İyunun 3-də Avstriyanın paytaxtı Vyana şəhərində ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu və ATƏT-in Finlandiya Sədrliyi tərəfindən “Tolerantlıq və diskriminasiya” mövzusunda iki günlük toplantı öz işini davam etdirib.
57 ölkənin səfirləri, diplomatları və rəsmi nümayəndələrinin qatıldığı tədbirdə ATƏT məkanında vətəndaş cəmiyyətinin müdafiəsi, insan hüquqları müdafiəçilərinin fəaliyyəti, dinc toplaşma azadlığının təmin edilməsi və bu sahədə mövcud çağırışlar müzakirə olunub.
Toplantıda iştirak edən Azərbaycan Demokratiya və İnsan Haqları İnstitutunun rəhbəri, hüquq müdafiəçisi Əhməd Şahidov panel müzakirəsində çıxış edərək, Cənubi Asiya reginonuda insan haqlarının kobud surətdə pozulması hallarına diqqət çəkib.
Əhməd Şahidov çıxışında dünyada artmaqda olan dözümsüzlük və ayrı-seçkilik hallarının təkcə bir ölkənin və ya bölgənin problemi olmadığını, bunun bütün dünya üçün təhlükə yaratdığını vurğulayıb. O bildirib ki, dini və etnik zəmində baş verən zorakılıqlar, ayrı-seçkilik və insan hüquqlarının pozulması nəticəsində milyonlarla insan doğma torpaqlarını tərk etməyə məcbur olur.
Hüquq müdafiəçisi çıxışında xüsusilə Hindistanı sərt tənqid edərək, Cənubi Asiya regionunda — Cammu və Kəşmir bölgəsində baş verən sistemli hüquq pozuntularını diqqətə çatdırıb. O qeyd edib ki, Hindistan hökuməti bu ərazidə müsəlman əhaliyə qarşı uzun illərdir davam edən hərbi təzyiqlər, etnik və dini ayrı-seçkilik siyasəti həyata keçirir. Əhməd Şahidov bildirib ki, 1989-cu ildən bəri bölgədə 96 min insan qətlə yetirilib, 175 min mülki şəxs həbs edilib və minlərlə qadın zorakılığa məruz qalıb.
Hüquq müdafiəçisi Hindistanın 2019-cu ildə Cammu və Kəşmirin xüsusi statusunu ləğv etməsi və bölgədə demoqrafik balansı dəyişmək cəhdlərinin beynəlxalq hüququn, o cümlədən BMT Təhlükəsizlik Şurasının qətnamələrinin kobud şəkildə pozulması olduğunu vurğulayıb.
Əhməd Şahidov çıxışında qeyd edib ki, Hindistanın bu siyasəti təkcə regional sülh və təhlükəsizlik üçün deyil, həm də dinlərarası və mədəniyyətlərarası dialoqun inkişafına ciddi maneə yaradır. Onun sözlərinə görə, bu cür hallara beynəlxalq təşkilatlar və insan hüquqları institutları vaxtında reaksiya verməli, dözümsüzlük və diskriminasiyanın qarşısını almaq üçün dinlərarası və mədəniyyətlərarası əməkdaşlığı gücləndirməlidirlər.
Sonda hüquq müdafiəçisi bildirib ki, dözümsüzlük və ayrı-seçkiliklə mübarizə qlobal məsələdir və hər bir beynəlxalq platforma bu kimi problemlərə laqeyd qalmamalıdır.