Yaşın bilinmməyir, kimsən, nəçisən
Haradan başlayıb, harda bitirsən
Bəlkə də Allahın elə özüsən
Allahın qurduğu bir evsən, dünya
Səndən baş açmadım, kələksən, dünya!
Kiçik bir sevgidən yaratdın bizi
Verdin arzuları, coşdurdun bizi
Sevdik torpağını, sevdik dənizi
Elə o dənizdə boğulduq, dünya
Ölüb o torpaqda heç olduq, dünya!
Min illər ərzində doldun-boşaldın
Bir gün can bəxş edib, bir gün can aldın
Tək-tük insanlara taxt-tac bəxş edib
Milyonları lap ələ saldın, dünya!
Gör, kimlərin ümidinə qaldın, dünya!
Yalandır hər sözün, hər kəlmən sənin
Yalandır həm özün, həm yiyən sənin
Axı kimdir hüzuruna gələn sənin
Nadanlar, zalımlar, cahillər, dünya!
Gör kimlər, qoynunda gəzirlər, dünya!
Əgər yer üzündə ədalət varsa
Xeyir son döyüşdə zəfər çalarsa,
Allah da insafla qərar çıxarsa
Gərək parça-parça olasan, dünya!
Şərə qulluq edən bəlasan, dünya!
Yalansan, yalansan, yalansan, dünya!
Əhməd Şahidov
26 Mart 2012-ci il, saat 16:50, Balakən, Azərbaycan