Putinin G7 zirvəsinə dəvət edilməsi Avropada fikir ayrılığı yaradıb – Əhməd Şahidov ARB24 Televiziyasına danışıb


Fransada keçiriləcək G7 liderlərinin görüşü ərəfəsində ABŞ Prezidenti Donald Trump Rusiyanın da bu platformada təmsil olunmasının vacibliyini vurğulayıb. Vaşinqtonun bu mesajı Avropa siyasi dairələrində birmənalı qarşılanmayıb və xüsusilə Ukrayna-Rusiya müharibəsi fonunda Rusiya Prezidenti Vladimir Putinin sammitə mümkün qatılımı ətrafında ciddi fikir ayrılığı yaranıb.

ARB24 Televiziyasına açıqlama verən siyasi şərhçi Əhməd Şahidov bildirib ki, Avropa liderləri arasında Vladimir Putinin G7 zirvəsində iştirakı ilə bağlı ortaq mövqe yoxdur: “Hazırkı geosiyasi şəraitdə, xüsusilə Ukrayna müharibəsi davam etdiyi bir dövrdə Vladimir Putinin Fransaya səfər etməsi və G7 sammitində iştirak etməsi inandırıcı görünmür. Hətta Donald Tramp bu məsələyə müsbət yanaşsa belə, Vladimir Putin arzuolunmadığı tədbirə qatılmağa maraqlı olmayacaq.”

Əhməd Şahidov qeyd edib ki, buna baxmayaraq, beynəlxalq platformalarda dialoq imkanları tamamilə bağlanmayıb: “Bu ilin dekabr ayının 14-15-də Mayami şəhərində keçiriləcək G20 zirvəsində Vladimir Putinin iştirakı artıq gündəmdədir. Bu isə göstərir ki, Qərblə Rusiya arasında münasibətlərdə gərginlik davam etsə də, müəyyən beynəlxalq formatlarda təmas və siyasi dialoq imkanları qorunub saxlanılır.”