Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayevin rəhbərlik etdiyi nümayəndə heyətinin Ermənistana səfəri və Azərbaycan-Ermənistan arasında delimitasiya üzrə Dövlət Komissiyasının növbəti iclası regionda sülh prosesinin yeni mərhələyə keçdiyini göstərir. Mövzu ilə bağlı siyasi şərhçi Əhməd Şahidov ARB24 Televiziyasının efirində çıxış edərək iki ölkə arasında münasibətlərin hazırkı vəziyyətini və gözləntiləri dəyərləndirib.
Əhməd Şahidov bildirib ki, bu səfər və qarşılıqlı diplomatik təmaslar artıq prosesin yalnız siyasi bəyanatlar mərhələsində olmadığını göstərir: “Bu gün sərhədlərin delimitasiyası, hüquqi çərçivənin formalaşdırılması və gələcək kommunikasiyaların açılması istiqamətində konkret mexanizmlər üzərində iş gedir. Azərbaycan bu məsələdə prinsipial mövqeyini qoruyur və dayanıqlı sülhün yalnız real addımlar üzərində qurula biləcəyini açıq şəkildə ortaya qoyur.”
Siyasi şərhçinin sözlərinə görə, iyun ayında Ermənistanda keçiriləcək seçkilər də bu prosesə birbaşa təsir göstərə bilər: “Nikol Paşinyan hakimiyyəti seçkilərə qədər sülh gündəliyini daha aktiv nümayiş etdirməyə çalışacaq. Bu baxımdan delimitasiya, nəqliyyat xətləri və regional əməkdaşlıq sahəsində müəyyən irəliləyişlər mümkündür. Ermənistan artıq regionun yeni reallıqlarını qəbul etməyə məcburdur və bu reallıqlar uzunmüddətli sabitliyin əsasını formalaşdırır.”





