Xaricdə çoxsaylı azərbaycanlı tələbələrin təhsil alması sevindiricidir, amma…
Azərbaycanın xarici siyasət prioritetlərindən biri və bəlkə də ən başlıcası diasporun qurulması, təşkilatlanması və milli maraqlar uğrunda diasporun fəaliyyətindən maksimum istifadə olunmasıdır. Ən azından düşmən tərəfin xaricdəki lobbisinin son illər boyu Azərbaycanın milli maraqlarına nə qədər zərər vurduğunu hamımız bilirik. Ermənistan bir dövlət kimi qat-qat zəif olsa da, erməni lobbisi bütün dünyada güclü təşkilatlanmış fəaliyyəti ilə seçilir. Odur ki, bu sahədə hələ görməli olduğumuz işlər var. Mən Azərbaycanın güclü diasporunun təşkilatlanmasında xaricdə təhsil alan tələbələrin rolunu araşdırmaq qərarına gəldim. Ən azından ona görə ki, mən özüm də Moskvada – Rusiya Federasiyası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının “Hüquq” fakültəsində təhsil alıram və bu sahədəki vəziyyəti yaxşılaşdırmaq arzusundayam. Əslində Azərbaycan diasporunun ən tərəfsiz hissəsi məhz tələbə gənclərdir. Çünki, əfsuslar olsun ki, xaricdə yaşayan həmyerlilərimiz ayrı-ayrılıqda fəaliyyət göstərir, milli maraqlar uğrunda birgə fəaliyyət göstərməyə cəhd etmirlər. Bunun səbəbi isə onların mənsub olduğu siyasi partiyalardır. Əslində, bu, bütün millətin problemidir. Çünki, Azərbaycanda siyasi fəaliyyət göstərmək mədəniyyəti hələ tam formalaşmayıb. İnsanlar sanki, bir-birinin siyasi rəqiblərinə düşmən kimi münasibət bəsləyirlər. Təbii olaraq, həmin şəxslərin övladları da xaricə təhsil dalınca gedəndə digər siyasi düşərgədən olan tələbələrə düşmən kimi baxırlar. Bu, məncə düzgün deyil. İnsan gərək milli maraqlar naminə siyasi rəqibi ilə eyni mövqedən çıxış etməyi bacarsın. Bu, siyasi etikanın ən ümdə prinsiplərindən biridir.
Qayıdaq, yenə xaricdəki tələbələrin vəziyyətinə. Kokret olaraq, Rusiya barədə danışmaq istəyirəm. Qeyri-rəsmi məlumatlara görə, Rusiyada 3 milyona yaxın azərbaycanlı yaşayır. Bu, xeyli insan deməkdir. Ən azından yüz min azərbaycanlı tələbənin Rusiyada təhsil alması ehtimal olunur. Lakin Rusiyadakı azərbaycanlıların xüsusiyyəti bir qədər başqadır. Bu ölkədəki azərbaycanlı tələbələr diaspor fəaliyyətindən çox, biznes maraqlarını üstün tuturlar. Amma bu sahədə vəziyyətin ağır durumda olduğunu demək də düzgün olmazdı. Ən azından Rusiyada Leyla Əliyeva faktoru var.
Mən 2009-cu ilə qədər Leyla Əliyeva ilə heç bir tanışlığım yox idi. Müəyyən məsələlərdə bəlkə də siyasi baxışlarımızın üst-üstə düşməyəcəyini zənn edirdim. 2010-cu ilin Yanvar ayında Moskvaya təhsil almağa yollandım. Oradakı diaspor təşkilatlarının fəaliyyəti ilə maraqlanırdım. Bir qədər məyus olmuşdum. Çünki, koordinasiya bir qədər zəif idi. Lakin tələbə gənclər arasındakı koordinasiya haqqında bunu demək düzgün olmazdı. Fevral ayının 26-a kimi Rusiyadakı azərbaycanlı tələbələr barədə dolğun məlumatım yox idi. Amma Leyla Əliyevanın rəhbəri olduğu AMOR təşkilatı tərəfindən həyata keçirilən “Xocalıya Ədalət” kampaniyası çərçivəsində təşkil olunan anım mərasiminə dəvət olunanda çox sevindim. Düzü gözləmirdim. Elə bilirdim ki, bucür tədbirlərə yalnız hakimiyyət yönümlü gənclər dəvət olunur. Lakin milli maraqlar naminə siyasi mənsubiyyətin arxa plana keçməsinin canlı şahidi oldum. Böyük həvəslə həmin tədbirə qatıldım. Və azərbaycanlı tələbə gənclərin güclü təşkilatlanmasını gördüm. Tədbirə 500-ə yaxın azərbaycanlı tələbə gəlmişdi. Hətta tədbir keçirilən zalda oturmağa yer də yox idi, onlarla tələbə ayaq üstə tədbirin gedişini izləyirdi. Moskvada bu qədər tələbəni bir yerə toplamaq böyük uğurdur. Bu, güclü təşkilatlanmanın nəticəsi idi. Bu təşkilatlanmanın yeganə səbəbi isə Leyla Əliyeva faktoru idi. Mən ilk dəfə olaraq Leyla Əliyevanı siyasi fiqur kimi deyil, məhz ictimai xadim kimi qəbul etdim. L.Əliyevanın tələbələrlə səmimi ünsiyyəti, onların problemləri ilə maraqlanması artıq bu sahədə irəliləyişlərin olmasından xəbər verirdi.
AMOR təşkilatının demək olar ki, əksər nüfuzlu ali təhsil müəssisələrində özəkləri, dərnəkləri fəaliyyət göstərir. Mütəmadi olaraq, bir yerə toplaşan azərbaycanlı tələbələr ölkəmiz üçün önəmli tarixlərdə silsilə tədbirlər keçirir və bu barədə Rusiya mətbuatında məqalələr dərc olnur. Lakin bu, ictimai bir fəaliyyətdir. Çox yaxşı olardı ki, dövlət özü bu sahədə ciddi addımlar atsın. Diaspor Komitəsinin daxilində tələbələrlə iş üzrə şöbə yaradılsın. Əgər belə bir şöbə varsa, onda bu qurum daha ciddi addımlar atsın. Nəinki hakimiyyət yönümlü gənclər, hətta müstəqil və müxalifət yönümlü gənclərin də xaricdə təhsil almalarına imkan yaradılsın və onların milli maraqlar naminə birləşməsi təmin olunsun.
Mən bir gənc tələbə kimi çox istərdim ki, xaricdəki tələbələrimiz bir-birinə münasibətdə hakimiyyət-müxalifət prizmasından yanaşmasın. Milli maraqlar uğrunda, Azərbaycan naminə həyata keçirilən tədbirlərdə bir olsunlar və bütün potensialını Azərbaycanın xoşbəxt gələcəyi üçün xərcləsinlər!
PhD Əhməd ŞAHİDOV
Rusiya Federasiyası Prezidenti yanında Dövlət İdarəçiliyi Akademiyasının “Hüquq” fakültəsinin 3-cü kurs tələbəsi