31 Mart 1918-ci il – Azərbaycanlıların Soyqırım Günü münasibətilə Polşadakı Azərbaycanlılar Birliyinin fəalları Ermənistanın Varşavadakı səfirliyi qarşısında etiraz aksiyası keçiriblər. Əllərində Azərbaycan bayraqları tutan aksiya iştirakçıları 1918-ci ildə azərbaycanlılara qarşı törədilən etnik təmizləmə və soyqırım hadisələrini pisləyib və Bolşevik-Daşnakstyun birləşmələrinin Bakı və digər şəhərlərdə qətlə yetirdiyi onminlərlə azərbaycanlı və müsəlman vətəndaşların haqq səsini qaldırıblar.
Azərbaycan və ingilis dillərində çıxışlar zamanı 31 Mart 1918-ci il tarixində baş verən hadisələrin bir soyqırım aktı olduğu bildirilib, Stepan Şaumyanın rəhbərliyi altında hərəkət edən Bolşevik-Daşnakstyun birləşmələrinin törətdikləri qətliamların tarixçəsi barədə məlumat verilib.
1918-ci il hadisələrindən 100 il keçməsinə baxmayaraq, Azərbaycan gənclərinin hələ də o günləri unutmadığını diqqətə çatdıran aksiya iştirakçıları Avropanın digər ölkələrində yaşayan həmvətənlərinə müraciət edərək, ümummilli məsələlərdə gücləri birləşdirməyə, eyni mövqedən çıxış etməyə və Azərbaycanın haqq səsini müdafiə etməyə çağırışlar ediblər.
Aksiyada çıxış edən Azərbaycan Demokratiya və İnsan Haqları İnstitutunun rəhbəri Əhməd Şahidov 1918-ci il qırğınlarını bütün bəşəriyyətə qarşı törədilmiş soyqırım aktı kimi səciyyələndirib və bir daha bucür hadisələrin yaşanmaması üçün beynəlxalq ictimaiyyətin, xüsusən də Qərb dünyasının Ermənistan dövlətinə və hakimiyyətinə beynəlxalq təzyiqləri artırmasını zəruri hesab edib. O vaxtkı Daşnakstyun birləşmələrinin hüquqi və siyasi varisi olan bugünkü Ermənistan dövlətinin 1918-ci il soyqırımında birbaşa məsuliyyət daşıdığını deyən hüquq müdafiəçisi erməni milliyyətçiliyinin mahiyyət olaraq, dəyişmədiyini və bugün də Azərbaycan torpaqlarının 20 faizini işğal altında saxladığını və günahsız insanları qətlə yetirdiyini bildirib.
Aksiyanın sonunda gənclər Azərbaycanın Dövlət Himnini oxuyublar. Bir saat davam edən aksiya zamanı “Xocalıya Ədalət!”, “Qarabağa Azadlıq!”, “Terrora Yox!” və digər şüarlar səsləndirilib.