KÜLƏK

Bir anlıq ayaq saxla, dinlə məni sonadək,
Çatdır ürək sözümü sevgilimə, ay külək!
Çatdır onsuz yaşanan illərimi, ayımı,
Apar həsrətlə dolu məhəbbət qatarımı.
Yetir məni tərk edən o gül üzlü yarıma,
Hər gün bir az da sevdim, təəssüflər olsun ki,
Çatdıra bilmədiyim sevgimi, hisslərimi.
Dinlə məni, ay külək, hər sözümü, kəlməmi,
Qoy əllərim toxunsun sənin soyuq üzünə,
Qoy əllərim darasın sənin gur saçlarını,
Bir az mənə yaxın dur, qoy öpüm gözlərindən,
Qoy tutum əllərindən, qoy sarılım ürəkdən.
Sən də görüş yarımla, öp onun gözlərindən.
Öz soyuq əllərinlə isit onun qəlbini,
Dilə tut sevgilimi, danış mənim adımdan.
Danış hər gün tək-tənha gəzdiyim, dolaşdığım,
Onsuz keçən günümdən, onsuz güzəranımdan.
Qoy inansın sevgimə, qoy bağışlasın məni,
Gəlsin bir də qovuşaq, bir də yenidən sevək.
Çalış onu razı sal, elçi göndərdim səni,
Həyatım səndən asılı, yalnızca səndən külək!

Əhməd ŞAHİDOV
02 İyul 2010-cu il, saat 21:45, Bakı, Azərbaycan
Bu yazını Facebookda şərh et