BU GECƏ MƏN ŞEİR YAZA BİLMİRƏM

Yenə qələm, ağ kağız və mən
tək qalmışıq.
Yapa yalnız bir otaqda üçümüzük
kağız qələmə baxır, qələmsə mənə
mən isə gözlərimi yumub səni xatırlayıram.
Nə isə yazmalıyam bu gecə,
sevgidən, hisslərimdən, səndən
nəsə yazmalıyam, amma nədən, bilmirəm
Bu gecə mən şeir yaza bilmirəm.

Hər şeyi yazmaq da olmur kağıza
İlk görüşümüzü, tanışlığımızı
ilk öpüşümüzü.
gecələr səhərə qədər yazışmağımızı
ilk dəfə başını çiynimə qoyub ağlamağını
əl-ələ tutub qaranlıq Bakı gecəsində
hamıdan gizlənərək oğrun-oğrun gəzməyimizi
Daha nələr yaşadıq birlikdə, bilmirəm
Bu gecə mən şeir yaza bilmirəm.

Bilmirəm sənin adını çəkim, ya çəkməyim
adını çəksəm, utanarsanmı görəsən?!
Bilmirəm səni ilk dəfə opdüyümü yazım, ya yazmayım
Bunu yazsam, mənə qızarsanmı görəsən?!
Səninlə ilk dəfə tək qaldığımızı,
bir-birimizə dəlilər kimi sarıldığımızı
Bilmirəm yazım, ya yazmayım
ilk məhəbbət nağılımızı?!
Bəlkə də olanlar, yaşananlar
bir nağıl yox, reallıqdır bilmirəm
Bu gecə mən şeir yaza bilmirəm.

Ürəyim daha cəsarətlidir qələmimdən
Deyir yaz sevgimizdən,
sənə olan hisslərimdən, səndən.
Hər şeyi olduğu kimi yazmağımı istəyir,
ürəyim səni istəyir, əl çəkmir məndən.
Bilmirəm neynəyim.
Axı biz bunları yaşamışıq
sevmişik bir-birimizi.
Axı özün də deyirsən ki,
mən sənin Allahdan sevgi payınam.
Axı özün də etiraf edirsən ki,
mənim yanımda xoşdur sənə.
Xoş keçir günlərimiz birlikdə
Unuduruq dərdi-səri, bizi üzənləri
ancaq ikimiz oluruq, bir də
bu sevgiyə şahid olmaq istəyən
masanın üzərində məni gözləyən
o ağ kağız və qələm
deyir, Əhməd, otur yaz!
Lap başımı itirmişəm
qalmışam iki daş arasında
Nə eyləyim bilmirəm
Yox! Bugün alınmadı nəsə
Bu gecə mən şeir yaza bilmirəm.

Əhməd ŞAHİDOV
15 Yanvar 2012-ci il, 18:05, Bakı, Azərbaycan

Bu yazını Facebookda şərh et