NƏDİR AXI AZADLIQ?!


mitinqAzadlıq istəyir bu xalq, bu millət,
Bilməyir əslində nədir həqiqət.
İstəyir yaransın bizdə azadlıq,
Əməldə azadlıq, sözdə azadlıq.
“Azadlıq” hayqıran ey cavan, dayan
Sən axı bilmirsən, nədir azadlıq!
Səndən soruşuram, azadsanmı sən?
Fikrində, ruhunda rahatsanmı sən?
Atana, anana, qohumlarına,
Dosta, yoldaşına, yaxınlarına,
Səni sevənlərə, sevməyənlərə
Fikir bildirməkdə azadsanmı sən?
Azadlıq istəyir bu cavan oğlan,
Amma heç bilməyir nədir azadlıq.
Böyüyə hörmətdir, kiçiyə rəğbət,
Xalqına sədaqət, millətə xidmət,
Daxilən müstəqil olursa insan,
Ruhundan alışan közdür azadlıq!

*****

“Mən azadam” deyib çox da öyünmə,
Bu dünyada azadlıq ola bilməz.
İnsan yer üzünə gəlibsə əgər,
İlahi ruha can veribsə əgər,
Müsəlman Quranı görübsə əgər,
O, bu Haqq yolundan geriyə dönməz,
“Mən azadam” deyib öyünə bilməz.
Gəl, düşünək nədir axı azadlıq?!
Nədir illər boyu bizi dindirən,
Qardaşı qardaşa düşmən etdirən.
Nədir illər boyu söz meydanında
Günahsız başları heç ah demədən,
Bir göz qırpımında sözlə kəsdirən.
Mənasız əməldir, sözdür azadlıq!

*****

Bəlkə də mənimlə razılaşmadın,
Düşündün azadlıq safdır, təmizdir.
Əgər o saflığa, o təmizliyə,
İnsan can atırsa, saf olsun gərək,
Saf olsun əməli, saf olsun sözü,
Təmiz olsun nəfsi, saf olsun gözü.
Əfsuslar olsun ki, yoxdur həyatda,
Əməli saf olan təmiz insanlar
Nəfsə sahib çıxıb, saf yaşayanlar
Allahın hökmündə saf sayılanlar.
Günah bizimlədir, çünki insanıq,
Bir dəfə azadlıq verildi bizə
Gedib alma dərdik yad baxçasından.
O gündən dünyada öldü azadlıq,
İndi kağızdadır, sözdə azadlıq.
Başladı savaşlar, axdı neçə qan
Həm şeytana uyduq, həm yedik haram.
Pozduq İlahinin qanunlarını,
Söydük həm Tanrını, həm Quranını
Dedik “biz azadlıq”, budur azadlıq,
Şəhvətdə, ləzzətdə, əyləncələrdə
Keçdi bütöv ömür, getdi azadlıq.
Biz artıq deyilik azad, müstəqil,
Biz nəfsin, nifrətin quluyuq artıq,
Vəzifə, var-dövlət və hakimiyyət,
Alıb ruhumuzu, ram edib artıq.

*****

Öz ruhunu azad et, cavan oğlan!
Azad ol nifrətdən, azad ol kindən.
Azad ol həyatda bir şey düşünüb,
Başqa şeyi dilinə gətirməkdən.
Özün ol, həyatda özün qərar ver,
Necə yaşamağı, necə olmağı,
Kiminsə sözüylə oturub-durub,
Unut getsin, kölə tək yaşamağı.
Kimsə sənə deməsin ki, azad ol.
Özün daxilində qərar ver buna.
Cismini təmizlə, ruhən azad ol,
Onda görəcəksən, nədir azadlıq.
Azadlıq meydanda hayqırmaq deyil,
Sözünə söz qoşub bağırmaq deyil.
Yaşlı qadınları zərbə altında
Buraxıb xəlvətdən caydırmaq deyil.

Əhməd Şahidov
04 May 2010-cu il, saat 04:05, Bakı, Azərbaycan