Ukraynada qazanarsa, Rusiyanın növbəti hədəfi nə olacaq: Moskvanın atacağı addımlar – mümkün təhdidlərə qarşı Azərbaycanın müdafiə strategiyası

Bir-neçə gün bundan öncə Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyad şəhərində baş tutan ABŞ-Rusiya danışıqları və sonrasında verilən açıqlamalar Qərb dünyasında şok effekti yaradıb. ABŞ prezidenti Donald Tramp açıq şəkildə Ukraynanı ittiham edir və Rusiyanın xeyrinə Kiyevə təzyiqlər göstərməkdədir. Görünən odur ki, bu müharibədə Rusiyanın qələbə qazanması və Kremlin istədiklərini əldə etməsi ehtimalı böyükdür.

Belə olan halda bütün dünyanı bir sual düşündürür: Əgər Rusiya Ukraynada tam qələbə qazansa, onun növbəti hədəfi hara olacaq?!

Həm Avropa ölkələri, həm də ayrı-ayrı ölkələr bu barədə ciddi narahatlıqlarını ifadə edirlər.

5 il Moskvada təhsil almış və Rusiya Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının “Dövlət Hüququ” fakültəsindən məzun olmuş şəxs kimi son 10 ildir ki, Rusiyanın daxili və xarici siyasi ilə yaxından maraqlanır və bu istiqamətdə araşdırmalar aparıram. Şəxsi təcrübəmə və dünya siyasətində baş verənlərə əsaslanaraq, Rusiyanın növbəti addımları və xüsusən də Cənubi Qafqazla bağlı siyasətinə dair qısa fikirlərimi sizlərə təqdim edirəm.

Əvvəlcə, onu qeyd edim ki, əgər Rusiya Ukraynada tam qələbə qazanarsa, onun növbəti hədəfi bir neçə faktordan asılı olacaq:

1. İlk növbədə geosiyasi faktorları nəzərə almaq lazımdır – Rusiya imperiya ambisiyalarını və postsovet məkanında öz təsirini bərpa etməyə çalışır. Bu baxımdan Baltikyanı ölkələr (Estoniya, Latviya, Litva), Moldova və ya Gürcüstan potensial hədəflər ola bilər.

2. Bundan sonra baş verənlər NATO və Qərbin reaksiyasından ciddi şəkildə asılı olacaq – Əgər Qərb Ukraynanın məğlubiyyətinə adekvat cavab verməsə və zəif görünsə, Rusiya daha cəsarətli addımlar ata bilər. Amma NATO üzvü olan ölkələrə qarşı hərbi müdaxilə ehtimalı daha azdır, çünki bu, kollektiv müdafiə mexanizmini (Maddə 5) işə sala bilər.

3. Moldova və ya Gürcüstan ciddi təhlükə ilə üz-üzədir – Hər iki ölkənin ərazi problemləri var (Dnestryanı və Cənubi Osetiya/Abxaziya). Rusiya buradan istifadə edərək daha geniş hərbi müdaxiləyə əl ata bilər.

4. Rusdilli əhalinin çoxluq təşkil etdiyi Baltikyanı ölkələr risk altındadır – Rusiya NATO-nun zəifliyini hiss etsə, rusdilli əhalini “qorumaq” bəhanəsi ilə Estoniya, Latviya və Litvaya qarşı təxribatlar edə bilər. Ancaq bu, birbaşa NATO ilə müharibə deməkdir və risklidir.

5. Kremlin ən çox nifrət etdiyi iki ölkə Polşa və ya Finlandiyadır – Rusiya uzunmüddətli perspektivdə Şərqi Avropada təsirini artırmaq istəsə, məhz Polşa və ya Finlandiya ilə hibrid müharibə metodlarına əl ata bilər, lakin bu, birbaşa NATO ilə toqquşma riskini artırır.

Odur ki, yaxın perspektivdə ən real ssenari elə Moldova və ya Gürcüstanın hədəf olmasıdır, çünki onlar NATO və Aİ üzvü deyillər və Qərbdən hərbi müdaxilə ehtimalı daha azdır. Bu, Moskvanın hücum planlarını asanlaşdırır.

Rusiyanın növbəti hədəfi kimi Cənubi Qafqaz bölgəsi də göstərilməkdədir. Gürcüstandan başqa, Ermənistan və Azərbaycan da bu sırada ön plana çıxır. Konkret olaraq, Azərbaycanın növbəti hədəf olması və Bakının buna mümkün reaksiyası barədə qısaca olaraq, onu deyə bilərəm ki, Azərbaycanın Rusiya üçün potensial hədəf olub-olmaması bir neçə mühüm faktordan asılıdır:

1. Burada ilk növbədə geosiyasi faktorlara nəzər yetirmək lazımdır:
– Moskva üçün Cənubi Qafqazın əhəmiyyəti böyükdür: Rusiya Cənubi Qafqazı öz “təsir dairəsi” kimi görür. Azərbaycan isə enerji ehtiyatları və geostrateji mövqeyinə görə kritik bir ölkədir.
– Rusiya qarşısında ən böyük əngəl Türkiyə amilidir: Azərbaycan-Türkiyə müttəfiqliyi (Şuşa Bəyannaməsi) Rusiyanı birbaşa qarşıdurma riskinə salır. Türkiyə NATO üzvü olduğu üçün Rusiya Azərbaycanla münaqişədə dolayı yolla davranmağa üstünlük verə bilər.

2. Ermənistan faktoru yenə də öz aktuallığını qoruyub saxlamaqdadır:
– Rusiya Ermənistanda hərbi baza saxlayır və regionda təsirini öz qorumağa çalışır. Əgər Rusiya Ukraynada qalib gəlsə, Cənubi Qafqazda nüfuzunu artırmaq üçün Ermənistan vasitəsilə Azərbaycana təzyiq göstərmə ehtimalı mövcuddur. Bu, Qarabağ məsələsini yenidən alovlandırmaq və Azərbaycana qarşı dolayısı müdaxilə ilə baş tuta bilər. Heç təsadüfi deyil ki, son 5 ildə Ermənistanda revanşist qüvvələr dəfələrlə yeni müharibə və qisas çağırışları edirlər. Hətta son günlər Robert Köçaryan və Serj Sarkisyanın yenidən yerli mətbuatda çıxışlar edərək, Azərbaycana qarşı yeni hücum əməliyyatları barədə danışması Rusiyadan başladılan hibrid müharibənin tərkib hissəsi kimi görülə bilər.

