Cənubi Qafqazda sülh gündəliyinin aktiv müzakirə olunduğu bir mərhələdə Niderland və Belçika parlamentlərinin Azərbaycanla bağlı qəbul etdiyi sənədlər yeni siyasi polemikalara yol açıb. Sülh sazişinin imzalanmasının real perspektivə çevrildiyi bir vaxtda bu cür addımların atılması təsadüfi görünmür və regiondakı proseslərə kənar müdaxilə kimi qiymətləndirilir.
Strasburqda davam edən Avropa Şurası Parlament Assambleyasının yaz sessiyası çərçivəsində ARB24 Televiziyasına danışan hüquq müdafiəçisi Əhməd Şahidov bildirib ki, bu sənədlər hüquqi deyil, sırf siyasi xarakter daşıyır: “Burada məqsəd hüquqi qiymətləndirmə aparmaq yox, müəyyən dairələrin maraqlarına uyğun siyasi mövqe formalaşdırmaqdır. Bu tip qərarlar beynəlxalq hüquq baxımından öhdəlik yaratmır, amma informasiya və siyasi təzyiq aləti kimi istifadə olunur.”
Əhməd Şahidovun sözlərinə görə, zamanlama xüsusilə diqqət çəkir: “Sülh müqaviləsinin imzalanmasına bu qədər yaxın bir mərhələdə belə təşəbbüslərin ortaya çıxması danışıqlar prosesinə təsir etmək cəhdidir. Məqsəd Azərbaycan üzərində əlavə təzyiq yaratmaqdır. Amma reallıq ondan ibarətdir ki, bu kimi sənədlər praktik nəticə doğurmur, daha çox Ermənistanda revanşist düşüncələri qidalandıran simvolik addımlar kimi çıxış edir.”




