AY ALLAH!

Niyə məni sevgisiz yaşadırsan, ürəyim daş olub sanki döyünmür,
Hamı kimi mən də sevmək istərəm, sevgisiz qalmışam niyə, ay Allah?!
Allahsızlar öz sevgisin tapıblar, onlar da sevgiylə alışıb yanır,
Amma Səni sevdim, “Allahım” dedim, sevgini qıymadın mənə, ay Allah!

*****

Birinə can verdin, birinə şöhrət, başqasına hamısını bəxş etdin,
Səndən istədiyim təkcə sevgidir, onu isə vermədin mənə, ay Allah!
Neynirəm bu varı, bu dövləti mən, çox düşmən qazandım bunlara görə,
Mənə nifrət edən bir çox insanlar pula görə məni sevdi, ay Allah!

*****

Mənə bu həyatda kömək etmisən, bir çox arzularım üzümə gülüb,
Amma məhəbbəti axtaran zaman məndən üz döndərdin niyə, ay Allah?!
Axı sən Allahsan, hər şeyə qadir, hər şeyi bacaran, hər şeyi bilən,
Kiçik bir ürəyə sevgi bəxş edib, yaşada bilmirsən sən də, ay Allah!

*****

Əslində sevirəm Səni, Vətəni, anamı, ailəmi və dostlarımı,
Amma bir yar sevib, həm də sevilib, xoşbəxt ola bilmirəm ki, ay Allah!
Bəlkə öz sevgimi özüm axtarım, sənin köməyin də heç lazım deyil,
Qaranlıq dünyada çırağa dönüb, sənə yol göstərim sevgidə, Allah!

*****

Mən öz sevgim üçün dağlar aşacam, mənə mane ola bilməyəcəksən,
Lazım olsa imandan da qaçacam, sevgidir imanım artıq, ay Allah!
Mənə sevgi versə şeytanın özü, ona əl uzadıb dost olacağam,
Sən mənə sevgimi bəxş eləməsən, şeytanı sevəcəm mən də, ay Allah!

Əhməd ŞAHİDOV
14 Fevral 2010-cu il saat 01:34, Moskva, Rusiya

Bu yazını Facebookda şərh et