3. Azərbaycan-Rusiya arasında sratejk müttəfiqlik münasibətləri formal da olsa, mövcuddur.
– Son illər Azərbaycan və Rusiya arasında balanslı münasibətlər mövcuddur. Azərbaycan hakimiyyəti açıq şəkildə Rusiyaya qarşı çıxmaqdan çəkinir. Zaman-zaman tərəflər arasında mətbuat səhifələrində sərt mesajlar verilsə də, iki ölkə arasında siyasi-iqtisadi əlaqələr yüksək səviyyədədir. Ötən ilin Dekabr ayında Azərbaycana məxsus sərnişin təyyarəsinin Rusiya səmasında vurulmasından sonra bu münasibətlər sərinləşsə də, Azərbaycan hələ də Rusiya ilə münasibətlərdə müəyyən ehtiyyat nümayiş etdirir. Bu, Rusiyanın Azərbaycana birbaşa hərbi müdaxiləsini çətinləşdirir. Lakin Ukraynadakı qələbə Rusiyaya daha aqressiv siyasət aparmaq üçün cəsarət verə bilər. Son illərin təcrübəsi göstərir ki, Moskva ən gözlənilməyən addımları belə atmağa qadirdir. Qısacası, Rusiyadan hər şey gözləmək mümkündür. Bakı bütün ssenarilərə hazır olmalıdır.

4. Azərbaycana qarşı hibrid müharibə riski çox böyükdür.
– Rusiya birbaşa hərbi müdaxilədən çox, hibrid müharibə üsullarından istifadə edə bilər: informasiya müharibəsi, daxili sabitliyi pozmaq üçün təxribatlar və ya etnik və dini məsələlərdən istifadə etməklə təsir göstərməyə çalışa bilər.

Qısacası onu qeyd etmək lazımdır ki, Azərbaycanın Rusiyanın növbəti birbaşa hərbi hədəfi olması ehtimalı aşağıdır. Bunun əsas səbəbi Türkiyə ilə strateji müttəfiqlik əlaqələri və Azərbaycanın balanslı xarici siyasətidir. Lakin Moskvanın Cənubi Qafqaz üzərində təsirini gücləndirmək cəhdləri, xüsusilə Ermənistan vasitəsilə təzyiq göstərmək və ya daxili sabitliyi pozmaq məqsədilə hibrid müharibə üsullarına əl atmaq ehtimalı daha realdır.

Bir hüquq müdafiəçisi olaraq, ilk növbədə Rusiyanın Azərbaycana mümkün hücumlarının beynəlxalq hüquq prizmasından təhlilini nəzərdən keçirmək istəyirəm. Hərçənd ki, Moskva özünün təcavüzkar xarici siyasəti ilə beynəlxalq hüququ saymadığını bütün dünyaya göstərməkdədir. Lakin, buna baxmayaraq, Azərbaycana münasibətdə atacağı addımları beynəlxalq hüquq aspektindən dəyərləndirməkdə fayda var.

Rusiyanın Ukraynada qələbə qazanacağı təqdirdə Azərbaycanın potensial hədəf olmasını beynəlxalq hüquq və regional təhlükəsizlik baxımından təhlil edək:

1. Beynəlxalq Hüquq Aspekti

Suverenlik və ərazi bütövlüyü
– Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri var və BMT Nizamnaməsinin 2-ci maddəsinə əsasən, hər bir dövlətin suverenliyi və ərazi bütövlüyü toxunulmazdır. Rusiyanın hərbi müdaxiləsi bu prinsiplərin pozulması demək olar.
– Lakin Rusiya daha öncə Gürcüstanda (2008) və Ukraynada (2014 və 2022) beynəlxalq hüququ pozaraq hərbi əməliyyatlar apardığı üçün, bu, Azərbaycanın da təhlükəsizlik mühitini təhdid edə bilər.

Beynəlxalq müqavilələr və təşkilatlar
– Azərbaycan və Rusiya arasında 2022-ci ildə imzalanmış “Müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamə” iki ölkə arasındakı münasibətləri sabit saxlasa da, Rusiyanın maraqları dəyişərsə, bu sənədin qoruyucu rolu zəifləyə bilər.
– Azərbaycan NATO üzvü deyil, lakin Qoşulmama Hərəkatının üzvü olaraq, tərəfsizlik siyasətini qoruyur. Bu, bəzən müdafiə zəifliyi də yarada bilər.

Türkiyə ilə strateji müttəfiqlik
• Azərbaycan-Türkiyə münasibətləri Şuşa Bəyannaməsi ilə yeni mərhələyə çatıb. Bu sənəd, hər iki tərəfin bir-birinin təhlükəsizliyini təmin etməyi öhdəsinə götürür. Bu, beynəlxalq hüquqa əsaslanan güclü müdafiə mexanizmi yaradır və Rusiyanın Azərbaycana birbaşa hərbi müdaxiləsini çətinləşdirir.

2. Regional təhlükəsizlik aspekti

Rusiyanın Strateji Hədəfləri
– Ukraynada qələbə Rusiyaya postsovet məkanında nüfuzunu artırmaq üçün yeni imkanlar verə bilər. Cənubi Qafqaz bu strategiyada mühüm rol oynayır. Azərbaycan isə enerji ehtiyatları və Avropa ilə Asiya arasında nəqliyyat dəhlizlərinə nəzarət baxımından xüsusi əhəmiyyətə malikdir.
– Rusiya regionda balansı qorumaq adı ilə Ermənistandan Azərbaycana qarşı təzyiq vasitəsi kimi istifadə edə bilər. Qarabağ münaqişəsi və sərhəd insidentləri bu strategiyanın aləti ola bilər.

