Ölkənin şimal-qərb bölgəsində səfərdə olan Azərbaycan Demokratiya və İnsan Haqları İnstitutunun rəhbəri Əhməd Şahidov və İslahatçı Gənclər İctimai Birliyinin sədri Fərid Şahbazlı ötən gün Şəki şəhərində yerləşən kimsəsiz uşaqlar evini ziyarət ediblər. Ailə sevgisindən məhrum olmuş uşaqların qayğıları ilə maraqlanan hüquq müdafiəçisi Əhməd Şahidov və gənc lider Fərid Şahbazlı uşaqlara tam dəstəklərini ifadə ediblər. Asudə vaxtlarında müxtəlif əl işləri, toxuculuq və digər təsviri sənət nümunələri yaradan uşaqlar xüsusi istedadları ilə seçilirdilər.
İstedadlı uşaqların əl işlərini bütün Azərbaycana tanıtmaq və satış sərgisi keçirmək barədə danışan hüquq müdafiəçisi Əhməd Şahidov Bakıda İslahatçı Gənclər İctimai Birliyinin təşkilati dəstəyi ilə satış sərgisinin keçirilə biləcəyini qeyd edib. Bu təklifi müsbət qarşılayan İGİB sədri Fərid Şahbazlı yaxın aylarda Bakıda belə bir sərgi keçirilməsi barədə söz verib.