Qəlbin sarı simi bərk titrəyəndə,
Həyatın sərt üzü qəddin əyəndə,
Məhəbbət yarası duz göynəyəndə
Ağrını sözüylə sağaldandı dost.
Sənə görə saçını ağardandı dost.
*****
Xoş günündə sənə dost deyənlərdən,
Bol süfrənin nemətin yeyənlərdən
Səni görçək boynunu əyənlərdən,
Dost olmayıb, olmayacaq sənə dost,
Başqa yerdə axtar tap özünə dost.
*****
Dost odur ki, səni özü tək sevsin,
Sənin rifahınçün min zəhmət çəksin.
Sənin də ürəyin onu səsləsin,
Ürəyin səsinə hay verəndi dost.
Dostluğu Allahdan pay biləndi dost.
*****
Dost gərək dostunu darda qoymasın,
Paxıllıq eyləyib, pulun saymasın.
Dost gərək dostundan heç vaxt doymasın
Doyula bilməyən var-dövlətdi dost
Döyüşlə alınan qənimətdi dost.
*****
Dost deyərəm o dosta ki, dost olsun,
Ən ağır günümdə yanımda olsun.
Qəfil ölsəm, hirsdən saçların yolsun,
Məzarım önündə ağlayandı dost.
Mənə görə qara bağlayandı dost.
*****
Axtarıram o dostumu hardadır?
Bilmirəm, ya yaxında, uzaqdadır.
Gəl çıx, ey dost, Əhməd indi dardadır
Əhmədi zülmətdən qurtarandı dost.
Onu haqq yoluyla aparandı dost.
Əhməd ŞAHİDOV
22 Avqust 2010-cu il, saat 04:00