Hibrid Təhdidlər
– Rusiya birbaşa hərbi müdaxilədən çəkinə bilər, lakin hibrid müharibə taktikasını seçə bilər. Buna daxili sabitliyi pozmaq, informasiya müharibəsi aparmaq, dini və etnik məsələləri qızışdırmaq kimi hərəkətlər daxildir.
– Azərbaycanın multietnik cəmiyyətində etnik və dini ziddiyyətlərin qızışdırılması Moskvanın təsir mexanizmi kimi istifadə oluna bilər.

Türkiyənin Rolu
– Türkiyə ilə müttəfiqlik Azərbaycanın təhlükəsizliyini gücləndirir. Ukraynada qələbə qazansa belə, Rusiya Türkiyə ilə açıq qarşıdurmaya getməyə ehtiyat edəcək. Bu, Azərbaycanın birbaşa hədəf seçilmə ehtimalını azaldır.

Qərbin və NATO-nun Reaksiyası
– Rusiya Ukraynada qalib gələrsə, Qərbin regiona təsiri zəifləyə bilər. Bu da Cənubi Qafqazda Rusiyanın daha cəsarətli siyasət yürütməsinə imkan yaradar. Lakin Qərb Azərbaycanı enerji təhlükəsizliyi baxımından mühüm tərəfdaş hesab etdiyindən, Rusiyanın aqressiv addımlarına qarşı diplomatik və iqtisadi dəstək göstərə bilər.

Beynəlxalq hüquq baxımından yanaşsaq, Rusiyanın Azərbaycana birbaşa hərbi müdaxiləsi legitim deyil və ciddi beynəlxalq təzyiqə səbəb olar. Regional təhlükəsizlik kontekstində isə Rusiya daha çox dolayısı vasitələrlə təsir göstərməyə çalışa bilər. Ən real risk Ermənistan vasitəsilə təzyiq göstərmək və ya hibrid müharibə üsulları ilə daxili sabitliyi pozmaqdır. Bugün Ermənistanda hələ də mövcud olan revanşistlərin açıqlamaları Moskvanın bu sahədə planlarının qüvvədə olduğunu göstərir. Nikol Paşinyan hakimiyyətinin devrilməsi və revanşistlərin yenidən hakimiyyətə gətirilməsi Ermənistanın Azərbaycana hərbi əməliyyatlara başlamasına təkan verəcək və bu dəfə Rusiyanın bu münaqişəyə münasibəti fərqli ola bilər. Bu baxımdan, Azərbaycan öz ordusunun qüdrətini artırmaqla yanaşı, strateji müttəfiqləri ilə əlaqələri daha da dərinləşdirməlidir.

İstənilən halda Rusiyanın açıq şəkildə Azərbaycana hərbi təcavüz ehtimalı çox aşağıdır. Çünki, Türkiyə ilə strateji müttəfiqlik və Azərbaycanın enerji və nəqliyyat sahələrində Qərb üçün əhəmiyyəti, Rusiyanın Azərbaycana qarşı genişmiqyaslı hərbi əməliyyat aparmaq ehtimalını minimuma endirir.

Amma nəzəri cəhətdən yanaşsaq, Rusiyanın Azərbaycana mümkün təcavüzünün müxtəlif formaları ilə üzləşə bilərik.

Rusiyanın Ukraynada qələbə qazanacağı halda Azərbaycanın üzləşə biləcəyi təhlükələri müxtəlif ssenarilər vasitəsilə təhlil edək:

1. Ən aşağı ehtimal az öncə qeyd etdiyim kimi birbaşa hərbi müdaxilə ssenarisidir. Bu, çox riskli ssenaridir və Moskva üçün böyük problemlər yarada bilər.

Rusiyanın Azərbaycana hərbi müdaxilə etməsi üçün Kremlin əlində özünəməxsus səbəblər var:
– İlk növbədə onu qeyd edək ki, Azərbaycanın strateji mövqeyi, enerji resursları və Cənubi Qafqazda nəqliyyat dəhlizlərinə nəzarəti Rusiyanı cəlb edir. Moskva Azərbaycanı hər vəchlə nəzarətdə saxlamağa çalışır.
– Digər tərəfdən, Rusiya Cənubi Qafqazda öz təsirini genişləndirmək istəyir, xüsusilə də Ermənistan üzərindəki təsirini itirdikdən sonra bölgədə yenidən patronajlığını Azərbaycan üzərindən bərpa etməyə çalışır.

Lakin bu, asan olmayacaq. Bu istiqamətdə Rusiyanın qarşısında bir sıra maneələr çıxaçaq:
– İlk növbədə Türkiyənin müdafiə zəmanətinə diqqət yetirək: Şuşa Bəyannaməsinə əsasən, Azərbaycanın təhlükəsizliyi Türkiyənin milli maraqları sırasındadır. Rusiyanın Azərbaycanı hədəf alması Türkiyə ilə birbaşa münaqişə riskini artırır. Bu isə Moskva üçün strateji baxımdan çox təhlükəlidir.
– İkinci maneə beynəxalq təzyiqin artmasıdır: Qərb, xüsusilə Avropa İttifaqı, Azərbaycanın enerji resurslarından asılıdır. Bu səbəbdən, Rusiyanın hücumuna qarşı diplomatik və iqtisadi sanksiyalar tətbiq edilə bilər.
– Üçüncü və ən əsas faktor Azərbaycanın güclənən ordusudur: 44 günlük müharibə sonrası Azərbaycan Ordusu həm texnologiya, həm döyüş təcrübəsi baxımından xeyli güclənib. Azərbaycan Ordusu real döyüş əməliyyatlarından çıxmış və qələbə qazanmış Müzəffər bir Ordudur. Azərbaycan ordusuna qarşı müharibə başlatmaq Moskva üçün baha başa gələ bilər. Bu da Rusiyanın genişmiqyaslı müdaxiləsinin risk və xərclərini artırır.

