SEVGİ NAĞILI (Deyişmə)

Əhməd Şahidov:
O ala gözlərdir səni sevdirən,
Ürəyimi yaxıb külə döndərən.
Lal olmuş könlümü hey dinləndirən
Bir zərif baxışlı üzünü sevdim.
Qəlbə məlhəm olan sözünü sevdim.

Ramilə Zeynalova:
Sən məni sevmisən, mən də özgəni,
Bilsəm ki, ürəkdən demir kəlməni,
Atmazdım boynuma sevgi kəməndi.
Yaşayıb ömrümü başa vurardım.
Qəlbimi sevgidən uzaq tutardım.

Əhməd Şahidov:
Yaşamaq ürəkdən sevmək deməkdir,
Sevgiylə yaşayıb, sevgiylə ölmək,
Sevgiylə ömrünü sürmək deməkdir.
Bu üzdən mən səni bəyəndim, sevdim,
Sən özgəni sevdin, mən səni sevdim.

Ramilə Zeynalova:
Sevgim mənim üçün ağır yük oldu,
Soyuğa dözməyən gül kimi soldu.
Qəhərə boğulub gözlərim doldu,
İndi gəl qəlbimə toxunma barı,
Ürəyim sevgidən yaralı, dağlı.

Əhməd Şahidov:
Mən səni sevdim ki, sənə yar olum,
Səninlə yaşayıb bəxtiyar olum.
Dərdinə-sərinə, ömür yoluna
Çıraq olmaq üçün mən səni sevdim.
Səni yaşatmaq üçün mən səni sevdim.

Ramilə Zeynalova:
Sən mənə “Sevginə yar olum” demə,
Belə bir kəlməylə üstümə gəlmə.
Ürəyim onundur, sözümü dinlə,
Sevgimi yarıya mən böləmmərəm.
Ona “canım” dedim, o, bütöv mənəm.

Əhməd Şahidov:
Səni sənsiz sevəcəyəm, qərarımı vermişəm,
Həyatda çox acılar, xəyanətlər görmüşəm.
Mən həyatda kimsəyə “Sevirəm” deməmişəm,
Səbəbini soruşma, çünki mən səni sevdim,
Sənin hər bir kəlməni, “Hə” və “Yox”unu sevdim.

Ramilə Zeynalova:
Mən də öz sevgimə şad olammadım,
Həyatda sevinib, xoş dolanmadım.
Ürəyim istədi, mən də aldandım,
“Sevirəm” sözünü mən də demişəm,
Ruhumun sahibi özüm bilmişəm.

Əhməd Şahidov:
Demək, həyat bizi sınağa çəkir,
Gəl, biz bu sınaqdan üzüağ çıxaq.
Sevgisiz sənin də qəlbin ah çəkir,
Sən məni sev, axı mən səni sevdim.
Qəlbimdə, ruhumda tək səni sevdim.

Ramilə Zeynalova:
O, mənim olubdur həyat sınağım,
Güvəndiyim insan, həm də dayağım,
Ömrümə nur saçan, uzaq çırağım.
Ancaq mən sevgimə sadiq olmuşam,
Bu acı ahlarla tənha qalmışam.…

Əhməd Şahidov:
O, qoy sevgin olsun, mən də ki dostun,
Səninlə ünsiyyət yenə bəsimdir.
Amma sənə olan sevgim ölməzdir,
Çünki səni gözəl qadın tək sevdim.
Əgər dost olduqsa, dostluğu sevdim.

Ramilə Zeynalova:
Bax, indi sevindim “dost” kəlməsinə,
Mənə təslim olan həzin səsinə,
Dostluğu sevdirdim sənin bəhsinə.
Sevgimiz ayrıca bir dar qəfəsdə,
Unutma, dostuq biz ömür bitsə də.

Əhməd Şahidov:
Sənə təslim olmaq gərəkdir mənə,
Səninlə dost olmaq şərəfdir mənə.
Dostluq da sevgidir, münasibətdir,
Dostluqda sonacan sadiqəm, varam,
Mən səni heç zaman unudammaram!
Çünki səni doğan ananı sevdim!
Ruh verən, can verən Yaradanı sevdim!

22 Mart 2010-cu il saat 03:52, Rusiya Federasiyası

Bu yazını Facebookda şərh et