Yaxın Şərqdə gərginliyin azaldılması və Hörmüz boğazının yenidən tam fəaliyyətə başlaması ilə bağlı diplomatik təmasların intensivləşdiyi bildirilir. Məlumatlara görə, Pakistanın vasitəçiliyi ilə ABŞ və İran arasında memorandum sazişinin imzalanması gündəmdədir və tərəflər arasında müəyyən şərtlər üzrə ilkin razılaşmalar əldə olunub. Rəsmi açıqlamalar verilməsə də, mümkün anlaşmanın regionda sabitliyə və beynəlxalq enerji bazarında müsbət dinamikanın yaranmasına töhfə verəcəyi qeyd olunur.
Siyasi şərhçi Əhməd Şahidov ARB24 Televiziyasına açıqlamasında bildirib ki, ABŞ və İran arasında razılaşmanın əldə olunması ilk növbədə Hörmüz boğazının açılmasına və dünya dəniz nəqliyyatında canlanmaya səbəb olacaq: “Bu gün dünya enerji daşımalarının mühüm hissəsi Hörmüz boğazından keçir. Əgər Vaşinqton və Tehran ortaq məxrəcə gələ bilsələr, bu, enerji bazarında qiymət sabitliyinə və beynəlxalq ticarətin aktivləşməsinə müsbət təsir göstərəcək.”
Əhməd Şahidov vurğulayıb ki, mümkün razılaşma yalnız iqtisadi deyil, siyasi baxımdan da mühüm əhəmiyyət daşıyır: “ABŞ və İran arasında münasibətlərin normallaşması Yaxın Şərqdə uzun illər davam edən gərginliyin azaldılması üçün yeni mərhələnin başlanğıcı ola bilər. Bu proses İran ətrafında mövcud münaqişələrin həlli istiqamətində müsbət siyasi atmosfer formalaşdıracaq və regionda təhlükəsizlik mühitinə müsbət təsir edəcək.”


