ƏZRAYIL VƏ ANAM

… Yeni İl gecəsi bu iki qüvvə ölüm-qalım savaşına çıxdılar
Bu məqaləni yazmağa başlayanda qəfildən saata baxıram. 31 Dekabr 2010-cu il saat 23:01-i göstərir. Demək olar ki, 2010-cu ilin son məqaləsini yazıram. Çalışacam 1 saata bitirim ki, 2011-ci ilə bu ab-hava ilə girməyim.
Deməli, dünən dostlarım məni şəhərin gözəl restoranlarından birinə dəvət etmişdilər. Mənə son anda xəbər verildiyindən tələsik başımı yudum, üzümü qırxdım və anamın sözlərinə qulaq asmayıb çıxdım küçəyə. Dostlarla görüşdük, 1-2 nəfər xanım da var idi. Maraqlı söhbətlər, duzlu-məzəli zarafatlar edirdik. Lakin elə görüşümüzün ilk dəqiqələrindən özümü pis hiss eləməyə başladım. Başım sızıldayır, bədənim tir-tir əsir, ayaqlarım elə bil ki, sözümə qulaq asmırdı. Amma məclisin şən ab-havasını pozmamaq üçün durub getmək istəmirdim. Dedim Əhməd, ölsən də, sona qədər oturmalısan. Anam isə tez-tez zəng edir, narahat olduğunu bildirir, tez evə gəlməyimi xahiş edirdi. Hətta son zəngində “Əhməd, mama qurban, sən mənim ölmüşüm, tez gəl evə. Nəsə çox narahatam” dedi. Mən də artıq özümü kifayət qədər narahat hiss etməyə başlayırdım. 4-5 dəfə restoranın ayaq yoluna getdim, başım hərləndiyindən, bir-neçə dəqiqə divara söykənib özümü sakitləşdirməyə çalışırdım. Amma heç bir xeyri olmurdu. Həyatda ilk dəfə idi ki, bədənim tir-tir əsirdi. Dostuma işarə etdim ki, qalxmaq lazımdır, artıq gecə saat 01:00 idi. Biz dostumun avtomobilində evə gəlirdik. Bu il də Yeni İli xəstə-xəstə qarşılayacağımı yəqin etmişdim. Çünki, son 10 ildə hər ad günümdə və ya bayramlarda mən yataqda keçirirdim. Artıq bu, adi vərdiş halını almışdı.

Gecə saat 01:30-da evə daxil oldum. Əyilib ayaqqabılarımı soyunmaq istəyirdim ki, müvazinətimi saxlaya bilməyib yerə yıxıldım. Amma huşum yerində idi. Anam tez qışqırıb atamgili köməyə çağırdı. Məni yatağıma uzatdılar. Artıq özümü dəhşətli dərəcədə pis hiss edirdim. Atam təciri yardım çağırmaq istəyirdi. Anam isə ehtiyac olmadığını bildirdi: “Mən öz balamı özüm sağaldacam indi, sadəcə mənə kömək edin, vəssəlam.”

Bir anlıq gözlərim yaşarmışdı. Hirsimdən ağlamaq istəyirdim. Həm bədənimin ağrıları, həm də anamın mənə görə özünü oda yaxması məni qəhərləndirirdi. Amma özümə söz verdim ki, bayram günü olmaz. Çünki, artıq Dekabrın 31-ə keçmişdi. Anam bütün ləvazimatları hazırladı və atamgili otaqdan çıxardı. Mən isə həyəcandan səsimi də çıxarda bilmirdim. Qəfildən gözüm barmaqlarımdakı üzüklərə sataşdı. Sol əlimdəki üzüyü Məşhəddə ziyarətdə olanda almışdım. Üzüyə baxa-baxa ölümümü düşünməyə başladım. Hətta anamın qolundan tutub “Mama, çıx, qoy rahat ölüm” demək istəyirdim. Dostumuz Turxanın atası Elxan bəyin ölüm qabağı bu sözləri hələ də yadımdan çıxmırdı və ağlaya-ağlaya bu sözləri təkrarlamaq istəyirdim. Amma qorxdum ki, anama pis təsir edər bu sözlər. Çünki, anam qollarını çırmalayıb, bütün varlığı ilə məni sağaltmaq üçün vuruşurdu. Son aylar o qədər ölüm barədə fikirləşmişdim ki, bir anlıq ölümü çağırmaq istədim. Müqəddəs Kitablarda, ədəbiyyatlarda təsvir olunan ölümün əslində necə olduğunu duymaq istəyirdim.

