Ermənistanda seçkilərin nəticəsi Azərbaycanla münasibətlərə birbaşa təsir edəcək – Əhməd Şahidov ARB24 Televiziyasında danışıb

Ermənistanda iyunun 7-də keçiriləcək parlament seçkiləri ərəfəsində siyasi gərginlik artmaqda davam edir. Hakim “Vətəndaş Müqaviləsi” Partiyası ilə müxalif qüvvələr arasında qarşıdurma dərinləşdiyi bir vaxtda, seçki kampaniyasında geosiyasi mövzular, Azərbaycanla münasibətlər və təhlükəsizlik məsələləri əsas müzakirə predmetinə çevrilib. Son günlər Baş nazir Nikol Paşinyanın istefaya hazır olması barədə açıqlaması, müxalifətin aşağı seçici fəallığından narahatlığı və Rusiyanın Ermənistana dair sərt mesajları ölkədə seçki atmosferini daha da gərginləşdirib.

Bu barədə siyasi şərhçi Əhməd Şahidov ARB24 Televiziyasının “Gündəm” verilişində danışıb. Əhməd Şahidov bildirib ki, Ermənistanda seçkilər artıq adi siyasi yarış xarakterini itirib və ölkənin gələcək geosiyasi istiqaməti uğrunda mübarizəyə çevrilib: “Nikol Paşinyan çalışır ki, özünü xalqın iradəsinə söykənən lider kimi təqdim etsin. O anlayır ki, əvvəlki seçkilərlə müqayisədə cəmiyyətdə yorğunluq və narazılıq artıb. Buna baxmayaraq, Paşinyan hələ də seçkinin əsas favoriti hesab olunur. Çünki müxalifət parçalanmış vəziyyətdədir və vahid siyasi platforma ortaya qoya bilmir. Samvel Karapetyan, Arman Tatoyan və keçmiş hakimiyyətə yaxın qüvvələr daha çox revanşist və anti-Qərb ritorikasından istifadə edirlər.”

Əhməd Şahidovun sözlərinə görə, Ermənistan seçkiləri ətrafında Rusiya ilə Qərb arasında ciddi geosiyasi rəqabət müşahidə olunur: “Sergey Lavrovun son açıqlamaları göstərir ki, Moskva Paşinyanın Qərbə yaxınlaşmasından ciddi şəkildə narahatdır və Ermənistanın Ukrayna ssenarisinə sürükləndiyi tezisini gündəmə gətirir. Avropa İttifaqı və ABŞ isə əksinə, Paşinyanı regionda sülh gündəliyini davam etdirə biləcək əsas siyasi fiqur kimi görür. Azərbaycan isə bütün bu prosesi diqqətlə izləyir. Bakı üçün əsas məsələ Ermənistanın hansı siyasi qüvvə tərəfindən idarə olunması deyil, revanşizmdən imtina edib-etməməsidir. Seçkinin nəticələri Azərbaycan-Ermənistan sülh prosesinin sürətinə və regiondakı gələcək təhlükəsizlik balansına birbaşa təsir göstərəcək.”