Qax barədə duyğusal düşüncələrim… və ya duyğularımın mənbəyi olan torpaq

Bu yazımı qələmə alarkən bir qədər emosionalam, hiss edirəm ki, duyğularım hakim kəsilib mənə. Amma yenə də hisslərimə tabe olmamağa çalışır və fikirlərimi sətirlərə düzürəm.

Amma onu da deyim ki, ən səmimi fikirlər elə emosional olarkən deyilən sözlərdir.

Məni tanıyanlar yaxşı bilir ki, Azərbaycana bağlı bir insanam. Hər zaman çalışıram ki, hər addımımda Vətənimə faydalı olum. Ölkəmin bütün nöqtələrini sevirəm, heç zaman görmədiyim və fəaliyyətimin böyük hissəsini təşkil edən Dağlıq Qarabağı isə lap çox sevirəm.

Amma Qax rayonunun adı çəkiləndə bir qədər duyğusallaşıram, ən kövrək hisslər dolur içimə, sanki uşaq kimi oluram. Bəlkə də uşaqlıq illərim o torpaqlarda keçibdir deyə belə oluram. Hətta bir zamanlar Qax rayonu ilə bağlı bir şeirimdə belə yazmışdım:

Səndə mənim uşaqlıq illərim var,
Babamın, nənəmin əl izləri var.
Torpağa bağlıyam, sevirəm, çünki
Gözəl İlisum var, Qaxım var mənim.

Deməzdim ki, Qax rayonu Azərbaycanın ən dilbər guşəsidir. Əsla! Vətənimizin gözəl, dilbər və cənnət kimi məkanları çoxdur. Hamısı da bir-birindən göz oxşayır, adları dillər əzbəridir.

Xülasə, sözümü yenə Qaxa gətirirəm. Özümü dərk edəndən yay tətilinə Qaxa yollanardıq. Rəhmətlik nənə-babamla görüşərdik, yaxınlarımıza qonaq gedərdik. İllər keçdikcə Qax mənimçün həm də ruhumun dincəldiyi, hər kəsdən qaçıb gizlənmək istədiyim bir yerə çevrildi. Gündəlik işdən-gücdən, qayğılardan və problemlərdən qaçıb canımı qurtarmaq istəyəndə birbaşa Qaxa gedərdim. Qaxa ehtiyacım olanda səssiz-səmirsiz çıxıb gedirdim…

Son bir-neçə ildə isə Qax rayonu mənimçün tamam başqa bir anlam kəsb etməyə başlayıb. Qax mənimçün həm də bir məsuliyyətə çevrilib. Elə hiss edirəm ki, mənim köməyimə ehtiyacı olan insanlar hər zaman məni gözləyirlər orada. Ən müxtəlif məsələlərlə bağlı mənə müraciət edən insanlar var Qaxda. Hər dəfə də çalışıram ki, onlara gücüm çatandan nəsə faydam toxunsun. Allaha şükürlər olsun, hələ ki başımız aşağı olmayıb Qax camaatı qarşısında.

Bəzən dostlarla oturub söhbətləşəndə Qaxla bağlı hər hansı xəbəri dərhal mənə çatdırırlar. Ən adi xəbərlər olsa belə, dostlarım onu mənə deməyə tələsir. “Əhməd, xəbərin oldu da, Qaxa dolu yağıb, bəzi kəndləri su basıb”, “Qaxda filan abituriyent 700 bal toplayıb” və sairə bu kimi gündəlik xəbərləri mənə çatdırmağa tələsən insanlar var. Hər zaman bunun səbəbini anlamağa çalışmışam.

Bugün Qax rayonu mənimçün istirahət mərkəzindən daha çox məsuliyyət mənbəyimdir. Hər dəfə Qaxa səfərimi əvvəlcədən planlaşdırıram, hansı kəndlərə gedib kimlərlə görüşəcəyimi dəqiqləşdirirəm. Çalışıram ki, Qaxdakı xeyir-şər məclislərində yaxından iştirak edim. Təvazökarlıqdan uzaq səslənə bilər bəlkə də, amma hər dəfə sadə qaxlılarla görüşəndə gündəlik qayğıları barədə danışırlar mənə. Bəzən gücsüz oluram, əlacsız qalıram, insanlara necə kömək edə bilərəm deyə vurnuxuram. Amma yenə mənəvi dəstək verməyi unutmuram.

Tez-tez dostlarım mənə zarafatyana irad tuturlar ki, niyə hər zaman Qaxdakı qayğılar barədə danışırsan, əsasən Qax rayonundakı insanların müraciətlərini qabardırsan?! Tam səmimi deyirəm ki, bunun səbəbi Qaxlı olduğumçün deyil. Qaxda doğulduğum və Qaxda qohum-əqrabalarımın yaşaması da buna səbəb sayıla bilməz.

Səbəb çox sadədir. Artıq anlayıram ki, mənim Qaxa ehtiyacım olduğu kimi, Qaxdakı insanların da mənim köməyimə ehtiyacları var. Hər yerdən əlləri üzülən sadə qaxlılar mənə zəng edir, yazırlar. Bu insanların mənə tərəf uzanan əllərini geri çevirmək mənim həyat prinsiplərimlə qətiyyən uzlaşmır.

Odur ki, nə qədər sağam, yaşayıram, hər zaman Qaxlıların xidmətində olacam. Çünki, məni son mənzilə yola salacaq insanlar məhz onlar olacaq. Allah hələ uzun illər birlikdə olmağı qismət etsin bizlərə, əziz Qaxlılar!

Əhməd Şahidov
18 İyul 2017-ci il
Bakı şəhəri, Azərbaycan