2. Orta səviyyədə ehtimal olunan variant Ermənistan vasitəsilə Azərbaycana dolayısıyla təzyiq ssenarisidir ki, Moskva bu planı hər zaman qüvvədə saxlayır. Bugün Ermənistanda mövcud olan revanşist güclərin zaman-zaman Azərbaycana qarşı qisas çağırışları təsadüfi deyil. Həmin qüvvələrin hakimiyyətə gətirilməsi və Azərbaycana qarşı yeni müharibənin başladılması ehtimalı çox olmasa da, mövcuddur.

Səbəblər ondan ibarətdir ki, Ermənistan Rusiyanın regionda ənənəvi müttəfiqi olsa da, son dövrlərdə Qərbə yaxınlaşır. Lakin Rusiya Ermənistanda hələ də hərbi baza saxlayır və sərhəd xidmətlərinə nəzarət edir. Ukraynada qələbə qazandıqdan sonra Rusiya, Ermənistanı Azərbaycana qarşı daha sərt mövqe tutmağa sövq edə bilər.

Rusiya bunu bir sıra üsullarla həyata keçirə bilər.
– İlk növbədə Qarabağ və sərhəd boyu təxribatların təşviq edilməsi mümkündür. Bugün Ermənistan ilə Azərbaycan arasında şərti sərhəd bölgəsində Avropa İttifaqının mülki missiyası adı altında bir qrup keçmiş hərbçilər və kəşfiyyatçıların binokl diplomatiyası gələcəkdə Azərbaycana qarşı hər hansı sərhəd təxribatları üçün potensial zəmin hazırlayır.
– İkinci ssenari Ermənistanı silahlandıraraq Azərbaycanla yeni münaqişə riskini artırmaq. Bu ehtimal hər zaman nəzərdə saxlanılmalıdır. Çünki, Ermənistanla yekun sülh müqaviləsi imzalanmayana qədər Ermənistan faktiki düşmən ölkə sayılır və hər an Azərbaycana hücum edə bilər. Hazırkı Nikol Paşinyan iqtidarı dönəmində bu ehtimal çox aşağı olsa da, revanşistlərin hakimiyyətə gətirilməsi ilə yeni müharibə ehtimalı qaçılmaz olacaq.
– Növbəti təxribat Ermənistan ərazisindən Naxçıvana və ya Zəngəzur dəhlizinə təhdid yaratmaq ola bilər. Çünki, Zəngəzur dəhlizi məsələsi hələ də öz həllini tapmayıb və 10 Noyabr 2020-ci il tarixli üçtərəfli razılaşmanın bir sıra şərtləri yerinə yetirilməyib. Rusiya bu faktordan öz maraqları üçün istifadə edə və Azərbaycana qarşı təhdidlər yarada bilər.

Nəticədə bu ssenari də realdır, lakin Türkiyənin müdaxiləsi və Azərbaycanın hərbi gücü balansı qoruyub saxlayır. Lakin uzunmüddətli təzyiq Azərbaycanın inkişafını ləngidə bilər, Bakı üçün əlavə problemlər meydana çıxara bilər.

3. Rusiyanın Azərbaycana qarşı həyata keçirə biləcək ən böyük təhdid böyük ehtimalla hibrid müharibə ssenarisidir. Bu müharibənin izlərini bugün də müşahidə etməkdəyik. Rusiya mediasında Azərbaycana qarşı təhdidlərin yer alması, Azərbaycanın aparıcı media orqanlarının elektron resurslarının sıradan çıxarılması və Rusiyada yaşayan yüz minlərlə azərbaycanlıların deportasiyası təhlükəsi bu müharibənin tərkib hissəsi sayıla bilər.

Hibrid müharibənin başladılması ehtimalı çox yüksəkdir. Birbaşa hərbi müdaxilə riskli olduğundan, hibrid müharibə vasitələri Moskva üçün daha az maliyyətli və səmərəlidir. Həm də Rusiya postsovet məkanında hibrid müharibə üsullarını tez-tez istifadə edir (Ukrayna, Gürcüstan, Moldovada olduğu kimi). Moskvanın bu sahədə kifayət qədər təcrübəsi var. İcra üsulları isə ən müxtəlif formada həyata keçirilə bilər. Bu, ölkələrə görə dəyişir.

Konkret olaraq, Azərbaycana qarşı hibrid müharibə planları aşağıdakı formada mövcuddur:
– İnformasiya müharibəsi: Azərbaycanın ictimai rəyini manipulyasiya etmək, hökumətə etimadsızlığı artırmaq, sosial gərginliyi gücləndirmək.
– Kiberhücumlar: Dövlət qurumlarına, media orqanlarına, bank sistemlərinə və strateji infrastruktura qarşı kiberhücumlar.
– Etnik və dini ziddiyyətlərin alovlandırılması: Azərbaycan cəmiyyətində etnik və dini müxtəliflik mövcuddur. Rusiyanın bu həssaslıqlardan istifadə edərək daxili sabitliyi pozmağa çalışması mümkündür.
– Siyasi təsir: Müxtəlif siyasi və ictimai qruplar vasitəsilə ölkədə sabitliyi sarsıtmaq.

Hibrid müharibə ssenarisi ən real təhlükədir, çünki Rusiya hərbi toqquşmaya girmədən təsir gücünü artırmaq istəyəcək. Azərbaycanın informasiya təhlükəsizliyi, ictimai birliyi və kiber müdafiəsi bu kontekstdə həlledici rol oynayacaq.

4. Rusiyanın Azərbaycana qarşı həyata keçirə biləcək digər təhdid iqtisadi və enerji təzyiqi ssenarisi ola bilər. Bu da orta səviyyədə ehtimal olunan bir plandır. Çünki, buna müəyyən səbəbləri var Moskvanın:

– İlk növbədə onu qeyd edək ki, Azərbaycan Avropa üçün mühüm enerji təchizatçısıdır. Rusiyanın marağı Avropanın enerji asılılığını Moskvaya qaytarmaqdır. Bu, Moskva üçün həm milyardla dollar vəsait deməkdir, həm də Qərbi özündən asılı vəziyyətə salmaq üçün siyasi bir silahdır.
– İkinci səbəb isə Cənubi Qafqazda sabitliyi pozmaqla, Azərbaycan qazının və neftinin Qərbə çatdırılmasına maneə yarada bilər. Bu yolla Azərbaycanın qeyri-stabil bir ölkə olması görüntüsünü yaratmaqla, Qərbin Azərbaycanla enerji münasibətlərini pozmağa çalışa bilər.

