DÜNYA MƏHƏBBƏTSİZ FIRLANA BİLMƏZ!

Dünyanın ən gözəl gülünü dərsəm,
Qoxusu ətrinə tay ola bilməz
Hər gün camalına nəğmələr qoşsam,
Cümlələr, sətirlər say ola bilməz.
Dünya məhəbbətsiz fırlana bilməz!

Gəzsəm dörd bir yanı, bütün dünyanı
Ələk-vələk edib axtarsam əgər
Eşqindən Fərhad tək yarsam qayanı
O qaya qoynunda çiçək bitirməz.
Dünya məhəbbətsiz fırlana bilməz!

Sənin gözlərinlə Günəşə baxsam,
Əlinlə uzanıb ulduza çatsam,
Bulağa çevrilib qəlbinə axsam
O Günəş, o ulduz bir daha sönməz.
Dünya məhəbbətsiz fırlana bilməz!

Sanma ki, məhəbbət gəldi-gedərdi
İnsanlar ölsə də, məhəbbət ölməz
Dünyanın yaşı da sevgim qədərdi
Dünyanın yaşını heç kimsə bilməz.
Dünya məhəbbətsiz fırlana bilməz!

Baxma məhəbbətin göz yaşlarına
O yaşlar heç zaman sel ola bilməz
Qurbanam o nazlı baxışlarına
O gözlər, o kiprik, tel sola bilməz
Dünya məhəbbətsiz fırlana bilməz!

Dağılsa kainat, yox olsa dünya
Torpağa qərq olsa bütün insanlar
Allah da sevgisiz ev qura bilməz
Qursa da, insanlar o evə gəlməz.
Dünya məhəbbətsiz fırlana bilməz!

Əhməd ŞAHİDOV
23 Yanvar 2012-ci il, 11:30, Bakı, Azərbaycan

Bu yazını Facebookda şərh et