Görüş zamanı Albaniyada dini inanc azadlığı barədə faydalı fikir mübadiləsi aparılıb
Avropada işgüzar səfərdə olan Azərbaycan Demokratiya və İnsan Haqları İnstitutunun rəhbəri Əhməd Şahidov Fevralın 1-də Tirana şəhərində Albaniyanın xristian dini lideri dr. Anastasios Yannoulatos ilə görüşüb. Görüş zamanı Albaniyada dini inanc azadlığı, müxtəlif dinlərə məxsus insanların birgə yaşayışı və dinlərarası dialoq barədə fikir mübadiləsi aparılıb.
Bütün Albaniyanın arxiyepiskopu dr. Anastasios Yannoulatos Albaniya Konstitusiyasında dini inanc azadlığına xüsusi önəm verildiyini bildirib və bunun nəticəsində Albaniyada bütün dinlərin sülh və qardaşlıq mühitində fəaliyyət göstərdiyini diqqətə çatdırıb.
Albaniyada ilk dəfə olduğunu bildirən hüquq müdafiəçisi Əhməd Şahidov bu ölkədəki multikulturalizm ənənələrini yüksək qiymətləndirib, müxtəlif dinlərə və millətlərə məxsus insanların mehriban şəkildə yaşamasını Albaniyanın uğuru adlandırıb.