Rusiya bu təhdidləri ən müxtəlif yollarla həyata keçirə bilər:
– Ermənistan və ya İran vasitəsilə Bakı-Tbilisi-Ceyhan neft kəməri və Cənub Qaz Dəhlizinə təhdidlər mümkündür. Terror aktları, təxribatlar və buna bənzər sabotaj xarakterli addımlar gözləniləndir.
– Azərbaycana iqtisadi təzyiq göstərmək, ticarət və nəqliyyat əlaqələrini pozmaq. Azərbaycanın uğurlu ticarət və nəqliyyat qovşağında yerləşməsi əslində Rusiyanın maraqlarına ziddir və Moskva hər vəchlə bu reallığı öz xeyrinə dəyişməyə çalışır.
– Regiondakı müttəfiqlərini Azərbaycana qarşı yönəltmək. Azərbaycan-İran, Azərbaycan-Türkiyə, Azərbaycan-Gürcüstan münasibətlərini pozmağa yönəlik addımlar atıla bilər. Türkiyə ilə münasibətlərimizi pozmaq mümkünsüz görünsə də, İranla münasibətlərdə Moskvanın müəyyən təxribatlar törətməsi ehtimalı yüksəkdir. Bu səbəbdən də, rəsmi Bakı son günlər İran İslam Respublikası ilə əlaqələri yenidən yüksəltmək istiqamətində ciddi addımlar atmaqdadır. Azərbaycan Respublikası Prezidentinin köməkçisi Hikmət Hacıyevin İrana səfəri və orada yüksək səviyyəli görüşlər keçirməsi, daha sonra İranın yüksək səviyyəli rəsmi şəxslərinin Azərbaycana səfər etməsi və Prezident İlham Əliyevlə görüşməsi iki ölkə arasında mövcud əlaqələri daha da yüksəltməyə və üçüncü qüvvələrin pozuculuq niyyətlərini minimuma endirməyə hesablanıb.

5. Rusiyanın Azərbaycana qarşı ata biləcəyi addımlar həm də Bakının diplomatik izolyasiyaya uğradılması və beynəlxalq imicinə zərbə endirmək ssenarisi ola bilər. Bu, ssenari də gözləniləndir.

– Rusiya Azərbaycanın beynəlxalq nüfuzunu zəiflətmək üçün diplomatik üsullardan istifadə edə bilər. Xüsusilə də, Qarabağ məsələsini beynəlxalq gündəmdə saxlayaraq, Azərbaycanı humanitar və insan haqları məsələlərində təzyiq altında saxlaya bilər. Laçın yolunda eko fəalların aksiyası məsələsi yenidən gündəmə gətirilə bilər və “rəsmi Bakının Qarabağ ermənilərini blokadada saxladığı” və Qarabağda “etnik təmizləmə” həyata keçirdiyi iddia edilərək, məsələni BMT`nin Təhlükəsizlik Şurasında və digər beynəlxalq platformalarda qaldıra bilər.

– Bundan başqa, Rusiya rəsmiləri BMT, ATƏT və digər beynəlxalq təşkilatlarda Azərbaycana qarşı təbliğat apararaq, Bakıya qarşı beynəlxalq cəbhəni genişləndirə bilərlər.
– Rusiya rəsmiləri dolayı üsullarla demokratiya və insan hüquqları pozuntuları, habelə həbs edilən jurnalistlər və ictimai fəallar mövzularını qaldıraraq, Azərbaycana qarşı beynəlxalq tənqidi dərinləşdirə və Qərbin dəstəyini zəiflədə bilərlər.
– Ermənistan, erməni diasporu və digər müttəfiqlərindən istifadə edərək beynəlxalq arenada Azərbaycana təzyiqi artırmaq da Moskvanın mümkün planlarında yer ala bilər.

Nəticədə, bu ssenari Azərbaycanın xarici siyasət imkanlarını məhdudlaşdıra bilər. AŞPA`dan uzaqlaşdırılmış Azərbaycan üçün Qərbin dəstəyini tamamilə itirmək gələcəkdə Bakının təhlükəsizlik və iqtisadi maraqlarını zəiflədə bilər.

Rusiyanın Azərbaycana qarşı ata biləcəyi addımları qısaca nəzərdən keçirdik. Bəs, Azərbaycan bütün bu təhdidlərə qarşı hansı addımlar atmalıdır? Azərbaycan Rusiya qarşısında əsla çarəsiz durumda qalacaq bir ölkə deyil və Bakı müəyyən cavab addımları atmaq və preventiv tədbirlər görməklə Moskvanın bu təhdidləri qarşısında sağlam duruş sərgiləyə bilər.

1. İlk növbədə Azərbaycanın hərbi müdafiə strategiyasına diqqət çəkmək istəyirəm. Çünki, Azərbaycan ordusu gücləndikcə, bütün xarici faktorlara qarşı ölkəni və xalqı qorumaq iqtidarında olacaq.

Bunun üçün qardaş Türkiyə ilə hərbi alyansın gücləndirilməsi zəruridir.
– Şuşa Bəyannaməsi çərçivəsində ortaq hərbi təlimlərin intensivləşdirilməsi və müdafiə sahəsində koordinasiyanın artırılması vacibdir.
– NATO üzvü olan Türkiyə ilə sıx əməkdaşlıq, Rusiyanın potensial təhdidlərinə qarşı güclü deterrent (qorxuducu amil) rolunu oynayır.

Azərbaycan müasir silahların və texnologiyaların təchizatı məsələsini daim diqqətdə saxlamalıdır.
– Azərbaycan ordusunun yüksək texnologiyalı silahlarla, xüsusilə pilotsuz uçuş aparatları (PUA), hava hücumundan müdafiə sistemləri və kiber müdafiə vasitələri ilə təchizatının davam etdirilməsi önəmlidir.
– Müdafiə sənayesinin gücləndirilməsi və daxili silah istehsalının artırılması uzunmüddətli təhlükəsizlik baxımından həlledicidir.

