ƏBÜLFƏZ ELÇİBƏYƏ

Sağlığında qiymət verə bilmədik,
Ölümün ayıltdı bizi qəflətdən.
Səndən sonra xoş gələcək görmədik
Sən idin millətin sabahı demək.
Millətin azadlıq ruhu sən oldun
Yığdın meydanlara bütöv bir xalqı
Qoruya bilmədik, günbəgün soldun
Tək səndən öyrəndik biz azadlığı.
Sən bu yer üzünə dahi tək gəldin
Heç sığa bilmədin səkkiz milyona
Bütün Türk dünyası sənə sığındı
Sən Böyük Turana böyük dayaqdın.
Qəlbin Təbriz ilə döyündü hər an
Bütöv Azərbaycan həsrətindəydin.
İnşallah, çin çıxar arzun bir zaman
Birləşər, bir olar xalqın, millətin.
Məzarın önündə dayanıb, durub
Düşünürəm, sənin sön günlərini
Ölüm ayağında arxadan vurub
Sənə ləkə yaxan o şərəfsizlər,
Vətəni, milləti bir pula satıb
Vicdandan dəm vuran mərifətsizlər
Görən utanırmı vicdan önündə?!
Səninlə başlanan bu mübarizə
Bu sevgi, bu həsrət heç zaman bitməz,
Birləşsə, bir olsa, ulu məmləkət
Doğulsa dünyaya yenə igidlər
Onlardan heç biri sənin tək sevməz
Millətin, bayrağın dəlicəsinə,
Qəbrin nurla dolsun, min rəhmət sənə!

Əhməd ŞAHİDOV
24 İyun 2010-cu il, saat 19:41, Bakı, Azərbaycan