Ermənistanda seçki öncəsi sülh gündəliyi – Trump marşrutu Rusiyanı narahat edir – Əhməd Şahidov ARB24 Televiziyasına danışıb


Ermənistanda iyunun 7-də keçiriləcək parlament seçkiləri ərəfəsində regionda sülh gündəliyi və kommunikasiya xətlərinin açılması məsələsi yenidən gündəmin əsas mövzularından birinə çevrilib. Baş nazir Nikol Paşinyanın son çıxışlarında Trump marşrutu, yeni yol qovşağı və regional inteqrasiya ilə bağlı səsləndirdiyi fikirlər Cənubi Qafqazda yeni siyasi mərhələnin formalaşdığını göstərir. Ekspertlər hesab edir ki, seçkilərin nəticəsi Azərbaycan-Ermənistan münasibətlərinin gələcək istiqamətinə birbaşa təsir göstərəcək.

Siyasi şərhçi Əhməd Şahidov ARB24 Televiziyasına açıqlamasında bildirib ki, hazırda Azərbaycan və Ermənistan arasında faktiki olaraq sülh gündəliyi davam edir: “Erməni xalqı qarşıdakı seçkilərdə düzgün qərar verməlidir. Əgər revanşist qüvvələr yenidən hakimiyyətə gəlsələr, bu halda Azərbaycan-Ermənistan münasibətləri yenidən gərginləşə, bölgədə hərbi əməliyyat riski arta bilər. Nikol Paşinyanın son çıxışlarında səsləndirdiyi Trump marşrutu, yeni yol qovşağı kimi ifadələr təsadüfi deyil. Bu mesajlar regionda kommunikasiya xətlərinin açılması və Azərbaycanla münasibətlərin normallaşdırılması istiqamətində verilən siqnallardır”.

Əhməd Şahidov qeyd edib ki, Trump marşrutu layihəsi Rusiyada ciddi narahatlıq yaradır: “Kreml Ermənistandan bu layihə ilə bağlı hesabat tələb edir və prosesə nəzarəti itirmək istəmir. Çünki ABŞ vasitəçiliyi ilə həyata keçiriləcək belə iri logistika layihəsində Rusiyanın kənarda qalması Moskvanı ciddi şəkildə narahat edir. Rusiya Azərbaycana təzyiq göstərə bilmir, çünki Azərbaycan müstəqil və güclü dövlətdir. Lakin Ermənistan daxilində hələ də müəyyən təsir imkanları qaldığı üçün Moskva seçki öncəsi Paşinyan hakimiyyətinə təzyiq göstərməyə çalışır”.