Pamukkale Universitetində təşkil olunan sərgi 10 gün davam edib və minlərlə ziyarətçi qəbul edib
17-28 Fevral tarixlərində Türkiyənin Dənizli şəhərində Pamukkale Universiteti və Dənizli Türk Ocaklarının birgə təşkilatçılığı ilə Xocalı soyqırımı dəhşətlərini əks etdirən foto sərgi təşkil olunub. Pamukkale Universitetində təşkil olunan sərgidə 1992-ci ilin 26 Fevral günündə və ondan sonrakı dövrlərdə çəkilən və erməni vəhşiliyini əks etdirən 80-ə yaxın foto nümayiş etdirilib. 10 gün ərzində sərgini minlərlə yerli sakin və qonaqlar ziyarət edib.
Türkiyədə işgüzar səfərdə olan Azərbaycan Demokratiya və İnsan Haqları İnstitutunun rəhbəri Əhməd Şahidov və İslahatçı Gənclər İctimai Birliyinin sədri Fərid Şahbazlı sərginin rəsmi açılışında iştirak ediblər. Dənizli Böyükşəhər Bələdiyyəsi, Pamukkale Universiteti, Türk Ocakları və Ülkü Ocaklarının rəhbər şəxslərinin, o cümlədən Dənizli şəhər sakinlərinin və tələbələrin qatıldığı sərgidə Xocalı soyqırımının dəhşətləri fotoların dili ilə çatdırılıb.