Azərbaycanın İrana humanitar yardımı bölgədə sülh və sabitliyə mesajdır – Əhməd Şahidov REAL Televiziyasına danışıb

Azərbaycandan İrana göndərilən humanitar yardım “Astara” dövlət sərhədindən buraxılış məntəqəsindən yola salınıb. Fövqəladə Hallar Nazirliyinin avtomobilləri ilə sərhədə çatdırılan yardımın tərkibinə 30 tona yaxın qida məhsulları – 10 ton un, 6 ton düyü, 2,4 ton şəkər, 4 tondan artıq içməli su, 600 kiloqrama yaxın çay, həmçinin 2 tona yaxın dərman və tibbi ləvazimatlar daxildir. Yardım Azərbaycan Prezidenti İlham Əliyevlə İran Prezidenti Məsud Pezeşkian arasında martın 8-də baş tutan telefon danışığından sonra qonşu və dost İran xalqının ehtiyaclarına dəstək məqsədilə təşkil olunub.

Siyasi şərhçi Əhməd Şahidov REAL Televiziyasında çıxışı zamanı bildirib ki, Azərbaycanın bu addımı İrandakı radikal və anti-Azərbaycan dairələrə açıq mesajdır: “Azərbaycan hər zaman bölgədə sülhün, sabitliyin və rifahın tərəfdarı olduğunu nümayiş etdirib. Son dövrlər Azərbaycana qarşı səsləndirilən əsassız ittihamlar isə bir daha özünü doğrultmadı.”

Əhməd Şahidov qeyd edib ki, Azərbaycan heç vaxt öz ərazisindən İrana qarşı hər hansı əməliyyatlar üçün istifadə olunmasına icazə verməyib və verməyəcək: “Buna baxmayaraq, İrandan atılan 4 dronun Naxçıvan ərazisinə düşməsi faktı yaşandı. İran tərəfi bu hadisəni təkzib etməyə çalışsa da, dronların məhz İran ərazisindən buraxıldığı faktdır. Buna rəğmən Azərbaycan humanist mövqeyini nümayiş etdirərək humanitar yardım göndərdi və ümid edirik ki, İrandakı radikal dairələr Bakının bu jestini düzgün qiymətləndirəcəklər.”