Azərbaycan artıq indidən hibrid müharibəyə hazırlıq işlərini gücləndirməlidir.
– İnformasiya müharibəsi, kiberhücumlar və daxili sabitliyi pozmağa yönəlmiş təxribatlara qarşı xüsusi hərbi bölmələrin və müvafiq dövlət qurumlarının hazırlığı artırılmalıdır.

2. Azərbaycan iqtisadiyyatının dayanıqlılıq strategiyası işlənib hazırlanmalı və daha da təkmilləşdirilməlidir.

– Enerji və nəqliyyat təhlükəsizliyi ən yüksək səviyyədə təmin edilməlidir.
– Bakı-Tbilisi-Ceyhan neft kəməri, Cənub Qaz Dəhlizi və Zəngəzur dəhlizi kimi strateji marşrutların təhlükəsizliyini təmin etmək üçün beynəlxalq tərəfdaşlarla əməkdaşlıq vacibdir.
– Alternativ nəqliyyat marşrutlarının inkişaf etdirilməsi, xüsusilə Orta Dəhliz vasitəsilə Çindən Avropaya daşımaların gücləndirilməsi, Rusiyanın iqtisadi təzyiqlərini neytrallaşdıra bilər.

İqtisadi diversifikasiya Azərbaycanın firavan gələcəyi üçün çox önəmlidir.
– Enerji sektorundan asılılığın azaldılması və qeyri-neft sektorunun inkişafı, xarici təzyiqlərə qarşı dayanıqlığı artırar.
– Xüsusilə kənd təsərrüfatı, informasiya texnologiyaları və turizm sahələrinin inkişaf etdirilməsi uzunmüddətli sabitlik üçün əhəmiyyətlidir.

3. Daxili sabitliyin qorunması Azərbaycan üçün xüsusən də bu mərhələdə həyati önəm daşımaqdadır.

Milli Birliyin gücləndirilməsi 44 günlük İkinci Qarabağ Müharibəsindən sonra daha da artdı. Dövlət-Xalq birliyi sarsılmaz olaraq inkişaf edir. Buna baxmayaraq, Rusiya hibrid müharibə zamanı məhz bu birliyi pozmaq üçün müəyyən üsullara əl ata bilər.
– Etnik və dini müxtəlifliyi güclü tərəfə çevirmək üçün cəmiyyət daxilində inteqrasiya siyasəti gücləndirilməlidir.
– Xarici qüvvələrin daxili ziddiyyətlərdən istifadə etməsinin qarşısını almaq üçün ictimaiyyət arasında vətəndaş birliyi və dövlətçilik şüuru təşviq olunmalıdır.

İnformasiya təhlükəsizliyi və media nəzarəti bugün Azərbaycan üçün önəmli məsələlərdən biridir.
– Rusiyanın informasiya müharibəsi taktikasına qarşı, xüsusilə sosial media platformalarında dezinformasiyaların aşkarlanması və qarşısının alınması üçün müasir texnologiyaların tətbiqi vacibdir.
– Xarici təsir agentlərinin və təbliğatının ölkədə yayılmasının qarşısı alınmalıdır. Bununla yanaşı, söz azadlığı qorunmalı, lakin dezinformasiya və təxribatlar sərt şəkildə neytrallaşdırılmalıdır.

Kiber təhlükəsizliyin gücləndirilməsi Rusiyadan gələn hibrid təhdidlərə qarşı ən güclü müdafiə ola bilər.
– Dövlət və özəl sektorda, media orqanlarında kiberhücumlara qarşı müdafiə sistemləri təkmilləşdirilməlidir.
– Milli kiber təhlükəsizlik strategiyasının hazırlanması və bu sahədə ixtisaslaşmış mütəxəssislərin yetişdirilməsi prioritet olmalıdır.

4. Azərbaycan özünün xarici siyasət strategiyasına bir daha nəzər yetirməli və Türkiyə və Qərblə strateji əməkdaşlıq əlaqələrinə xüsusi önəm verməlidir.
– Azərbaycan, Türkiyə ilə hərbi və iqtisadi əməkdaşlığı daha da dərinləşdirməklə yanaşı, Avropa İttifaqı və NATO ilə yaxın əlaqələr qurmalıdır.
– NATO ilə əməkdaşlığın gücləndirilməsi, Rusiyanın regionda hərbi avantüralarına qarşı əlavə deterrent rolunu oynayar.

Beynəlxalq dəstəyin gücləndirilməsi üçün Azərbaycan da müəyyən addımları atmalıdır.
– Azərbaycan beynəlxalq hüquqa və BMT-nin prinsiplərinə sadiqliyini vurğulamalı, mümkün aqressiyaya qarşı beynəlxalq ictimaiyyəti əvvəlcədən xəbərdar etməlidir.
– Qərb ölkələrində lobbiçilik fəaliyyətini gücləndirərək, Azərbaycanın milli maraqlarını müdafiə etmək vacibdir. Bu istiqamətdə Azərbaycan diasporunu yenidən səfərbər etmək və Azərbaycanın lobbiçilik gücünü artırmaq zəruridir.

Qısa müddətdə Ermənistanla münasibətlərin normallaşdırılması vacibdir. Çünki, heç bir vasitəçi olmadan Ermənistanla sülh müqaviləsinin imzalanması yeni müharibə ehtimalını minimuma endirmiş olar ki, bu da Rusiyanın Azərbaycana qarşı təzyiq imkanlarını məhdudlaşdırmış olar.
– Ermənistanla sülh sazişinin imzalanması, Rusiyanın Cənubi Qafqazda təsir imkanlarını zəiflədə bilər.
– Ermənistanın Qərbə inteqrasiyasını təşviq etməklə, Rusiyanın regiondakı ənənəvi təsir rıçaqlarını zəiflətmək mümkündür.

