Donald Trumpın 31 mart – 2 aprel 2026-cı tarixlərində Çinə səfər etməyi planlaşdırdığı bildirilir. ABŞ prezidentinin səfəri çərçivəsində əsas görüşün Pekində Xi Jinping ilə keçirilməsi gözlənilir. Təxminən üç gün davam edəcək səfərin yalnız Pekin şəhəri ilə məhdudlaşacağı qeyd olunur. Analitiklər bildirirlər ki, bu görüş dünyanın iki ən böyük iqtisadiyyatı arasında münasibətləri sabitləşdirmək və xüsusilə ticarət məsələlərini müzakirə etmək baxımından mühüm əhəmiyyət daşıyır. Bununla belə, böyük siyasi irəliləyişlə bağlı gözləntilər hələlik yüksək deyil.
Siyasi şərhçi Əhməd Şahidov ARB24 Televiziyasına açıqlamasında bildirib ki, görüşün gündəmində yalnız iqtisadi məsələlər deyil, həm də beynəlxalq təhlükəsizlik mövzuları yer ala bilər: “Hazırda İranda davam edən müharibə və regionda artan gərginlik ABŞ-Çin münasibətlərinə də təsir göstərir. Çin bu müharibədə hələlik passiv mövqe nümayiş etdirir, lakin İranla enerji və iqtisadi əlaqələri Pekin üçün mühüm əhəmiyyət daşıyır.”
Əhməd Şahidov qeyd edib ki, İranın böyük həcmdə neft ixrac etdiyi əsas ölkələrdən biri məhz Çindir və bölgədəki müharibə Pekinin iqtisadi maraqlarına uyğun deyil: “Bu baxımdan Vaşinqton və Pekin arasında gözlənilən görüşdə İran müharibəsi də müzakirə mövzularından biri ola bilər. Regionda baş verən digər geosiyasi proseslər də ABŞ-Çin dialoqunun gündəliyində yer ala bilər.”


