İran Prezidenti Məsud Pezeşkian ilə İranın ali rəhbəri Əli Xamenei arasında keçirilən iki saat yarımlıq görüş və paralel olaraq Vaşinqton-Tehran xəttində aparılan gizli danışıqlar beynəlxalq gündəmin əsas mövzularından birinə çevrilib. İran mediasının yaydığı məlumata görə, görüşdə ölkədaxili sabitlik, milli birlik və xarici təzyiqlərə qarşı koordinasiyanın gücləndirilməsi məsələləri müzakirə olunub. Eyni zamanda “Al Arabiya” telekanalı ABŞ və İran arasında Hörmüz boğazının mərhələli şəkildə açılması müqabilində müəyyən yumşalma razılaşmasının əldə olunduğunu bildirib. Paralel olaraq “The Wall Street Journal” Vaşinqtonun Tehrandan 20 il müddətinə uranın zənginləşdirilməsini dayandırmağı tələb etdiyini yazıb.
Siyasi şərhçi Əhməd Şahidov ARB24 Televiziyasına açıqlamasında bildirib ki, Pezeşkianın Xamenei ilə görüşdən sonra verdiyi mesajlar İran hakimiyyətində daxili konsolidasiyanın gücləndirilməsinə hesablanıb: “İran rəhbərliyi anlayır ki, iqtisadi böhran, sosial narazılıq və regional təzyiqlər fonunda daxildə birlik görüntüsü yaratmaq həyati əhəmiyyət daşıyır. Pezeşkianın xüsusilə ali rəhbərin davranışını, təvazökarlığını və dialoq mühitini qabartması təsadüfi deyil. Bu, həm daxili auditoriyaya, həm də Qərbə verilən siyasi mesajdır. Tehran göstərmək istəyir ki, hakimiyyət daxilində parçalanma yoxdur və dövlət sistemi tam nəzarət altındadır.”
Əhməd Şahidovun sözlərinə görə, ABŞ və İran arasında tam razılaşma yaxın görünməsə də, tərəflər böyük hərbi qarşıdurmadan yayınmağa çalışırlar: “Hazırda ən real ssenari məhdud anlaşma modelidir. İran Hörmüz boğazında təhlükəsizliyi təmin edir, ABŞ isə bəzi iqtisadi və maliyyə məhdudiyyətlərini yumşalda bilər. Amma nüvə məsələsində Vaşinqtonun tələbləri çox ağırdır. Natanz, Fordo və İsfahan obyektlərinin sökülməsi ilə bağlı tələblər Tehran üçün strateji məsələdir. Buna görə yaxın aylarda diplomatik təmaslar artsa da, tərəflər arasında etimadsızlıq davam edəcək və region uzun müddət geosiyasi gərginlik mərkəzi olaraq qalacaq.”