5. Azərbaycan diplomatik müstəvidə daha fəal addımlar atmalıdır

Beynəlxalq hüquqdan maksimum istifadə olunmalıdır.
– Azərbaycan beynəlxalq təşkilatlarda, o cümlədən BMT, ATƏT və Avropa Şurasında regionda sabitliyi pozacaq bütün kənar hərəkətləri ifşa etməlidir.
– Beynəlxalq hüququn suverenlik və ərazi bütövlüyü prinsiplərini əsas tutaraq, mümkün təhdidlərə qarşı qabaqlayıcı diplomatik tədbirlər görülməlidir.

Regional təşkilatlarla əməkdaşlıq genişlənməlidir.
– Türk Dövlətləri Təşkilatı (TDT) çərçivəsində müdafiə və təhlükəsizlik sahəsində əməkdaşlıq gücləndirilməlidir.
– Mərkəzi Asiya ölkələri ilə əməkdaşlığın genişləndirilməsi Rusiyanın regionda təcrid olunmasına kömək edə bilər.

6. Uzunmüddətli perspektivdə strateji inteqrasiya və dayanıqlılıq ən doğru yoldur.
– Avropa İttifaqı ilə yaxınlaşma zəruridir: Azərbaycan enerji sektorunda Avropanın əsas tərəfdaşı olaraq, siyasi və iqtisadi sahələrdə də Aİ ilə inteqrasiyanı gücləndirməlidir.
– Texnoloji inkişafa diqqət artırılmalıdır: Süni intellekt, kibertəhlükəsizlik və informasiya texnologiyaları sahəsində irəliləyişlər, həm hərbi, həm də mülki sahədə dayanıqlığı artıracaq.
– Gənclərin və vətəndaş cəmiyyətinin rolunun artırılması vacibdir: Gənclərin milli dəyərlər və müasir dünyagörüşü əsasında yetişdirilməsi, ölkənin daxili sabitliyi üçün həlledici faktordur. Vətəndaş cəmiyyəti isə ictimai birliyin və demokratik idarəçiliyin gücləndirilməsində mühüm rol oynayır.

Nəticə etibarilə, Azərbaycanın Rusiyanın mümkün təzyiqlərinə qarşı hazırlıq görməsi üçün konkret tədbirlər planını aşağıdakı sahələr üzrə qısaca təsnifatlandırmaq mümkündür:

1. Hərbi Müdafiə və Təhlükəsizlik

Qısa müddətli tədbirlər (1 il ərzində):
– Türkiyə ilə hərbi əməkdaşlığın intensivləşdirilməsi: İllik ortaq hərbi təlimlərin sayının artırılması, ortaq qərargah strukturunun yaradılması.
– Hava hücumundan müdafiə sistemlərinin modernləşdirilməsi: İsrail istehsalı və ya müasir Qərb texnologiyalarının əldə olunması.
– Elektron müharibə və kəşfiyyat sistemlərinin inkişafı: Rusiya dronları və rabitə vasitələrinə qarşı texnologiyaların əldə edilməsi.

Orta müddətli tədbirlər (1-3 il ərzində):
– Daxili müdafiə sənayesinin inkişafı: Pilotsuz uçuş aparatlarının (PUA), raket sistemlərinin və sursatların yerli istehsalının artırılması.
– Kiber təhlükəsizliyin gücləndirilməsi: Müdafiə və güc strukturlarında xüsusi kiber bölmələrin yaradılması.
– Ermənistanla sərhəddə hərbi mövqelərin gücləndirilməsi: Sərhəd boyu radar sistemlərinin və müşahidə dronlarının yerləşdirilməsi.

Uzun müddətli tədbirlər (5 il və daha çox):
– NATO ilə əməkdaşlığın genişləndirilməsi: NATO standartlarına uyğun ordu islahatları və hərbi texnologiyaların idxalı.
– Türk Dövlətləri Təşkilatı çərçivəsində ortaq müdafiə mexanizminin yaradılması: Mərkəzi Asiya ölkələri ilə hərbi əməkdaşlıq.

2. İqtisadi Dayanıqlılıq

Qısa müddətli tədbirlər:
– Enerji infrastrukturunun qorunması: Bakı-Tbilisi-Ceyhan neft kəməri və Cənub Qaz Dəhlizinin təhlükəsizliyinin gücləndirilməsi üçün mühafizə qüvvələrinin artırılması.
– Alternativ enerji ixrac marşrutlarının inkişafı: Orta Dəhliz vasitəsilə Çin-Türkiyə marşrutunun gücləndirilməsi.

Orta müddətli tədbirlər:
– Qeyri-neft sektorunun inkişafı: İT, kənd təsərrüfatı və turizm sahələrinə investisiyaların artırılması.
– Rusiyadan iqtisadi asılılığın azaldılması: İdxal və ixracda alternativ bazarların tapılması (Avropa, Asiya və Yaxın Şərq ölkələri).

Uzun müddətli tədbirlər:
– Milli iqtisadiyyatın rəqabət qabiliyyətinin artırılması: İnnovasiya və startap ekosisteminin inkişafı, təhsil və tədqiqat sahələrinə sərmayələrin artırılması.
– Enerji sektorunda Avropa İttifaqı ilə strateji tərəfdaşlığın gücləndirilməsi: Xəzər qazının Avropaya tədarükünü artırmaq üçün yeni layihələr.

3. Daxili Sabitliyin Qorunması

Qısa müddətli tədbirlər:
– Milli birliyi gücləndirmək: İctimaiyyət arasında milli şüurun və dövlətçilik dəyərlərinin təşviqi.
– Etnik və dini ziddiyyətlərin qarşısının alınması: Mədəni müxtəliflik siyasətinin gücləndirilməsi və bütün icmaların cəmiyyətə inteqrasiyası.

Orta müddətli tədbirlər:
– İnformasiya təhlükəsizliyinin təmin edilməsi: Xarici təsir və dezinformasiyanın qarşısının alınması üçün müstəqil media orqanlarının inkişafına dəstək.
– Cəmiyyətin dözümlülüyünün artırılması: Vətəndaşların xarici təxribatlara qarşı müqavimət göstərmək üçün maarifləndirilməsi.

