Avropa Birliyində yeni üzv dövlətlərin müəyyən müddət ərzində veto hüququndan məhrum edilməsi ilə bağlı müzakirələr Brüsseldə ciddi siyasi debatlara səbəb olub. Xüsusilə Macarıstanın son illərdə Ukraynaya yardım və Rusiyaya qarşı sanksiyalarla bağlı qərarları bloklaması fonunda gündəmə gələn bu təşəbbüs AB-nin gələcək idarəetmə modelinə dair mühüm siqnal kimi qiymətləndirilir. Məsələ ilə bağlı siyasi şərhçi Əhməd Şahidov ARB24 televiziyasına açıqlama verib.
Əhməd Şahidov bildirib ki, Avropa Birliyi artıq əvvəlki institusional mexanizmlərlə fəaliyyət göstərməkdə çətinlik çəkir: “AB genişlənmə mərhələsinə daxil olur və yaxın illərdə üzvlərin sayının 30-u keçməsi ehtimalı var. Belə şəraitdə bir ölkənin strateji qərarları bloklaması Brüsseldə ciddi narahatlıq yaradır. Xüsusilə Ukrayna müharibəsi fonunda Avropa Birliyi daha çevik və operativ qərar qəbul edən siyasi mərkəzə çevrilmək istəyir”.
Siyasi şərhçinin sözlərinə görə, veto hüququnun məhdudlaşdırılması ideyası hüquqi və siyasi baxımdan mürəkkəb prosesdir: “Çünki Avropa Birliyinin əsas prinsiplərindən biri üzv dövlətlərin hüquqi bərabərliyidir. Buna görə də yeni üzvlərə keçid dövründə məhdud səlahiyyət verilməsi gələcəkdə ciddi mübahisələr doğura bilər. Buna baxmayaraq, Brüsseldə ümumi tendensiya ondan ibarətdir ki, AB daha mərkəzləşdirilmiş idarəetmə modelinə doğru gedir”.