Xəyallarımda bir Əzrayıl obrazı da canlanmışdı. Nədəndir bilmirəm, amma ölsəm, Cənnətə düşəcəyimi düşünürdüm. Çünki, indiyə kimi heç kimin haqqını yeməmiş, heç kimi öldürməmiş, maksimum dərəcədə insanlara əl tutmuş bir insan kimi görürdüm özümü. Amma bunu Allahdan başqa heç kimsə bilmir!

Sanki bir müharibə meydanı yaranmışdı otağımda. Hər iki tərəf – əzrayıl və anam bir-biri ilə vuruşurdular. Biri məni o dünyaya aparmağa, digəri isə məni ailəmizə geri qaytarmağa çalışırdı. İlk dəqiqələrdə əzrayılın daha güclü olduğunu hiss edirdim, çünki başım sanki partlayırdı, qızdırmam 40-a çatmışdı, bədənim isə od kimi yanırdı. Ürəyim elə bil ki, sinəmdən qopub bayıra çıxacaqdı. Mən isə qəhərli şəkildə anamın gözlərinə baxırdım. Anam heç nəyə fikir vermədən, özünün düzgün hesab etdiyi metodlarını mənim üzərimdə tətbiq edirdi. Əvvəlcə, mənim üzərimdəki köynək və alt paltarını soyundurub, spirtlə masaj elədi, daha sonra ayaqlarımı isti suda yuyub, özünün geyindiyi yun corabları mənə geydirdi. Elə bu an bacım zəng edib anama 1-2 məsləhətini verdi. Həkim olduğundan bacım belə şeyləri daha düzgün bilirdi. Bacımın məsləhətlərinə qulaq asan anam mənə iynə vurdu, 2-3 ədəd həb içizdirdi. Amma yenə də özümü sönmüş halda hiss edirdim. Anam o qədər yorulmuşdu ki, alnından süzülub gələn tər mənim üzərimə axırdı. Çox duyqusal və qəhərləndirici bir səhnə idi. Bir anlıq istədim ki, anamı möhkəm qucaqlayım, bağrıma basım, öpüm və ölüm. Amma danışa bilmədiyimdən yeganə çıxış yolum gözlərimə qalmışdı. Artıq özümü saxlaya bilmirdim. Gözlərimdən yaş axmağa başladı.

Anam qəfildən özünü itirdi: “Əhməd, ağlama, mama qurban. Mən burdayam” dedi. Amma anamın bu sözləri məni daha güclü şəkildə qəhərləndirdi. Ucadan hönkürüb ağlamağa isə halım yox idi. Anam elə hey mənim gözlərimə baxırdı. Məncə anam mənim qəfildən keçinə biləcəyimdən qorxurdu. Bir-birinin ardınca zoğal mürəbbəsi, dərmanlar verirdi mənə. Amma yenə də ölüm gözlərimin qabağında idi. Bir anlıq ömrümü səhifələməyə başladım. Nə zaman, harada, kimə hər hansı pislik edib-etmədiyim barədə düşünürdüm ki, o dünyada hesabat verə bilim. Amma bədənimin artıq stabilləşdiyimi hiss edirdim.

