Ermənistanda hakimiyyət nümayəndələrinin Rusiyapərəst müxalifət liderləri barədə sərt açıqlamaları və Moskva ilə İrəvan arasında artan gərginlik regionda yeni siyasi müzakirələrə səbəb olub. Hakim “Vətəndaş Müqaviləsi” partiyasının deputatı Lusine Badalyan və “Respublika Uğrunda” partiyasının sədri Arman Babajanyan Rusiyaya yaxın müxalifət liderlərini Ermənistanın suverenliyinə qarşı fəaliyyət göstərməkdə ittiham ediblər.
Siyasi şərhçi Əhməd Şahidov mövzu ilə bağlı ARB24 Televiziyasına açıqlamasında bildirib ki, Ermənistanda qarşıdan gələn parlament seçkiləri artıq daxili siyasi yarışdan daha çox geosiyasi mübarizə xarakteri daşıyır. Onun sözlərinə görə, Baş nazir Nikol Pashinyan komandası seçkiləri “Rusiya təsiri ilə mübarizə” fonunda təqdim etməyə çalışır və bu məqsədlə Robert Köçəryan, Serj Sarkisyan, Gagik Tsarukyan və rusiyalı erməni oliqarx Samvel Karapetyan kimi fiqurları Kremlin siyasi layihəsi kimi cəmiyyətə təqdim edir.
Əhməd Şahidov qeyd edib ki, Ermənistan daxilində anti-Rusiya ritorikasının güclənməsi Cənubi Qafqazda geosiyasi balansın dəyişdiyini göstərir. Siyasi şərhçinin fikrincə, Moskvanın regiondakı təsir imkanlarının zəifləməsi fonunda Qərbin Ermənistan üzərindən bölgədə mövqelərini gücləndirmək cəhdləri artır və bu proses yaxın dövrdə regionda yeni siyasi qarşıdurmaların əsas mövzularından biri olacaq.




