ABŞ və İsrailin İrana qarşı həyata keçirdiyi hərbi əməliyyatların davam etdiyi bir vaxtda bölgədə gərginlik daha da artır. Müharibənin artıq onuncu gününə qədəm qoyduğu bir mərhələdə İran ərazisi mütəmadi olaraq bombardman edilir, eyni zamanda Tehran da raket hücumları ilə cavab verir. Son hadisələr fonunda İranda yeni ali dini liderin seçilməsi regiondakı siyasi və hərbi prosesləri daha da diqqət mərkəzinə gətirib.
ARB24 Televiziya kanalına müsahibə verən siyasi şərhçi Əhməd Şahidov bildirib ki, hazırkı vəziyyət göstərir ki, müharibə qısa müddətdə başa çatacaq bir qarşıdurma deyil. Onun sözlərinə görə, ABŞ və İsrailin gözləntilərinin əksinə olaraq İran hakimiyyəti kapitulyasiya etməyə hazır görünmür və ölkə daxilində ciddi siyasi parçalanma müşahidə edilmir. Əksinə, ali dini liderin ölümündən sonra İran daxilində müəyyən həmrəylik və siyasi konsolidasiya formalaşıb.
Əhməd Şahidov qeyd edib ki, yeni ali dini lider kimi Müştəbə Xameneinin önə çıxması müharibənin davam etdirilməsi ehtimalını daha da artırır: “Hazırkı proseslər göstərir ki, Tehran geri çəkilmək niyyətində deyil. ABŞ və İsrailin hərbi təzyiqləri davam etsə də, İran daxilində vətəndaş müharibəsi və ya hakimiyyətin dağılması baş vermir. Bu isə onu deməyə əsas verir ki, İran ətrafında başlayan bu müharibə yalnız iki tərəflə məhdudlaşmayacaq və region ölkələrini də əhatə edən uzunmüddətli qarşıdurmaya çevrilə bilər.”




