Əhməd Şahidov İstanbul Aydın Universitetində keçirilən “Xocalıya Ədalət” konfransında Avropanın ikili standartlarından danışıb

Xocalı soyqrımının 26-cı ildönümü ilə əlaqədar Türkiyənin İstanbul şəhərində Xocalıya Ədalət Həftəsinə start verilib. İslahatçı Gənclər İctimai Birliyinin artıq altı ildir ki, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüskarı olduğu “Xocalıya Ədalət” Beynəlxalq Kampaniyasına qoşularaq təşkil etdiyi həftəlik çərçivəsində növbəti anma konfransı Fevralın 26-da dövlət rəsmiləri, millət vəkilləri, media və QHT rəhbərlərinin iştirakı ilə İstanbul Aydın Universitetində baş tutub.

Azərbaycan və Türkiyə himnlərinin səsləndirilməsi ilə başlanan konfransı giriş sözü ilə açan “İslahatçı Gənclər” İctimai Birliyinin sədri Fərid Şahbazlı bildirib ki, Xocalı soyqrımı XX əsrdə baş verən dəhşətli bir insanlıq cinayətidir. F.Şahbazlı qeyd edib ki, 26 il öncə Xocalıda erməni silahlı dəstələri keçmiş Sovet İmperiyasına məxsus 366-cı motoatıcı alayın dəstəyi ilə 63-ü uşaq olmaqla, 613 nəfəri dəhşətli formada qətl edib.

Konfransda İstanbul Aydın Universitetinin mütəvəlli heyəti başkanı Mustafa Aydın, Azərbaycandan gəlmiş millət vəkilləri Naqif Həmzəyev və Pərvin Kərimzadə, hüquq müdafiəçisi Əhməd Şahidov və digər qonaqlar çıxış ediblər.

Konfransda çıxış edən Azərbaycan Demokratiya və İnsan Haqları İnstitutunun rəhbəri Əhməd Şahidov Xocalı soyqırımı və Dağlıq Qarabağ münaqişəsi barədə söz açıb, bu soyqırım aktına beynəlxalq səviyyədə zəzuri hüquqi və siyasi qiymətin verilməməsi faktına toxunub və Avropa ictimaiyyətinin Xocalı həqiqətlərinə göz yumduğunu dilə gətirib. Avropanın müxtəlif ölkələrində, nüfuzlu beynəlxalq təşkilatlarda – ATƏT, Avropa Şurası, Avropa Parlamenti və digər qurumlarda Azərbaycan həqiqətlərinin yayılması istiqamətində davamlı fəaliyyət göstərdiklərini deyən hüquq müdafiəçisi Əhməd Şahidov beynəlxalq platformalarda təkcə Azərbaycanın deyil, eyni zamanda Türkiyə, Şimali Kipr və ümumən Türk dünyasının maraqları naminə iş apardıqlarını da bildirib.

Anım tədbirində Azərbaycanın Əməkdar artisti Aybəniz Haşımova və rəhbərlik etdiyi Sənət Akademiyasının tələbələri Xocalıda yaşanan dəhşətləri, eyni zamanda gəncliyimizin mübarizə əzmini musiqinin, sənətin dili ilə tərənnüm edən kompazisiya ilə çıxış ediblər. Kompazisiya konfrans iştirakçıları tərəfindən böyük coşqu ilə qarşılanıb.

Bu yazını Facebookda şərh et