Tehranın təhlükəli addımları: Naxçıvana dron hücumu regionda yeni gərginlik yaradıb – Əhməd Şahidov Baku TV`ə danışıb


İran tərəfindən Azərbaycanın Naxçıvan Muxtar Respublikasına pilotsuz uçuş aparatları ilə hücum edilməsi regionda vəziyyəti daha da gərginləşdirib. İran ərazisindən Naxçıvan istiqamətinə 4 dron buraxıldığı, onlardan birinin Azərbaycan Ordusu tərəfindən zərərsizləşdirildiyi, digərlərinin isə mülki obyektlərin yaxınlığına düşdüyü bildirilir. Hadisə nəticəsində Naxçıvan Beynəlxalq Hava Limanına ziyan dəyib və xəsarət alanlar var. Bu hadisə regionda təhlükəsizlik məsələlərini yenidən gündəmə gətirib.

Mövzu ilə bağlı Baku TV-yə danışan siyasi şərhçi Əhməd Şahidov bildirib ki, İranın Azərbaycana münasibətdə sərgilədiyi siyasət son onilliklər ərzində ardıcıl olaraq qeyri-dost xarakter daşıyıb. O qeyd edib ki, Azərbaycanın Naxçıvan Muxtar Respublikası istiqamətində dron hücumu bu siyasətin davamıdır. Bundan əvvəl də Tehran şəhərində yerləşən Azərbaycanın səfirliyinə silahlı hücum baş vermiş, həmçinin İran dəfələrlə Azərbaycan sərhədləri yaxınlığında genişmiqyaslı hərbi təlimlər keçirmişdi. Bundan başqa, İkinci Qarabağ müharibəsi zamanı Ermənistana müxtəlif formalarda dəstək göstərilməsi də Tehranın Bakıya qarşı sərgilədiyi siyasətin nümunələri kimi qiymətləndirilir.

Əhməd Şahidovun fikrincə, İranın bu cür addımları həm də ölkə daxilində mövcud olan siyasi ziddiyyətlərin göstəricisidir. O bildirib ki, İranda prezidentlik institutu ilə İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) arasında ciddi fikir ayrılığı və siyasi uçurum mövcuddur və bu da ölkənin xarici siyasətində ziddiyyətli qərarların ortaya çıxmasına səbəb olur. Qeyd olunur ki, Tehran son illər apardığı sərt və qarşıdurma xarakterli siyasətlə bir çox ölkələrlə münasibətlərini gərginləşdirərək özünü beynəlxalq müstəvidə təklənmiş vəziyyətə salıb. Bu kontekstdə Azərbaycan və Türkiyə regionda İran üçün ən yaxın və təbii tərəfdaş ölkələr hesab olunur. Buna baxmayaraq, Tehranın məhz bu iki ölkəyə qarşı aqressiv addımlar atması İranın xarici siyasət kursunun ciddi şəkildə tənqid olunmasına səbəb olur və ölkənin beynəlxalq arenada daha da təklənməsi riskini artırır.