Əzrayılın anama məğlub olduğunu hiss etmişdim. Başımın ağrıları çəkilməyə başlayırdı, ayaqlarım da yüngülləşməyə başladı. Anam isə durmadan hey “Əhməd, atam, necə hiss edirsən özüvü?” deyirdi. “Yaxşıyam” dedim. Həmin gecə anam yatmadı, düz 10 dəfə astaca qapını açıb otağıma daxil olur, əlini alnıma toxundurub qızdırmamın olub-olmadığını yoxlayırdı. Mənim bədənimdə isə ağrılar az da olsa, qalmaqdaydı. Yatağımda üzü yuxarı uzanmışdım. Çox çətinliklə sağa-sola tərpənə bilirdim Həmin gecəni birtəhər zarıldaya-zarıldaya keçirdim. Bugün səhər isə hamının yuxudan erkən durmağına baxmayaraq, mən hələ də yatırdım. Anam yenə tez-tez otağıma gəlir, mənə dərmanlar içizdirirdi. Özümü yaxşı hiss edirdim, amma ölüm barədə fikrim isə ürəyimdə qalmışdı. Dedim zarafatnan da olsa, bunu anama deyəcəm. Dedim “ay mama, dünən nədirsə, bilmirəm, amma ilk dəfə həyatımda ölmək istədim. Bezmişəm belə həyatdan. Allah niyə biz insanlara bu qədər əziyyət verir, bilmirəm də…” Anam isə yarı zarafat, yarı ciddi şəkildə “Hara ölürsən adə, maman dünyanı dağıdar. Kimdir səni ölməyə qoyan. Sənə min dəfə demişəm ki, çimib bayıra çıxma. Sənə yaramır”

Artıq axşam tərəfi idi. Səhərdən çoxlu sayda telefon zəngləri, sms-lər gəlirdi mənə. Hamı bayramı təbrik edir, can sağlığı və uzun ömür arzulayırdı. Heç kimə cavab vermirdim. Çünki, yatırdım, ayıq olanda isə özüm bilərəkdən telefonumu açmırdım ki, kimsə bayram günü mənim xəstə ab-havamı duyub kefi pozulmasın. Axşam tərəfi isə dostum Natiq Güləhmədoğlu sms yazdı və təbrik etdi məni. Bir anlıq ona zəng etmək keçdi könlümdən. Bilmirəm niyə, amma nəsə o insanda bir müqəddəslik görürəm. Siyasi baxışlarını, həyat tərzini qəbul eləməsəm də, Natiqə baxanda bir fərqlilik və ilahilik duyuram. Fikirləşirəm ki, o cür insanların Allaha inanmalarına da heç ehtiyac yoxdur. Çünki, onun ruhunda bir saflıq var.

Nə isə… Eləmə tənbəllik, götürdüm Natiqə zəng elədim. Bir-birimizi təbrik etdik. “Bəy, görünmürsən. Bizləri yaddan çıxarmısan son vaxtlar. Nə məsələdir?” dedi. Mən də ölümlə boğuşduğumu və anamın sayəsində əzrayılın caynağından qurtulduğumu bildirdim ona. “Əzrayıla şeir yazanda, ölümdən betər olanı göstərməsini tələb edəndə, bilmirdin ki, axırı belə olacaq?!” dedi və başladıq gülümsəməyə.

İndi bu yazımı bitirmək üzrəyəm. Söz verdiyim kimi 2011-ci ilə keçirmədim. İndi 31 Dekabr 2010-cu il saat 23:40-ı göstərir. Elə bu an anam otağıma daxil olub “Atam, necə hiss edirsən özüvü? Bəlkə zoğallı çay gətirim mama sənə?” Dedim “Gətir”. Odur ki, siz bu yazını oxuyanda mən öz çayımı içməkdə olacam. Vallah mənim anam müqəddəsdir. Əzrayıl kimi sevimli bir mələk mənim anamın qarşısında məğlub oldusa, deməli mənim anam müqəddəsdir. Əslində bütün analar müqəddəsdir. Allah analarımızın canını sağ eləsin! Sevək və qoruyaq onları!

Əhməd

31 Dekabr 2010-cu il saat 23:43, Bakı, Azərbaycan