Keçən ay yaxın dostum Cahidin növbəti kitabı işıq üzü gördü. Əsasən elmi fəaliyyəti ilə bağlı olan, ictimai fəaliyyətini əks etdirən və publisistik məqalələri də özündə cəmləşdirən sanballı bir toplusu çap edilmişdi. Bizim camiəmizdə kitab çat etdirmək artıq adi hal aldığından, bunu xüsusi qeyd etməyə gərək duymurduq. Cahid də təvazökarlıq nümayiş etdirib sadəcə kitabı imzalayaraq, mənə hədiyyə etdi. Elə məni düşünməyə vadar edən də həmin kitabın ikinci səhifəsində yazılan xatirə imzası oldu: “Bu kitab ömrümün önəmli bir hissəsinin məhsuludur. Dostum Əhməd də bu ömrün böyük hissəsinin canlı şahididir.”
“Cahid İsmayıloğlu – 30” adlı kitabın içində mənim adıma imzalan bu sözlər məni sanki qəflət yuxusundan oyatdı. Həqiqətən də, dostum Cahid İsmayıloğlunun 30 illik ömrünün tam 20 ilini mənimlə birlikdə keçirdiyini deyə bilərəm. Bu illər ərzində onun hər bir uğuru – hələ məktəb illərindən tutmuş, elmi fəaliyyətinin son addımlarına qədər – hamısı mənim gözlərimin önündə baş verib və mən bu işıqlı ömrün canlı şahidinə çevrilmişəm.
Əslində, təkcə seyrci qismində qalmamışam. Cahidlə dostluğum mənim özüm üçün də böyük üfiqlər açıb. Atalarımız yaxşı deyiblər: “Dostunu göstər, deyim kimsən!” Həqiqətən də Cahid İsmayıloğlu ilə dostluq edə-edə onunla eyni ömrü yaşamış olmuşam. Yaxşı yadımdadır, hələ 1992-ci ildə 276 saylı orta məktəbdə eyni sinifdə oxuduğumuz illərdə dərsə birlikdə gedib gəlirdik, çünki eyni məhəllədə qalırdıq. Dərsdən sonra da həyətdə birlikdə oynamaqlarımız, qonşu məhəllənin uşaqları ilə mübahisə, bəzən də davamız olanda, çiyin-çiyinə vuruşmağımız bizim hələ uzun illər birlikdə olacağımızı və bunun möhkəm bir dostluğa çevriləcəyini labüd edirdi.
Orta məktəbi bitirdikdən sonra isə universitet həyatı gəlirdi. Bakı Dövlət Universitetinə qəbul olunan Cahid İsmayıloğludan fərqli olaraq, mən Bakı Slavyan Universitetinə qəbul olunsam da, ixtisaslarımız yaxın idi – hər ikimiz humanitar sahəni seçmişdik. Tələbəlik illərinin o qayğılı, sevincli illəri Cahid İsmayıloğlunu daha da ötkəm etmiş və hələ 20 yaşında universiteti bitirən Cahid atasının yolunu davam etdirmək qərarına gəlmişdi. Müasir Azərbaycan dilçiliyində, xüsusən də Müasir Türkologiya sahəsində sayılıb-seçilən alimlərimizdən olan filologiya elmləri doktoru, professor İsmayıl Kazımovun bircəcik oğlundan başqa seçimi gözləmək də sadəlövlük olardı, məncə.
Və Cahid İsmayıloğlu bakalavr təhsilini bitirdikdən sonra magistraturaya qəbul olunmaq üçün sənədlərini təqdim etdi. Bəlkə də təsadüfdür, amma mən də həmin il universiteti bitirib BSU-nun magistratura şöbəsinə sənədlərimi təqdim elədim. Təsadüf kimi qəbul etdiyimiz bu illər üzdə olmasa da, mənimlə Cahid arasında bir yarışa, bir rəqabətə qucaq açmış oldu. Artıq hər ikimiz magistr kimi ilk elmi fəaliyyətimizə qədəm qoymuşduq, bizi hələ qarşıda iki illik bir dövr gözləyirdi. Bu illər ərzində elmi dissertasiyamızı yazmalı, elmi konfrans və simpoziumlarda iştirak etməli və gənc alimlər kimi öz sözümüzü deməli idik.
Və deyirdik də… Məndən fərqli olaraq, Cahid İsmayıloğlu Türkologiya istiqamətində elmi araşdırmalarına başladı. Hər gün axşamlar səmimi söhbətlərimiz zamanı Türk dünyasının birliyi, Türk dilinin tarixi və ümumən Türk coğrafiyası barədə böyük coşqu ilə danışan Cahid İsmayıloğlunun milli hisslərini, vətənpərvər çöhrəsini görməmək qeyri-mümkün idi. Mənim ixtisasım olmasa da, böyük həvəslə qulaq asırdım Cahidə. Açığını desəm, mənim özümün Türk millətçiliyinə, Turançılığa sevgim məhz Cahidlə söhbətlərimdən sonra yarandı. Böyük zövqlə ondan nələrsə öyrənməyə çalışırdım və öyrənirdim.
Amma rəqabət hissini də unutmurduq – hər dəfə birimizin hansısa qəzet və ya jurnalda məqaləsi çap ediləndə tez qaçıb o birimizə göstərər və əslində elm yarışmasında bir addım öndə olduğumuzu sübut etməyə çalışırdıq. Bu, sanki ikimizin də həyat devizinə çevrilmişdi – daha çox uğur əldə etmək, daha çox yeniliyə imza atmaq və bu minvalla yeni-yeni zirvələr fəth etmək. Uzun illərin sadiq dostları olduğumuzdan bu rəqabətdə əsla qeyri-sağlam üsullara əl atmadıq, əksinə bir-birimizə daima dəstək olduq və əl tutduq.
