Dərddən dərd törənib bir dərd olubdur,
Dərdi məndə gəzin, dərdsiz dostlarım.
Dərdsiz günüm yoxdu dərdli dünyada,
Dərd əlindən ağarıbdır saçlarım.
*****
Dünyaya gəlişim özü bir dərddir,
Pis niyyət insanın gözü bir dərddir.
Sevdiyimin “Sevmirəm” sözü bir dərddir,
Qaçıram baş alıb dərdin əlindən.
*****
Elə dərdim var ki, kimsə bilməyir,
Bilməyir nə dostlar, nə yaxınlarım.
Dərdimə çarə yox, heç axtarmayın,
Ağ yeyir qırmızın, yox olur qanım.
*****
Hələ bu dərdimə dərd də gəlibdir,
Hamı məndən xoş gələcək gözləyir.
Nə qədər gücüm var, tab gətirəcəm,
Bacarmasam, başa düşün dərdimi.
*****
Hamının öz yolu, öz taleyi var,
Mənim ömür yolum bura qədərmiş.
Çox az ömür sürüb vida edirəm,
Amma yenə yaşamaq nə gözəlmiş.
*****
Dostlar, sizə son dəfə səslənirəm,
Ola bilsin xətrinizə dəymişəm.
Sonra vaxtım olmaz, halallıq verin,
Heç olmasa, qoy unudum dərdimi.
*****
Anam, göz bəbəyim, bəsdir ağlama,
Gözündəki hər yaşına qurbanam.
Qəbrim üstə ürəyini dağlama,
Artıq mən indidən ölmüş insanam.
Əhməd Şahidov
21 Mart 2010-cu il, saat 04:22, Moskva, Rusiya