SƏNİ SEVƏCƏYƏM ÖLƏNƏ QƏDƏR

Bu sevgi ağır bir sınaq olsa da,
Qəlbim bu həsrətdən yaşa dolsa da,
Sənsizlik ağlayıb saçın yolsa da,
Sevib başqasını yaşamaram hədər
Səni sevəcəyəm ölənə qədər!

Görsəm ki, uğur da gen qaçır məndən
Yenə ümidimi üzmərəm səndən
Tək qalsam həyatda, lap düşsəm əldən
Mən ruhdan düşmərəm heç zərrə qədər
Səni sevəcəyəm ölənə qədər!

Yox desən də mənim bu hisslərimə,
Ağlamaqdan qan sızsa gözlərimə
Gülsən, inanmasan bu sözlərimə
Dağlara düşərəm Məcnundan betər
Səni sevəcəyəm ölənə qədər!

Fələk bizi sevgi ilə sınasa,
Namərd oxun qəlbimizə tuşlasa,
Ölüm səni alıb məndən aparsa,
Sevgim də ölümün özüylə gedər,
Səni sevəcəyəm ölənə qədər!

Çox istərəm təkcə mənim olasan,
Çünki sən Allahdan sevgi payımsan
Sənsiz yaşamaram, mənim canımsan
Səni görcək ruhum, gözlərim gülər
Səni sevəcəyəm ölənə qədər!

Əhməd ŞAHİDOV
09 Yanvar 2012-ci il, 01:25, Bakı, Azərbaycan

Bu yazını Facebookda şərh et