İllər keçdikcə biz də püxtələşirdik və artıq yetkin gənc alimlər olaraq, cəmiyyətə atılırdıq. 2009-cu il isə hər ikimizin həyatında silinməz izlər salaraq, bizi ayrılmaz tellərlə bir-birimizə bağladı – Cahid İsmayıloğlu və mən filologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsini uğurla müdafiə elədik və rəsmən alim statusunu qazandıq. Cahidin elmi dissertasiyası daha maraqlı mövzuya həsr olunmuşdu – Türk dünyasının və Türk dilinin əsas sütunlarından olan Mahmud Kaşğarlının “Divani lüğət-it Türk” əsəri üzərində araşdırma aparan gənc alim Cahid İsmayıloğlunun bu mövzudakı monoqrafiyası Türkiyədə nəfis şəkildə dərc edildi. Məhz bu uğurundan sonra Cahid İsmayıloğlu artıq təkcə elmi düşərgədə deyil, həm də ölkənin ictimai həyatında tanınmağa başladı.
Bizim bundan sonrakı dostluğumuzun coğrafiyası artıq ölkə hüdudlarını aşmağa başlamışdı. İlk dəfə mənim, necə deyərlər, əlimdən tutub İstanbula aparan da elə Cahid olmuşdu. Hər dəfə qardaş Türkiyə barədə danışanda bu ölkənin füsunkar gözəlliyindən, İstanbul şəhərinin sehrli mənzərələrindən danışdıqca, artıq özümün də ovsunlandığımı hiss etmişdim və nə olursa, olsun İstanbula gedəcəyimə söz vermişdim… və getdim də.
2009-cu ildə İstanbulda keçirilən və Türk Dünyası Araşdırmaları Vakfı tərəfindən təşkil olunan “Türk Dış Politikası” adlı beynəlxalq elmi konfransda iştirakımız artıq gələcək həyatımızın konturlarını cızmışdı – hər ikimiz elm sahəsində sonadək külünc vurmaqda israrlı idik. Elə həmin il və sonrakı illər Türkiyənin müxtəlif şəhərlərində, o cümlədən Şimali Kiprdə təşkil olunan beynəlxalq elmi konfranslarda və tədbirlərdə iştirakımız eyni zamanda geniş auditoriyaya çıxışımızı da təmin etmişdi.
Bir-birimizdən çox şeyləri öyrənirdik, ən əsası isə yolda daha yaxından tanıyırdıq bir-birimizi.
Bugün də davam edir dostluğumuz və məndən Cahid İsmayıloğlu barədə soruşanda onu ilk növbədə gənc və perspektivli alim kimi xarakterizə edirəm. Əsas fəaliyyəti elmlə bağlı olsa da, Cahidi son illər ölkə ictimaiyyəti tamam fərqli bir rakursdan – informasiya və kommunikasiya texnologiyaları mütəxəssisi kimi də tanımağa başladı. Belə ki, dəfələrlə İKT barədə ölkə mediasında, xüsusən də televiziyalarda, radio və saytlarda çıxışlar edən Cahid İsmayıloğlunun bu sahədə tanınmış şəxsə çevrilməsi onun elmi fəaliyyətini bir qədər kölgədə qoymuşdu. Bəzən söhbət zamanı elə bu barədə də yüngül mübahisələrimiz olurdu – onun elmi fəaliyyətinə daha çox zaman və enerji ayırmasının tərəfdarı idim, bugün də bu fikrin müdafiəçisiyəm.
Ümumiyyətlə, Cahid İsmayıloğlu gənc olmasına baxmayaraq, istedadlı və həyat dolu bir insandır. Onu hansısa sahəyə təmərküzləşdirmək və konkret çərçivələrə məhkum etmək də yersizdir. Onun İKT sahəsindən başqa ədəbiyyata da meyl salması isə mənimçün tamamilə gözlənilməz idi.
Az da olsa, şeirlərini oxumuşam, açığını deyim, çox xoşuma gəlib. Ələxsus da, Türkiyə türkcəsində qələmə aldığı “Uzaktan ölmezliyin” şeirini çox bəyənmişəm, hətta bu ay çapdan çıxacaq yeni romanımda da bu şeirdən istifadə etmişəm:
Keşke bir yağmur olsaydın da
Yağıp bittiğinde bitseydi
Keşke seni hiç görmeseydim de
O güzel sandığım günde
Keşke kağıtdan bir hatıra bırakmasaydım
Ama bana mutluluk veriyor,
Bazen hayattan bıktırtan
Uzaktan, ölmezliğin.
Cahid İsmayıloğlu həm də dar günün dostudur. Həyatımın ən çətin və kəşməkəşli günlərində Cahidi yanımda görmüşəm, onun hər an dəstəyini və dayağını hiss etmişəm. Onunla bağlı saatlarla danışa bilərəm – bu illər ərzində yaşadığımız bəzən gülməli, bəzən də qayğılı anlarımız çox olub, bəzən günlərlə, hətta həftələrlə küsülü qalan vaxtlarımız da olub… amma heç nifrətimiz olmayıb bir-birimizə qarşı, bu hissdən uzaq olmuşuq.
Ötən il mən müqəddəs Həcc ziyarətinə gedəndə də, Allahın evindən qayıdanda da Cahid mənim əziyyətimi çəkib. Bunları unuda bilmərəm və unutmaram da… Allah da səni unutmasın, Cahid!
Əhməd ŞAHİDOV
04 Sentyabr 2013-cü il, saat 01:45, Bakı, Azərbaycan