Yaxın Şərqdə İran ətrafında artan gərginlik, Hörmüz boğazında təhlükəsizlik riskləri və ABŞ-İran münasibətlərindəki böhran beynəlxalq gündəmin əsas mövzularından biri olaraq qalır. Son günlər ABŞ Prezidenti Donald Trump ilə Çin lideri Xi Jinping arasında keçirilən görüşlərdə də İran məsələsi əsas müzakirə mövzularından biri olub. Mövzu ARB24 Televiziyasında müzakirə edilib.
Siyasi şərhçi Əhməd Şahidov bildirib ki, İran ətrafında yaranmış böhran artıq təkcə Tehran və Vaşinqton arasındakı qarşıdurma deyil, eyni zamanda ABŞ və Çin arasında geosiyasi razılaşma məsələsinə çevrilib: “Hazırda görünən mənzərə budur ki, İran məsələsinin həlli birbaşa ABŞ və Çin arasında əldə olunacaq anlaşmadan asılıdır. Çünki Çin İran iqtisadiyyatının əsas dayaqlarından biridir və Pekinin mövqeyi dəyişmədən Tehran üzərində ciddi təsir yaratmaq çətindir. Trump administrasiyası da bunu anlayır və məhz buna görə Çinlə aparılan danışıqlarda İran mövzusu ön plana çıxır.”
Əhməd Şahidovun sözlərinə görə, hazırda regionda vəziyyət olduqca təhlükəli mərhələdədir və xüsusilə Hörmüz boğazı ətrafında hər an yeni toqquşma baş verə bilər: “ABŞ və İranın irəli sürdüyü şərtlər bir-birinə ziddir və yaxın perspektivdə birbaşa razılaşma görüntüsü yoxdur. Ona görə də əsas açar rolunu Çin oynaya bilər. Əgər Vaşinqton və Pekin müəyyən ortaq mövqeyə gələ bilməsələr, Hörmüz boğazında baş verəcək hər hansı insident geniş hərbi əməliyyatlara və yeni regional müharibəyə səbəb ola bilər.”




