyatımda, yox taleyimdə
yoxsan gözlərimdə, yoxsan canımda.
Bəlkə də sən müqəddəs bir duasan
insanı zirvəyə qaldıran dua,
yaşamaq, yaratmaq, sevmək istəyən
insanın həyatda qəlbindən keçən
qəlbləri körpü tək bağlayan şüa.
Sənin adın nədir, ey müqəddəs “Sən”?
Gəl ömrümə, həyatıma bir anlıq.
Sənsiz ömrüm zülmət təki qaranlıq
Sənin adın Azadlıqdır, Azadlıq!
Əhməd ŞAHİDOV
19 Yanvar 2011-ci il, saat 23:35, Bakı, Azərbaycan
Bu yazını Facebookda şərh et