İNANMIRAM

Yox, mən inanmıram bu nağıllara,
Bu boş ümidlərə, boş xəyallara.
Zərrə qədər yox qəlbimdə inamım
Bir saman çöpüdür dinim, imanım.
İnsanların sevgisi də yalandır,
Bir-birinə nifrəti də, kini də
Dostluqdakı ən sarsılmaz teli də,
Yalanla yoğrulub, mən inanmıram.
İnanmıram saf, dürüst məhəbbətə,
Vətənini sevənə inanmıram.
Vətən deyib üz tuturlar qürbətə
Qürbətdəki vətənə inanmıram.
İnanmıram Allah yaratsın bizi,
İstəsin ki, zülm çəkək dünyada.
Bir-birini oğurlayıb, öldürüb
Əzab verək, həsrət çəkək dünyada.
İnanmıram bu dünya bir sınaqdır,
Ki, dünyanın sonu olsun nəhayət,
Lap əzəldən bu dünya elə haqqdır
Boş söhbətdir nə cəhənnəm, nə cənnət!
Tək bir şeyə inanıram həyatda
Bu dünyada xəyanət var, yalan var.
Şan-şöhrətçün, beş-on manat pul üçün
Satqınlığı mücadilə sayan var.
Amma yenə inanıram həyata
İnanıram sevgi var olasıdır.
Əsas olan heç də məhəbbət deyil,
Məhəbbətə inamın olmasıdır.
Əhməd ŞAHİDOV
14 Noyabr 2010-cu il, saat 05:15, Bakı, Azərbaycan
Bu yazını Facebookda şərh et