Azərbaycan–Avropa Parlamenti münasibətləri niyə gərginləşib və dialoq necə bərpa oluna bilər? – Əhməd Şahidov ARB24 Televiziyasına danışıb

Avropa Parlamenti ilə Azərbaycan arasında münasibətlər son dövrdə daha da gərginləşib. Avropa Parlamentinin Azərbaycan əleyhinə qəbul etdiyi qətnamələr, xüsusilə insan haqları, demokratiya və regional proseslərlə bağlı irəli sürülən ittihamlar Bakının sərt reaksiyasına səbəb olub. Rəsmi Bakı bu sənədləri qərəzli və siyasi təzyiq aləti kimi qiymətləndirir. Bunun fonunda Avropa İttifaqı, Avropa Komissiyası, Avropa Şurası Parlament Assambleyası və ATƏT kimi platformalarda Azərbaycanın təmsilçiliyi və gələcək əməkdaşlıq perspektivləri də geniş müzakirə olunur.

Siyasi şərhçi Əhməd Şahidov bildirib ki, Azərbaycan milli maraqlar və suverenlik məsələlərində heç bir halda geri addım atmamalıdır, xüsusilə Qarabağ məsələsində Avropa institutlarının qərəzli yanaşmaları qəbul edilə bilməz: “Azərbaycan haqlı olaraq milli məsələlərdə prinsipial mövqe sərgiləyir və bu mövqe dəyişməz qalmalıdır. Lakin beynəlxalq platformalarda iştirakımızın zəifləməsi də ölkəmizin maraqlarına uyğun deyil. Əgər biz həmin masada yoxuqsa, Azərbaycan əleyhinə qərarların və çıxışların sayı daha da artacaq, Ermənistan və onu dəstəkləyən dairələr bundan istifadə edərək anti-Azərbaycan cəbhəsini genişləndirəcəklər.”

Əhməd Şahidov vurğulayıb ki, Avropa institutları ilə münasibətlərin tam qırılması deyil, dialoqun bərpası daha doğru yanaşmadır: “Azərbaycan Avropa Şurası Parlament Assambleyası və digər beynəlxalq qurumlar qarşısında müəyyən öhdəliklər götürüb. İnsan haqları, media azadlığı, demokratik institutların inkişafı və seçki mühiti ilə bağlı müəyyən islahatlar əməkdaşlıq üçün yeni imkanlar yarada bilər. Eyni zamanda, Azərbaycan əleyhinə təşəbbüslərlə çıxış edən deputatlarla, siyasi dairələrlə, diaspora və vətəndaş cəmiyyəti səviyyəsində daha aktiv iş aparılmalıdır. Məqsəd odur ki, Avropa platformalarında Azərbaycan üçün qapılar yenidən açılsın və ölkəmizin mövqeyi birbaşa orada müdafiə olunsun.”