Uzun müddətli tədbirlər:
– Gənclərin dövlətə bağlılığının artırılması: Təhsil və mədəniyyət proqramları vasitəsilə milli vətənpərvərlik ruhunun gücləndirilməsi.
– Demokratik institutların möhkəmləndirilməsi: İnsan hüquqlarının qorunması və vətəndaş cəmiyyətinin inkişafı, ölkənin daxili sabitliyini gücləndirəcək.

4. Xarici Siyasət və Diplomatiya

Qısa müddətli tədbirlər:
– Türkiyə və Qərblə strateji ittifaqın gücləndirilməsi: Müdafiə, enerji və nəqliyyat sahələrində birgə layihələrin təşviqi.
– Beynəlxalq lobbiçilik fəaliyyətinin artırılması: Xüsusilə ABŞ və Avropada Azərbaycanın maraqlarını qoruyan diaspor təşkilatlarının dəstəklənməsi.

Orta müddətli tədbirlər:
– Ermənistanla sülh sazişinin imzalanması: Sülh müqaviləsi məsələsinin həllini sürətləndirərək Rusiyanın bölgədəki təsirini zəiflətmək.
– Türk Dövlətləri Təşkilatında Azərbaycanın lider mövqeyini gücləndirmək: Regional iqtisadi və hərbi əməkdaşlıq mexanizmlərinin təşviqi.

Uzun müddətli tədbirlər:
– Avropa İttifaqı ilə siyasi və iqtisadi inteqrasiya: Azərbaycanı Avropa enerji təhlükəsizliyinin əsas oyunçusuna çevirmək.
– Asiya ölkələri ilə strateji tərəfdaşlıq: Çin, Cənubi Koreya və Yaponiya ilə texnoloji və iqtisadi əməkdaşlığın genişləndirilməsi.

5. Kiber təhlükəsizlik və informasiya müharibəsinə qarşı mübarizə

Qısa müddətli tədbirlər:
– Milli Kiber Müdafiə Strategiyasının hazırlanması: Dövlət qurumlarını və kritik infrastrukturu qorumaq üçün qabaqlayıcı tədbirlər.
– Sosial mediada dezinformasiyanın qarşısının alınması: Xüsusilə Rusiyanın təsir cəhdlərinə qarşı monitorinq və cavab tədbirləri.

Orta müddətli tədbirlər:
– Kiber təhlükəsizlik mütəxəssislərinin hazırlanması: Təhsil proqramları vasitəsilə yerli mütəxəssislərin yetişdirilməsi.
– Beynəlxalq əməkdaşlıq: NATO və Avropa İttifaqının kibertəhlükəsizlik sahəsində təcrübəsindən istifadə.

Uzun müddətli tədbirlər:
– Texnoloji suverenliyin təmin edilməsi: Yerli proqram təminatı və texnoloji həllərin inkişaf etdirilməsi.
– Milli süni intellekt strategiyasının hazırlanması: Müdafiə və təhlükəsizlik sahələrində süni intellektdən istifadə imkanlarının artırılması.

6. Hüquqi və beynəlxalq müdafiə

Qısa müddətli tədbirlər:
– Beynəlxalq təşkilatlarla əlaqələrin gücləndirilməsi: BMT, ATƏT və Avropa Şurası kimi qurumlarda Azərbaycanın mövqeyini gücləndirmək.
– Rusiyanın mümkün təhdidlərini ifşa etmək: Diplomatik kanallar vasitəsilə beynəlxalq ictimaiyyəti xəbərdar etmək.

Orta müddətli tədbirlər:
– İnsan hüquqları və demokratiya sahəsində irəliləyiş: Qərbin Azərbaycana siyasi dəstəyini gücləndirmək üçün daxili islahatların aparılması.
– Regionda diplomatik balansın qorunması: İran, Gürcüstan və Ermənistanla münasibətlərin sabit saxlanılması.

Uzun müddətli tədbirlər:
– Beynəlxalq hüququn aliliyini təşviq etmək: Azərbaycanın suverenliyinin və ərazi bütövlüyünün qorunması üçün hüquqi mexanizmlərdən istifadə.
– Türk dünyası ilə hüquqi inteqrasiyanın gücləndirilməsi: Regional təhlükəsizlik mexanizmləri və ortaq hüquqi baza yaradılması.

7. Böhran idarəetməsi və risklərin azaldılması

Qısa müddətli tədbirlər:
– Milli Təhlükəsizlik Şurasının fəaliyyətinin gücləndirilməsi: Xarici təhdidlərə qarşı çevik və səmərəli qərarlar qəbul edə biləcək strukturun yaradılması.
– Strateji ehtiyatların artırılması: Qida, yanacaq və digər həyati vacib resursların ehtiyatlarının saxlanılması.

Orta müddətli tədbirlər:
– Böhran vəziyyətlərində idarəetmə planlarının hazırlanması: Hərbi, iqtisadi və siyasi təhdidlərə qarşı qabaqlayıcı tədbirlər.
– Mülki müdafiə sisteminin inkişafı: Əhali arasında böhran vəziyyətlərində davranış qaydalarının təbliği.

Uzun müddətli tədbirlər:
– Risklərin erkən aşkarlanması sistemi: Xarici və daxili təhlükələri əvvəlcədən müəyyən etmək üçün süni intellekt və böyük məlumatlar (big data) texnologiyasının tətbiqi.
– Milli dayanıqlılıq strategiyasının hazırlanması: Cəmiyyətin, iqtisadiyyatın və dövlət qurumlarının hər cür təhdidə qarşı davamlılığını təmin etmək.

Bütün bu tədbirlər planı Rusiyanın Ukraynada qələbə qazandığı və postsovet məkanında təsirini artırdığı halda Azərbaycanın müstəqilliyini və təhlükəsizliyini qorumağa yönəlib. Hərbi gücün artırılması, iqtisadi dayanıqlılığın təmin edilməsi, informasiya müharibəsinə hazırlıq və strateji xarici siyasət Azərbaycanın gələcək təhdidlərə qarşı ən güclü müdafiəsidir.

Allah Azərbaycanımızı qorusun! Allah Dövlətimizi və onun başçısını qorusun!

Əhməd Şahidov
Siyasi şərhçi
www.shahidov.com